“ABAD” PUBLİK HÜQUQİ ŞƏXSİNİN NİZAMNAMƏSİ
Biznes-konsaltinq

ABAD publik hüquqi şəxsə üzv olan vətəndaşlara – ABADçılara qurum tərəfindən biznes-konsaltinq xidmətləri göstərilir. Bu xidmətlər ABADçının imkanlarının təhlili, bazarda onun istehsal edəcəyi məhsula olan tələbat, yeni satış bazarlarının müəyyənləşdirilməsi, ABADçının iştirakı ilə müxtəlif biznes-planların tərtibindən ibarətdir.

ABAD-a qoşulmuş ailə biznesi aldığı bu dəstək sahəsində öz kiçik təsərrüfatını müasir standartlara, biznesin tələblərinə əsasən qurur və gələcək dayanıqlı inkişafını təmin etmiş olur.
 
 Texniki dəstək

ABAD tərəfindən həyata keçirilən texniki dəstək publik hüquqi şəxsə qoşulmuş ailə təsərrüfatına onun istehsal imkanlarının artırılması, istehsal vasitələrinin təkmilləşdirilməsi, yeni məhsulların istehsalı üçün zəruri olan avadanlıqların verilməsindən ibarətdir.

ABADçı aldığı texniki dəstək sayəsində təsərrüfatını yenidən qurur, istehsal zamanı daha az itkiyə yol verir və əlbəttə ki, istehsal səmərəliliyini yüksəldir, məhsulun maya dəyərinin azalmasına nail olur.

Texniki dəstək həm “monoblok” adlandırılan konteynerlər, həm də bir sıra zəruri avadanlıqların ABADçıya təqdim edilməsi şəklində həyata keçirilə bilər.
 
Marketinq

ABAD-ın həyata keçirdiyi marketinq xidmətləri sayəsində publik hüquqi şəxsə qoşulmuş ailənin istehsal etdiyi məhsul bazarda daha çox satılan qablaşdırmada təqdim olunur. Məhsula uyğun müvafiq dizayn hazırlanır, ailə brendi formalaşdırılır.

Bazar araşdırması nəticəsində, ABADçının istehsal etdiyi məhsula bazarda olan tələbatın həcmi dəqiq müəyyənləşdirilir və bu, istehsalı planlı şəkildə quraraq, artıq məsrəflərdən yayınmağa imkan verir.
 
Maliyyə

ABADçıya göstəriləcək maliyyə xidmətləri əsasən, onun mühasibatlıq sisteminin qurulmasından ibarətdir. Əsas məqsədi ölkədə ailə bizneslərinin təşəkkül tapması olan ABAD bu sahədə əhalinin maliyyə mədəniyyətinin yüksəldilməsini də mühüm vəzifə hesab edir.

Mühasibat uçotunun əsaslarının yeni ABADçılara öyrədilməsi gələcəkdə onların öz bizneslərini müstəqil şəkildə idarə edə biləcəklərinə təminat vermiş olur.

 
Hüquqi xidmətlər

ABADçılar göstəriləcək hüquqi xidmətlər çərçivəsində sənədləşdirmə işlərinin düzgün aparılmasının qaydalarını öyrənmiş olurlar. Bu xidmətlər sahəsinin digər istiqaməti isə ABADçının fəaliyyətinin sertifikatlaşdırılmasıdır.

ABAD olaraq, publik hüquqi şəxs üzv ailələrə “bir pəncərə” sistemi vasitəsilə sertifikatlaşdırma xidmətlərini təmin edir.

 
Loqistika və satışın təşkili

ABADçının istehsal etdiyi məhsulların daşınması və satışının təşkili ABAD tərəfindən həyata keçirilir.

ABAD bazarda araşdırma apararaq, hansı məhsullara tələbat olduğunu öyrənir, daha sonra isə müvafiq satış mərkəzi ilə əlaqə quraraq, ABADçının istehsal edə biləcəyi həmin məhsulu təklif edir. Razılıq əldə olunduqdan sonra planlı şəkildə məhsul istehsalı başlayır və həmin məhsulun qablaşdırılması, yerli anbarlar və daha sonra satış nöqtələrinin anbarlarına daşınması ABAD tərəfindən həyata keçirilir.