Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ.Kərimovun “29” dekabr 2014-cü il tarixli 9.1.9/E-05 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi haqqında

ƏSASNAMƏ

 

  1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Agentlik) İnformasiya təminatı şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra - Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılan Agentliyin Aparatının struktur bölməsidir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentliyin Əsasnaməsini, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyindəki qurumlarla əlaqəli həyata keçirir.

1.4. Şöbənin tərkibində “Çağrı” mərkəzi sektoru və İctimaiyyətlə əlaqələr sektoru fəaliyyət göstərir.

 

  1. Şöbənin fəaliyyət istiqamətləri

 

2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. vahid telefon nömrəsi (108) ilə təchiz edilmiş “Çağrı” mərkəzinin fəaliyyətini təmin edir;

2.1.2. Agentliyin Aparatının telekommunikasiya qovşağının operatoru funksiyasını həyata keçirir;

2.1.3. Agentliyin «www.asan.gov.az» rəsmi saytının “onlayn-əlaqə” bölümünə, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdə (Facebook, Twitter) “ASAN xidmət” mərkəzinin (bundan sonra – mərkəz) səhifələrinə daxil olan müraciətləri səlahiyyətləri çərçivəsində cavablandırır, şəxslərin onlayn növbə əldə etmələrini təmin edir;

2.1.4.  mərkəzlərdə çalışan dövlət orqanlarının əməkdaşları ilə şəxslər arasında fəaliyyətin əlaqələndirilməsində iştirak edir;

2.1.5. informasiya xidmətinin həyata keçirilməsində iştirak edir;

2.1.6. kütləvi informasiya vasitələri (bundan sonra – KİV) və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini, Agentliyin fəaliyyəti barədə təbliğat və təşviqatı həyata keçirir;

2.1.7. Agentliyin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, Agentliyin malik olduğu və siyahısı qanunla müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyaların internet saytında yerləşdirilməsini və onun daimi yenilənməsini təmin edir;

2.1.8. aidiyyəti üzrə daxil olan müraciətlərin cavablandırılmasını həyata keçirir;

2.1.9. “ASAN Radio”nun fəaliyyətini təmin edir.

 

  1. Şöbənin vəzifələri

 

3.1. Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.1.1. şəxslərin qəbulunu həyata keçirmək, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.2. şəxslərə xidmət göstərən vahid telefon nömrəsi (108) ilə təchiz edilmiş “Çağrı” mərkəzinə daxil olan zənglərin cavablandırılmasını həyata keçirmək;

3.1.3. Agentliyin rəsmi rabitə xətti vasitəsilə daxil olan zəngləri aidiyyəti struktur bölmələrə və ya şəxslərə yönləndirmək;

3.1.4. şəxslərin mərkəzlərə gəlmədən internet, telefon və ya video qəbul vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat alması, suallarının cavablandırılması, xidmət üçün növbə tutması, mərkəzlərin fəaliyyəti ilə bağlı təkliflərini bildirməsi üzrə informasiya xidmətini həyata keçirmək;

3.1.5. dövlət orqanlarının göstərdikləri elektron xidmətlər barədə şəxslərdən daxil olan irad və təklifləri Agentliyin aidiyyəti struktur bölməsinə göndərmək;

3.1.6. Şöbədə göstərilən xidmətlərin uçotunu aparmaq, şöbədaxili qiymətləndirməni həyata keçirmək və daxil olan müraciətlərlə bağlı dövri hesabatları hazırlayaraq aidiyyəti şöbəyə təqdim etmək;

3.1.7. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər hazırlamaq;

3.1.8.  Agentliyin və mərkəzlərin fəaliyyəti ilə bağlı əhalinin məlumatlandırılmasını və bu işin mütəmadi olaraq dövrü mətbuatda işıqlandırılmasını, KİV və ictimaiyyətlə qarşılıqlı əlaqələrin təşkil edilməsini, təbliğat vasitələrindən geniş istifadə olunmasını həyata keçirmək;

3.1.9. Agentliyin fəaliyyət istiqamətləri üzrə ölkə və xarici KİV nümayəndələri, ictimaiyyətlə görüşlər, seminarlar, mətbuat konfransları, brifinqlər və digər tədbirlər keçirilməsini təşkil etmək;

3.1.10. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;

3.1.11. Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.12. Şöbənin fəaliyyəti barədə Agentliyin sədrinə illik hesabat təqdim etmək;

3.1.13. Agentliyin sədri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

  1. Şöbənin hüquqları

 

