2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” mərkəzləri şəbəkəsinin genişləndirilməsi, xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında davamlı təşkili ilə bağlı məqsədyönlü işlər görülmüşdür.

İl ərzində 2 yeni “ASAN xidmət” mərkəzinin açılışı həyata keçirilməklə ümumilikdə 9 mərkəzin vahid standartlar çərçivəsində idarə olunması təmin edilmiş, 11 dövlət orqanından 695 nümayəndənin, digər funksional yardımçı xidmətləri göstərən  22 qurumun 495 işçisinin və 359 mərkəz əməkdaşının, həmçinin mərkəzlərin fəaliyyətinin təşkili və idarə edilməsini həyata keçirən Dövlət Agentliyinin Aparatının 159 əməkdaşının birgə fəaliyyəti nəticəsində vətəndaşlara yüksək səviyyəli xidmət göstərilmişdir.

2015-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 12 mart tarixində Bərdə regional “ASAN xidmət” mərkəzinin, 14 iyul tarixində isə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı həyata keçirilmişdir. Bununla da mərkəzlərin sayı və əhatə dairəsi artırılmış və hazırda 9 mərkəz vətəndaşlara xidmət göstərilməsi üçün bütün imkanlar ilə təmin olunmuşdur.

Mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə, əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl olunmasına daim nəzarət edilmiş, hər bir xidmətin qanunauyğun göstərilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələr aparılmış, nöqsan və şikayətlərin aradan qaldırılması üçün mütəmadi tədbirlər görülmüş və bu istiqamətdə vətəndaşların məmnunluq əmsalı (99,4%) daim yüksək səviyyədə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust və 19 oktyabr tarixli Fərmanları ilə “ASAN xidmət” mərkəzlərində göstəriləcək xidmətlərin sayı artırılmış, əlavə olaraq müəyyən edilən 3 xidmətin (yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi) göstərilməsi üzrə Dövlət Agentliyi tərəfindən zəruri tədbirlər görülmüşdür. Mərkəzlərdə vətəndaşlara təqdim edilən funksional yardımçı xidmətlərin də sayı artırılaraq 140-ı keçmişdir.

Hesabat dövrü ərzində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə əlaqədar ərazi məhdudiyyəti aradan qaldırılmış və “ASAN xidmət” mərkəzlərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti qeydiyyat yerindən asılı olmayaraq ölkə üzrə bütün vətəndaşlara göstərilməyə başlanmışdır. Gələcəkdə bu imkanın bütün xidmətlərə şamil edilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir.  

Növbəti ildə respublikamızın bölgələrində (Qəbələ və Masallı rayonlarında) daha 2 regional “ASAN xidmət” mərkəzinin açılması nəzərdə tutulur və bununla bağlı intensiv işlər həyata keçirilir.

Hesabat dövründə ümumilikdə mərkəzlərə 3.572.199 müraciət olunmuş və onlardan 3.386.182 müraciət xidmətlə təmin edilmişdir.

2015-ci ilin yekunlarına əsasən “Çağrı” mərkəzində 406.978 müraciət cavablandırılmışdır ki, bunlardan 318.303-ü “108” qısa zəng (qaynar xətt), 59.576-ı sosial şəbəkələr, 26.968-i onlayn əlaqə, 2,093-ü elektron poçt, 38-i isə müraciət köşkü (video qəbul) vasitəsi ilə qəbul edilmişdir.

Hesabat ilində səyyar xidmət avtobuslarının sayı artırılaraq 10 ədədə çatdırılmışdır. Səyyar avtobuslarda 5 orqanın nümayəndəsi 8 növ xidməti həyata keçirmişdir. Hesabat dövründə mobil “ASAN xidmət” avtobusları vasitəsilə Bakı şəhəri və onun qəsəbələrində, Abşeron rayonunun qəsəbə və kəndlərində, eləcə də respublikanın 49 rayonu da daxil olmaqla, ümumilikdə 56 rayonun 88 məntəqəsində əhaliyə səyyar formada xidmət göstərilmişdir. Təşkil edilən yeni imkanlar müraciət sayının artmasına və daha çox şəxsin mərkəzlərin xidmətlərindən faydalanmasına səbəb olmuşdur.

