Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyinin sədri TİKA-nın koordinatoru ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycana yeni təyin olunmuş koordinatoru Fatih Yılmazla görüşüb.

Qonağı salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 47 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Görüş zamanı Dövlət Agentliyi ilə TİKA arasında davam edən uğurlu əməkdaşlıqdan və həyata keçirilən layihələrdən bəhs olunub. Dövlət Agentliyinin sədri TİKA tərəfindən göstərilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Eyni zamanda 2019-cu ildə Bakıda keçirilmiş BMT Dövlət Xidmətləri Forumu çərçivəsində  tərəflər arasında imzalanmış Niyyət Protokolunun implementasiyası çərçivəsində görülmüş işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.

Bundan əlavə “ASAN xidmət”in xarici ölkələrdə tətbiqi istiqamətində TİKA ilə birgə əməkdaşlığın vacibliyi vurğulanıb.

Həmçinin “YAŞAT Fondu” ilə birgə layihələrin icra olunması istiqamətində müzakirələr aparılıb.

Fatih Yılmaz Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirdiyini və müvafiq istiqamətlər üzrə davam edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Sonra qonaq “ASAN xidmət” mərkəzinin və “ASAN Radio”nun fəaliyyəti ilə tanış olub.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.


Tarix: 04-10-2021 11:05