Press-relizlər

“GəncLİK” proqramının açılış mərasimi keçirilib


8 oktyabr 2019-cu il tarixində Bakı Konqres Mərkəzində “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası)  Proqramının açılış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər  Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətinə xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizdə bu sahədə uğurlu dövlət siyasətinin təmin edildiyini diqqətə çatdırıb. Bildirilib ki, “GəncLİK” proqramı, o cümlədən müxtəlif istiqamətlərdəki digər layihələr gənclərin hərtərəfli inkişafını dəstəkləməklə onların yeni bilik və bacarıqlar əldə etməsinə imkan verir.

Gənclər  Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclər siyasətinin prioritet istiqamətlərdən olduğunu və ölkə başçısının bu sahəyə xüsusi diqqət ayırdığını qeyd edib.  Diqqətə çatdırılıb ki,  bu gün Azərbaycan gəncliyi ölkə prezidentinin qayğısı ilə tam əhatə olunub və  Dövlət Agentliyi ilə birgə həyata keçirilən “GəncLİK” proqramı gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardandır.

Daha sonra Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edib.

Həmçinin gənc liderlər -  Türkan Şahvələdli,  Sənan Cəfərov, Ülviyyə Bayramova  çıxış ediblər.

Tədbirdə gənc liderlərə dair videoçarx da nümayiş olunub və onlara iştirakçı paketləri təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

“GəncLİK” proqramı üçün daxil olan 1000 müraciətdən yalnız seçim meyarlarına uyğun gələn 321 gənc növbəti mərhələdə test imtahanında  iştirak şansı qazanıb. Test imtahanı, video müraciət və müsahibə mərhələlərini isə 30 gənc uğurla başa vuraraq “GəncLİK” Proqramında iştirak hüququ qazanıb.

Cari ilin oktyabr-dekabr aylarını əhatə edəcək Proqramın yekununda iştirakçıların inkişafının qiymətləndirilməsi aparılacaq. Sonra gənclər 2 ay ərzində profilə uyğun olaraq aparıcı şirkətlər, beynəlxalq təşkilatlarda və innovativ idarəetmə üsulları tətbiq edilən yerli qurumların rəhbər şəxslərinin yanında təcrübə keçəcəklər.


Tarix: 08-10-2019 14:29