2015-ci il ərzində mobil “ASAN xidmət” vasitəsilə qeydə alınmış 257.919 vətəndaş müraciətindən 252.350 vətəndaş xidmətlə təmin edilmişdir. Bakı şəhərində həyata keçirilən səyyar xidmət üzrə 1946 vətəndaş müraciətinə baxılmışdır. Onlardan 282-si kənardan qulluğa ehtiyacı olan əlillər, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 1662-si isə digər vətəndaşlar olmuşdur.

 

 

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə

 

Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi və  dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi istiqamətində Dövlət Agentliyi və mərkəzlərin fəaliyyəti barədə il ərzində kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqat işi davam etdirilmişdir. Dövlət Agentliyinin və mərkəzlərin fəaliyyəti ilə bağlı KİV-də 13.000-dən çox yazılı, 1.000-ə yaxın video məlumat  yayımlanmış, mütəmadi olaraq xüsusi proqramlar hazırlanmış, 200-ə yaxın press-reliz göndərilmiş, təşkil edilmiş 50-dən çox tədbirin hər birində 15-ə yaxın KİV nümayəndəsinin iştirakı təmin olunmuşdur.

2014-ci ilin may ayından etibarən 107.7 fm dalğasında yayımlanan “ASAN xidmət” və AvtoFm-in birgə layihəsi olan “ ASAN cavab” verilişi bu il də davam etdirilmiş və hər həftənin çərşənbə axşamı və cümə axşamı 2 saat davam edən verilişdə vətəndaşların “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı bütün müraciətləri cavablandırılmışdır.

Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar tədbirlər planına uyğun olaraq AzTV və İTV-nin səhər verilişləri proqramında ayda 1 dəfə olmaqla, həmçinin AzTV-nin “Günün Nəbzi”, “Həftə Sonu”,  ANS TV-nin “Hesab vaxtı”, “Hesabat”,  İTV- nin “Diqqət mərkəzində”, “Ortaq Məxrəc”, Lider TV-nin “Səda 24”,  ATV-nin “Həftə Sonu”, APA TV-nin “Sosium”, Region TV-nin “Elmanla gəzək görək”, “İctimai rəy”, Mədəniyyət TV- nin “Zaman və məkan” və bir çox regional, onlayn TV-lərin xəbər və ictimai-siyasi buraxılışlarında, verilişlərində mütəmadi olaraq xüsusi proqramlar hazırlanmışdır.

Azərbaycan Respublikasının regionlarında və Bakı şəhəri üzrə, həmçinin, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yekunlaşması ilə əlaqədar olaraq həyata keçirilən Səyyar “ASAN xidmət”in fəaliyyətinə dair Rusiyanın “Mir” kanalı, Ekonomist və Autograph jurnalında xüsusi reportajlar yayımlanmışdır. Bundan başqa səyyar xidmətlərlə bağlı KİV və ictimaiyyət nümayəndələri ilə mütəmadi qaydada görüşlər keçirilmış və bu fəaliyyətin müfəssəl qaydada işıqlandırılması üçün zəruri tədbirlər görülmüşdür.

"ASAN xidmət"də 7 milyon vətəndaş müraciətinin qeydə alınması, həyata keçirilmiş sosial aksiyalarla bağlı, yeni “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əlavə edilmiş yeni xidmətlərin icrası, mərkəzlərin əhatə dairəsinin genişlənməsi və s. tədbirlərlə bağlı KİV nümayəndələrinə dolğun informasiyalar verilmış, müsahibə, mətbuat konfransları və ictimaiyyət nümayəndələri ilə mütəmadi görüşlər keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən dövlət xidmətləri, o cümlədən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər haqqında maarifləndirici məlumatların mütəmadi qaydada ictimaiyyətə çatdırılması məqsədi ilə “ASAN radio” yaradılması hazırlıqlarına başlanılmışdır. 2015-ci il sentyabrın 8-də Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən “ASAN radio”nun 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. 24 dekabr tarixindən etibarən isə “ASAN radio” 100 MHs tezliyində test yayıma başlamışdır.

2015-ci il üzrə Dövlət Agentliyinin ictimai əhəmiyyət kəsb edən layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələri cəlb edilmiş və ictimai dinləmələr həyata keçirilmişdir.

