Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN Radio” 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında test yayıma başlayıb. Məqsəd və hədəflərə söykənərək, obyektiv media təşkilatı formalaşdırmaq, xəbəri birinci mənbədən çatdırmaq və cəmiyyətin maariflənməsində aktiv iştirak etmək radionun missiyasıdır.

Cəmiyyəti “ASAN xidmət”in göstərdiyi xidmətlər və yeniliklər, həyata keçirilən layihələr haqqında məlumatlandırmaq radionun fəaliyyət istiqamətlərindən biridir. Efirdə milli musiqi üstünlük təşkil edəcək.

Dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olmaq, əhalinin sosial və hüquqi cəhətdən maariflənməsinə dəstək göstərmək radionun efir siyasətinin əsasını təşkil edir.

ASAN Radio-nun rəsmi internet səhifəsinə keçid: www.asanradio.az