Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, ilk dəfə bu mərkəzdə “ASAN ECO oturacaq”lar quraşdırılıb. Bunların hər biri ASAN loqosu formasında olan günəş panelləri ilə təchiz olunub. Qurğuya yerləşdirilmiş modem vasitəsilə isə internetdən pulsuz yararlanmaq imkanı var.

5 saylı “ASAN xidmət” mərkəzinin ikimərtəbəli binasında ən yüksək standartlar tətbiq olunub.

Prezident İlham Əliyev yeni xidməti işə saldı.

Mərkəzdə müasir müstəqil Azərbaycanın banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizdə idmana qayğısını əks etdirən fotoguşə də yaradılıb.

Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və korrupsiya hallarını aradan qaldırır. 2012-ci ilin iyul ayının 13-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə bu sahədə mühüm islahata imza atıldı. Həmin ilin dekabrında isə Bakıda pilot layihə olan 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı. Sonra paytaxtın bir neçə rayonunda da “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Bu proses regionları da əhatə etdi. Hazırda ölkə üzrə 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxtda, 4-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. İndi isə Bakı şəhər 5 saylı “ASAN” xidmət mərkəzi də fəaliyyətə hazırdır. Bu mərkəz paytaxtda qeydiyyatda olan sakinlərə xidmət göstərəcək.

Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 30 növ funksional yardımçı xidmətlər təşkil edilib. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib. “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Fəaliyyətə başladığı gündən “ASAN xidmət” mərkəzlərinə 5 milyon 500 minədək vətəndaş müraciəti qeydə alınıb. Gün ərzində “ASAN xidmət” mərkəzlərinə 15-16 min vətəndaş müraciət edir. 2013-cü ildən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədi ilə xüsusi avtobuslar vasitəsilə səyyar xidmətlər göstərilir. Bu günədək 200 minədək vətəndaş bu xidmətdən yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan 500-dək əlil vətəndaşa xidmətlər ödənişsiz həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədi ilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.

Vətəndaşların “ASAN xidmət” mərkəzlərinə müraciəti, eyni zamanda, Çağrı Mərkəzi və sosial şəbəkələr vasitəsilə həyata keçirilir. 2013-cü il fevralın 1-dən fəaliyyətdə olan Çağrı Mərkəzində 594 min 103 zəng qeydə alınıb. Gündəlik zənglərin sayı 1000-1500-dür. Bundan əlavə, sosial şəbəkələr vasitəsilə 150 mindən çox müraciət qəbul edilib. Bu günədək xidmət mərkəzlərində keçirilmiş 43 dövri rəy sorğusuna əsasən vətəndaşların “ASAN xidmət”lərdən məmnunluğu 98-100 faiz arasında dəyişir. “ASAN xidmət” mərkəzlərində insan resursları və təlimlərə xüsusi önəm verilir.

Hazırda Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində 1600-ə yaxın əməkdaş çalışır. Bu günədək Dövlət Agentliyi tərəfindən mərkəzlərdə işləyən bütün əməkdaşlara 675 təlim keçirilib. Mərkəzlərdə çalışan könüllülərlə bağlı da bir sıra mühüm işlər görülüb. Ümumilikdə agentlik və “ASAN xidmət” mərkəzlərində indiyə qədər 4500 nəfərədək şəxs könüllülük fəaliyyətinə cəlb olunub. Hazırda 600-dək könüllü mərkəzlərdə fəaliyyətini davam etdirir. 2013-cü ilin dekabrın 19-da “ASAN xidmət” könüllülərinin Birinci Qurultayı reallaşıb. 2014-cü ilin dekabrın 16-da isə Prezident İlham Əliyevin iştirakı ilə ASAN könüllülərinin I Ümumrespublika Forumu keçirilib. Məzun könüllülərin işlə təmin edilməsinə dəstək məqsədi ilə “ASAN kadr” portalı yaradılıb. Fəaliyyətini başa vuran 600 nəfərə yaxın könüllü müxtəlif təşkilatlar tərəfindən işə götürülüb. Onlardan 142-si “ASAN” mərkəzlərdə çalışır.

Prezident İlham Əliyev mərkəzin birinci mərtəbəsində yeni layihələrə baxdı.

Bildirildi ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Artıq “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi xüsusi təqdim olunur. Azərbaycan brendi olan “ASAN xidmət” “Dövlət xidmətlərinin çatdırılmasının yaxşılaşdırılması” kateqoriyasında 2015-ci il dövlət xidmətləri sahəsində BMT Mükafatının birinci yer üzrə qalibi seçilib. Bu faktın özü bir daha təsdiqləyir ki, “ASAN xidmət”ə dünyada böyük maraq var. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar. Geniş beynəlxalq marağın nəticəsidir ki, 2014-cü ildən başlayaraq Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinə beynəlxalq səviyyəli uyğunluq sertifikatları verilib.

Dövlətimizin başçısına Masallıda “ASAN həyat” kompleksinin tikintisi, həmçinin Qubada “ASAN həyat” kompleksinin konseptual həlli və 2016-cı ildə tikiləcək regional “ASAN xidmət” mərkəzləri barədə də ətraflı məlumat verildi. Qeyd edildi ki, bu mərkəzlərdə də ən yüksək standartlar tətbiq olunacaq.

Prezident İlham Əliyev “ASAN sorğu” robotunun fəaliyyəti ilə də tanış oldu. Bu robot Çağrı Mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq, vətəndaşın sorğu və müraciətinin qəbul olunmasını təmin edir. Robotdan, həmçinin videokonfransların keçirilməsi və videodanışıqların aparılması zamanı da istifadə olunur.

Artıq “ASAN FM” layihəsi də hazırlanır və yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Radio dövlət xidmətləri sahəsində ixtisaslaşmış yeganə radio olacaq. Məqsəd daha geniş auditoriyaya çıxış, onların düzgün və operativ məlumatlandırılmasıdır.

Dövlətimizin başçısına “İdeya bankı” barədə də ətraflı məlumat verildi. Bu, vətəndaşları “ASAN xidmət” mərkəzlərinin və müxtəlif dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və dövlət xidmətlərinin təqdim edilməsi prosesinə cəlb etmək və onların ideyalarından istifadə məqsədilə hazırlanmış internet portaldır. Vətəndaşlar bu portalda şəxsi kabinet yaratmaqla, müxtəlif dövlət orqanlarının fəaliyyətinə dair öz ideya və təkliflərini göndərə bilərlər. Toplanılan ideyalar qiymətləndirilir və qalib ideyaların reallaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu günə qədər “İdeya bankı”na 1765-dən çox ideya daxil olub. Fərqlənən ideyalar müvafiq tədbirlər planına daxil edilib və bunlardan 194-ü artıq reallaşdırılıb.

Prezident İlham Əliyev istifadə edilən çap vərəqi üzərindəki yazıların silinərək yenidən istifadə olunmasını həyata keçirən printerə də baxdı. Bu printer istifadə edilən kağızların üzərindəki yazıları silərək yenidən çap etmə funksiyasına malikdir. Çap zamanı adi kağızdan istifadə olunur. Ekoloji cəhətdən daha sağlam və qənaətcil olan bu qurğu vasitəsilə bir çap vərəqindən 8 dəfə istifadə etmək mümkündür.

Onu da qeyd edək ki, 5 saylı “ASAN xidmət” mərkəzinin yerləşdiyi ərazidə 150 yerlik avtomobil dayanacağı da yaradılıb və buradakı yerüstü keçid piyadaların təhlükəsiz hərəkətini təmin edir.

Mənbə: prezident.az