Dövlət Agentliyinin və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar, müxtəlif sosial məsuliyyət yönümlü aksiyalar, tədbirlər tərəfdaş qurumlarla birgə keçirilmişdir. Keçirilən sosial məsuliyyət yönümlü aksiyalara müxtəlif qeyri hökumət təşkilatları, o cümlədən, gənclər təşkilatları cəlb olunmuşdur. Qeyd edilən tədbirlər aşağıdakılardır:

- 18 mart - Dövlət Agentliyi, IDEA İctimai Birliyinin  birgə təşkilatçılığı ilə  kağız tullantılarının toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi;

- 9 may - Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir;

 - 16 May - Beynəlxalq Muğam Mərkəzində ASAN könüllülərinin təşəbbüsü ilə hazırlanan klip, “İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnının və klipin təqdimat mərasimi;

- 31 may – “Ümumdünya Tütünsüz Günü” ilə əlaqədar ASAN Könüllülərinin təşəbbüsü, “ADA Anti-Smoking Club”, “Sağlam Ailə” Tibb mərkəzi və Akademik Zərifə Əliyeva adına liseyin təşkilati dəstəyi ilə “Tütünsüz Həyat, Sağlam Gələcəyə Təminat” sosial layihəsi çərçivəsində Bakı şəhərində yerləşən 5 məktəbdə keçirilən təlimlər;

- 2 iyun - “ASAN xidmət” və Milli Aviasiya Akademiyası ilə birgə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Mülki Aviasiya gününə həsr olunmuş tədbirin keçirilməsi, Milli Aviasiya Akademiyasının müdavimləri tərəfindən hazırlanan aviasiya üzrə modellərdən ibarət sərgi;

 

  - YARAT! Müasir İncəsənət Məkanın rəssamları tərəfindən hazırlanmış xüsusi kompozisiyaların “ASAN xidmət” mərkəzlərində mütəmadi qaydada yerləşdirilməsi;

- 2 oktyabr - “ASAN xidmət”, “ASAN Könüllüləri” Gənclər Təşkilatı və "BakuBus” MMC ilə birgə “Nəqliyyat bələdçisi” adlı layihə;

- 6 oktyabr - IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə Sumqayıt, 6 noyabr tarixində Sabirabad regional “ASAN xidmət” mərkəzində kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıldağ” sosial aksiyası;

- 26 noyabr - Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərinin binası daxilində “Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi.

 

Elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində Hesabat ili ərzində elektron xidmətlərin təşkilinin və göstərilməsinin qiymətləndirilməsi tədbirləri çərçivəsində 39 mərkəzi icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən 438 elektron xidmət qiymətləndirilmişdir. Bu zaman hər bir xidmət “Elektronlaşma və əlaqəlilik səviyyəsi”, “İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi” və “İstifadə rahatlığı səviyyəsi” meyarları üzrə təhlil edilmişdir.

Elektron xidmətlərin təşkili və həyata keçirilməsi ilə bağlı mövcud vəziyyətə dair hər bir dövlət orqanı üzrə rəy hazırlanmış, müvafiq çatışmazlıqlar qeyd olunmuş və hər bir orqana çatışmazlıqların aradan qaldırılması və xidmətlərin daha keyfiyyətli təşkili ilə bağlı təkliflər verilmişdir.

Hesabat ilində elektron xidmətlərin təşkili və göstərilməsinin qiymətləndirilməsi və qiymətləndirmənin nəticələrinə dair İşçi Qrupunun Arayışının hazırlanması xüsusi proqram təminatı üzərindən aparılmışdır.

İnformasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) səmərəlilik baxımından rəy verilməsi mütəmadi olaraq təmin edilmişdir. Elektron xidmətin həyata keçirilməsinin inzibati prosedurunun müəyyənləşdirilməsi ilə bağlı dövlət orqanlarından daxil olmuş 21 inzibati reqlamentə baxılmış və rəy verilmişdir.

Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsinin 4, Vergilər Nazirliyinin 4, İqtisadiyyat Nazirliyinin 2, Ədliyyə Nazirliyinin 2, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin isə 2 yeni elektron xidməti ilə bağlı layihələrə müvafiq rəylər verilmişdir.  