4.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

4.1.2. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.1.3. fəaliyyət istiqamətləri üzrə hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.1.4. fəaliyyət istiqamətləri üzrə analitik materiallar hazırlamaq, təhlillər aparmaq, təkliflər vermək;

4.1.5. Agentliyin sədrinin tapşırığına əsasən dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;

4.1.6. Agentliyin, şöbənin və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.7. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, KİV, hüquqi və fiziki şəxslər qarşısında, habelə müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyin nümayəndəsi kimi iştirak etmək, hüquq və mənafelərini müdafiə etmək;

4.1.8. Agentliyin fəaliyyət istiqamətləri üzrə ictimaiyyətlə görüşlər, seminarlar, mətbuat konfransları, brifinqlər və digər tədbirlərin keçirilməsi ilə bağlı təkliflər vermək;

4.1.9. Agentliyin və mərkəzlərin fəaliyyəti barədə təbliğat və təşviqatı təmin etmək üçün xüsusi bülletenlər və digər nəşrlər buraxılması ilə bağlı təkliflər vermək;

4.1.10. vəzifələrinin yerinə yetirilməsi üçün lazımi informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı sorğuların verilməsini təklif etmək;

4.1.11. şöbənin əməkdaşlarının ixtisasının artırılması üçün təkliflər vermək;

4.1.12. Agentliyin, şöbənin və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

  1. “Çağrı” mərkəzi sektorunun funksiyaları

 

5.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

5.1.1. şəxslərə xidmət göstərən vahid telefon nömrəsi (108) ilə təchiz edilmiş “Çağrı” mərkəzinə daxil olan zənglərin cavablandırılmasını təşkil etmək;

5.1.2. Agentliyin rəsmi rabitə xətti vasitəsilə daxil olan zəngləri aidiyyəti struktur bölmələrinə və ya şəxslərə yönləndirilməsini təmin etmək;

5.1.3. şəxslərin mərkəzlərə gəlmədən internet, telefon və ya video qəbul vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat alması, suallarının cavablandırılması, xidmət üçün növbə tutması, mərkəzlərin fəaliyyəti ilə bağlı təkliflərini bildirməsi üzrə informasiya xidmətini həyata keçirməsini təmin etmək;

5.1.4. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək, səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu həyata keçirmək;

5.1.5. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

5.1.6. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

  1. İctimaiyyətlə əlaqələr sektorunun funksiyaları

 

6.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

6.1.1. Agentliyin fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi məqsədilə əhalinin məlumatlandırılmasını və bu işin mütəmadi olaraq dövrü mətbuatda işıqlandırılmasını, KİV və ictimaiyyətlə qarşılıqlı əlaqələrin təşkil edilməsini, təbliğat vasitələrindən geniş istifadə olunmasını həyata keçirmək;

6.1.2. müvafiq yerli və beynəlxalq KİV-də yayımlanan materialların gündəlik monitorinqlərinin aparılmasını və bu barədə Agentliyin rəhbərliyinə məlumat verilməsini təmin etmək;

6.1.3. Agentliyin mətbu orqanların kağız və elektron nəşrlərinə abunə yazılması işini, həmçinin Agentliyin fəaliyyətinə dair mətbuat materiallarının (qəzet, jurnal, foto, səs və video materialların) arxivini təşkil etmək;

6.1.4. Agentliyin və mərkəzlərin fəaliyyəti barədə KİV və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqatı, internet saytının yenilənməsini, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyaları həmin saytda yerləşdirmək və onun daimi yenilənməsini təmin etmək;

6.1.5. Agentliyin tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil etmək;

6.1.6. “ASAN Radio”nun fəaliyyətini təşkil etmək;

6.1.7. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək, səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu həyata keçirmək;

6.1.8. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

6.1.9. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

  1. Şöbənin fəaliyyətinin təşkili

 

7.1. Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

7.2. Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.3. Şöbə müdiri:

7.3.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

7.3.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

7.3.3. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir;

7.3.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

7.3.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən və mərkəzlərdən zəruri məlumat və sənədləri alır;

7.3.6. Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

7.3.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını təşkil edir.

7.4. Şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı şöbə müdirinin təqdimatı əsasında Agentliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir.

7.5. Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən eyni zamanda “Çağrı” mərkəzi sektoruna rəhbərlik edən müavini vardır.

7.6. Şöbə müdirinin müavini - sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.7. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini - sektor müdiri həyata keçirir.

7.8. Şöbənin İctimaiyyətlə əlaqələr sektoruna Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.

7.9. Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

7.10. Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

7.11. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.