Press-relizlər

Türkiyə Respublikasının Vitse-prezidenti “ASAN xidmət”də


               16 sentyabr 2019-cu il tarixində Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət” mərkəzi ilə tanış olub.

                Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub, bu günədək 33 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

                Görüşdə Dövlət Agentliyi ilə Türkiyə Respublikası arasında uğurlu əməkdaşlıqdan bəhs olunub və “ASAN xidmət” modelinin Türkiyədə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

                Diqqətə çatdırılıb ki, cari ilin iyun ayında Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

                Həmçinin müvafiq Forum çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb. Türkiyə Respublikasının da tərəfdaş olduğu Assosiasiyasının yaradılması ilə dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspert, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.

                Qonaq, həmçinin “ABAD” publik hüquqi şəxs,  “ASAN Radio” və “ASAN Təlim-Tədris Mərkəzi”nin fəaliyyəti ilə tanış olub.


Tarix: 17-09-2019 09:36