Hesabat ilində Dövlət Agentliyi tərəfindən “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”nin fəaliyyətinin təşkilinin qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirmə çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  əmək müqavilələri bildirişi üzrə sistem və tətbiqi proqram təminatının işləmə vəziyyəti, şəbəkənin cari vəziyyəti, məlumat bazaları və məlumat arxivlərinə dair tələblərə riayət olunma səviyyəsi, habelə təhlükəsizlik, fövqəladə hallar zamanı və nəticəsinin aradan qaldırılması üçün görülən tədbirlər və digər əlaqəli məlumatların toplanılması, sistemləşdirilməsi və təhlili istiqamətində işlər aparılmışdır. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin məlumat bazasının, biznes proseslərin, proqram təminatının qiymətləndirməsi aparılmış, yerində baxış keçirilmiş və toplanılmış məlumatlar üzrə yekun Hesabat hazırlanaraq təqdim olunmuşdur.

Eyni zamanda 2015-ci ilin sonuncu rübündə Dövlət Agentliyi tərəfindən “Əhalinin dövlət reyestri” informasiya ehtiyatının, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış Sistemi"nin, “Ünvan Reyestri” informasiya sisteminin, habelə Dövlət Agentliyinin daxili informasiya sistemlərinin fəaliyyətinin təşkilinin qiymətləndirilməsinə başlanılmışdır. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi istiqamətində maarifləndirici materialların nəşri və əhali arasında ödənişsiz paylanması və məlumatlandırmanın daha müfəssəl qaydada təmin edilməsi məqsədi ilə 3 dəfə yeni dizaynda çap məhsulları (buklet, kitabça, qovluq və s) hazırlanmışdır,  www.asan.gov.az internet səhifəsi dizayn və tərtibat baxımından yenilənmiş və “ASAN xidmət”in korporativ qaydalar toplusu olan “Brendhistory” hazırlanmışdır.

Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olaraq məlumatlılığın artırılması üçün azərbaycan və ingilis dillərində “ASAN jurnal”ın növbəti sayları və ASAN modelinin həm ölkə daxilində, həm də ölkə xaricində effektiv tanıtımı məqsədilə ingilis dilində jurnalın xüsusi buraxılışı nəşr olunmuşdur.

 

 

 

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə

 

Agentlikdə ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində hesabat ilində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində vətəndaşların qəbulu Qaydaları”na əsasən Dövlət Agentliyinin Aparatında rəhbər vəzifəli şəxs tərəfindən 6 vətəndaş qəbul edilmişdir. ”ASAN xidmət” mərkəzlərində isə ümümilikdə rəhbərlik tərəfindən 1168 vətəndaş qəbul edilmişdir. Mərkəzlərdə qəbul Qaydalarla müəyyən edilmiş prosedura uyğun aparılmış, hər bir qəbul qeydiyyata alınmış və rəsmiləşdirilmişdir. Şifahi dinləmə və problemlərin yerindəcə həll edilməsi ilə yanaşı qanunvericiliyə uyğun olaraq müraciətlər qeydiyyata alınmış və cavablandırılmışdır.

 

Etik davranış qaydalarının təkmilləşdirilməsi və maraqların toqquşmasının qarşısının alınması istiqamətində Dövlət Agentliyində 2015-ci il ərzində ümumilikdə 292  təlim  keçirilmiş və 4280  əməkdaş və könüllü bu təlimlərdə iştirak  etmişdir. Dövlət Agentliyində hesabat ilində “Etik davranış vətəndaş məmnunluğunun əsas şərtlərindən biri kimi”, “Stresli hallardan düzgün müdafiə vasitələri və texnikaları”, “Səmərəli xidmətdə sosial həsasslığın və kütlə psixologiyasının rolu”, “Münaqişəli halların idarə olunması”, “Stressin idarə edilməsi”, “Etik davranışın, emosional stabiliyin və ünsiyyət bacarıqlarının səmərəli xidmətdə rolu” və digər mövzularda 176 təlim keçirilmişdir. Etik davranış məsələləri ilə bağlı hazırlanmış illik hesabat aidiyyəti üzrə nəzarət orqanına təqdim edilmişdir.

