Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Əfqanıstan nümayəndə heyəti “ASAN xidmət”də


Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “ASAN khedmat”in nümayəndə heyəti müxtəlif istiqamətlərdə təlimlərdə iştirak məqsədilə növbəti dəfə Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstanın müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində davam edən uğurlu əməkdaşlıqdan bəhs olunub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri, eləcə də əldə olunmuş yeni nailiyyətlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, “ASAN xidmət” bu günədək 36 milyondan çox vətəndaş müraciətini qeydə alıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaqlar Elektron Hökumətin İnkişafı Mərkəzi, ASAN Radio, ASAN Təlim-Tədris Mərkəzi, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Elektron hökumət sahəsində əldə olunmuş nailiyyətlər barədə  də qarşı tərəfə məlumat verilib.

Eyni zamanda işgüzar əməkdaşlığın davam etdirilməsi və təcrübə mübadiləsi məqsədi ilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri ilə görüşlər keçirilib.

Qonaqlar Dövlət Agentliyi tərəfindən onlar üçün təşkil olunan müxtəlif istiqamətli təlimlərdə iştirak ediblər.

2019-cu ilin yanvar ayında Əfqanıstanın paytaxtı Kabil şəhərində Azərbaycanın “ASAN xidmət” modeli əsasında ilk “ASAN khedmat” mərkəzi fəaliyyətə başlayıb.


Tarix: 29-01-2020 17:41