Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında ƏSASNAMƏ-nin 3, 4 -cü hissələri

3. Dövlət Agentliyinin vəzifələri

 3.1. Dövlət Agentliyi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. mərkəzlərin fəaliyyətinin təşkilini, onların vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;

3.1.2. mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməsinə nəzarəti təmin etmək;

3.1.3. mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələr aparmaq;

3.1.4. mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsinə nəzarəti həyata keçirmək;

3.1.5. nəzarət və qiymətləndirmənin nəticələri barədə müvafiq arayış və hesabatlar hazırlamaq, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq orqanlara icrası məcburi olan tövsiyələr təqdim etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

3.1.6. mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün etik kursların təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsini təmin etmək;

3.1.7. vətəndaşlara xidmət göstərən vahid telefon nömrəsi ilə təchiz edilmiş “Çağrı” mərkəzini yaratmaq və onun fəaliyyətini təmin etmək;

3.1.7-1. mərkəzlərdə göstərilən xidmətlərin səyyar formada təşkilini həyata keçirmək;

3.1.7-2. Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərini vahid geyimlə təmin etmək;[1]

3.1.8. mərkəzlərin fəaliyyəti barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqatı təmin etmək;

3.1.9. beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq;

3.1.10. dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədi ilə aşağıdakıları həyata keçirir:

3.1.10.1. dövlət orqanlarının malik olduqları informasiya sistemləri ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı aidiyyəti orqanlarla birgə tədbirlər görmək;

3.1.10.2. elektron xidmətlərin göstərilməsi üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

3.1.10.3. dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;

3.1.10.4. elektron xidmətlərin göstərilməsi üzrə dövlət orqanlarına metodik və əməli köməklik göstərmək;

3.1.10.5. dövlət orqanlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək aidiyyəti dövlət orqanlarına məlumat göndərmək;

3.1.11. informasiya sistemləri, məlumat bazaları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə, onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy vermək;

3.1.12. dövlət orqanlarının informasiya sistemlərinin, elektron xidmətlərin və elektron xidmətlər reyestrinin yaradılması və onların fəaliyyətinin təhlükəsizliyi ilə bağlı tədbirlər görmək;

3.1.13. dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsi prosedurunun (tələb olunan sənədlər və müddətlərlə bağlı) sadələşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;

3.1.14. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyaları həmin saytda yerləşdirmək və onun daimi yeniləşdirilməsini təmin etmək;

3.1.15. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və müvafiq tədbirlər görmək;

3.1.16. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.17. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək;

3.1.18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.1.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.1.20. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar, mərkəzlərdə göstərilən xidmətlərə görə daxil olan vəsait və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.21. qanuna uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək.

 
4. Agentliyin hüquqları
 

4.1. Dövlət Agentliyi öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. mərkəzlərdə həyata keçirilən xidmətlərin qiymətləndirilməsi məqsədi ilə hər bir xidmət üzrə monitorinq aparmaq;

4.1.2. mərkəzlərdə fəaliyyət göstərəcək dövlət orqanları nümayəndələrinin təyinatı zamanı onların nəzakətlilik, məsuliyyət, ünsiyyət qurmaq və izah etmə bacarıqlarına dair aidiyyəti orqanlara rəy bildirmək və barəsində müsbət rəy bildirilməyən şəxslərin həmin mərkəzlərdə fəaliyyətinə icazə verməmək;

4.1.3. dövlət orqanlarının malik olduqları informasiya sistemlərinə çıxış əldə etmək, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədi ilə həmin orqanların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;

4.1.4. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;

4.1.5. vəzifələrinin icrası zamanı dövlət orqanlarından elektron xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışlar, hesabatlar almaq, müxtəlif sorğular göndərmək, həmçinin bilavasitə yerində baxış keçirmək;

4.1.6. dövlət orqanlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq informasiya sistemlərinin yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək və istismara qəbulunda bilavasitə iştirak etmək;

4.1.7. dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət orqanlarına təkliflər vermək və onların təmin edilməsinə nəzarət etmək;

4.1.8. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət orqanlarının təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək;

4.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.10. layihələrin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə əlaqədar təkliflər vermək, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada müsabiqə və tenderlər təşkil etmək;

4.1.11. fəaliyyət istiqamətlərinə aid olan məsələlərin tədqiqi və həlli üçün elmi tədqiqat və təcrübi-mühəndis işlərinin görülməsi, texniki ekspertizaların aparılması və məsləhət xidmətlərinin göstərilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada elmi-tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, onlarla müqavilələr bağlamaq, işçi qruplar, komissiyalar, elmi-texniki şura yaratmaq;

4.1.12. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün müvafiq beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq təşkilatları ilə işgüzar əlaqələr yaratmaq;

4.1.13. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.14. müvafiq sahə üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.15. fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlar keçirmək, habelə xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.16. qanunla nəzərdə tutulmuş hallarda müsabiqə keçirmək, müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək.