Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev “Caspian European Club”un yanvarın 16-da təşkil etdiyi “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”dan məlumat verilib.

Məlumata görə, tədbirin əvvəlində “Cahan Tobacco International” şirkətinin və “Antaris” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndələri təqdimatlarla çıxış ediblər. Daha sonra agentliyin sədri Ülvi Mehdiyev çıxış edərək “ASAN xidmət” mərkəzlərinin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Agentliyin sədri bildirib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır. Ü.Mehdiyev Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərində hazırda 11 dövlət orqanı, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-ə yaxın xidmətin göstərildiyini qeyd edib.

Tədbir “Caspian European Club”un agentliklə əməkdaşlığın genişləndiriməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə agentlik arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. “CEO Lunch Baku”nun iştirakçıları, həmçinin onları maraqlandıran suallara cavab alıblar.

Biznes-forumda Ülvi Mehdiyevə “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Bununla yanaşı, klubun yeni və hazırkı üzvlərinə də sertifikatlar verilib.

Qeyd edək ki, sıralarında dünyanın 70 ölkəsindən beş mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Mənbə: www.azertag.az

Tarix: 16-01-2019 17:33