Bundan əlavə Dövlət Agentliyində əməkdaşlara “Biliklərin artırılmasına yönələn təlimlər” mövzusunda 116 təlim keçirilmişdir. Bu təlimlərin məqsədi əməkdaşların peşə qabiliyyətlərinin artırılması, qanunvericiliyə dair biliklərin təkmilləşdirilməsi olmuşdur.

2015-ci ildə vətəndaş məmnunluğu səviyyəsi əsas alınaraq göstərilən fəaliyyətin daim təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Mərkəzlərdə göstərilən xidmətlər üzrə vətəndaşların məmnunluq səviyyəsini müəyyən etmək üçün mütəmadi olaraq keçirilən rəy sorğuları 2015-ci il üzrə də Tədbirlər Planında nəzərə tutulmuş qaydada (ümumilikdə 30 dövri rəy sorğusu)  1, 2, 3, 4 saylı Bakı, Sumqayıt, Gəncə və Sabirabad “ASAN xidmət” mərkəzlərinin hər birində 4, Bərdə “ASAN xidmət” mərkəzində 2 dövri rəy sorğusu formasında keçirilmişdir. Ümumilikdə hesabat ilində rəyi öyrənilən vətəndaşların 99,4%-i göstərilən xidmətlərin səviyyəsindən razı qaldıqlarını bildirmişlər.

2015-ci il avqust – dekabr aylarında “ASAN xidmət” mərkəzlərində xidmətin keyfiyyəti, texniki səviyyəsi və s. meyarlar üzrə  monitorinq planında nəzərdə tutulmuş qaydada kompleks şəkildə 30 monitorinq aparılmış, həmçinin bir sıra müxtəlif gizli yoxlama (“mystery shopping”) tədbirləri həyata keçirilmişdir. 08.08.2015 - 11.12.2015-ci il tarixləri arasında 1, 2, 3, 4, 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində, Sumqayıt “ASAN xidmət” mərkəzində xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün hər birində 25, Səyyar “ASAN xidmət”də isə 15 olmaqla ümumilikdə 165 (“mystery shopping”) tədbiri həyata keçirilmişdir.

2015-ci il ərzində həyata keçirilən nəzarət və müşahidə tədbirləri nəticəsində xidmətin təşkili və davranış qaydalarına əməl etməmə (iş vaxtı rejiminə əməl etməmə, xidmət zamanı telefonla danışma, geyim qaydalarını pozma və s.), xidmətin keyfiyyəti (operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əməl etməmə, qanuni tələblərin yerinə yetirilməməsi) və normativ hüquqi aktların tələblərinə riayət olunmaması (əlavə sənəd tələb etmə, xidmət barədə tam, dolğun məlumat verməmə və s.) ilə bağlı nöqsan hallarının qeydiyyatı aparılmışdır.

Qeyd edilən nöqsanlar təhlil edilərək gələcəkdə belə halların baş verməməsi üçün əməkdaşlar və onların bilavasitə rəhbərləri ilə müvafiq söhbətlər aparılmış, onlara şifahi xəbərdarlıqlar edilmiş, bununla əlaqədar bir çox əməkdaş təlimlərə cəlb edilmiş, həmçinin işçi qaydasında digər zəruri tədbirlər görülmüşdür.

Ümumilikdə mərkəzlərdə orqan əməkdaşları barəsində nəzarət və qiymətləndirmə qaydalarına uyğun olaraq 875 yazılı xəbərdarlıq, 413 bildiriş tərtib olunmuşdur.

2015-ci il ərzində 9 “ASAN xidmət” mərkəzinin hər birində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmə mərkəzlər tərəfindən fərdi qaydada (hər bir əməkdaş üzrə) və xidmət üzrə aparılmışdır. Fərdi qaydada qiymətləndirmə zamanı dövlət orqanı əməkdaşının nümunəvi xidmətinin əks olunduğu hallar da nəzərə alınmışdır.

 

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində hesabat ilinin 21–22 may tarixlərində “Parlamentarilərin  Korrupsiya Əleyhinə Qlobal Təşkilatı” (GOPAC) tərəfindən Serbiyanın Belqrad şəhərində “Effektiv nəzarət üçün şəffaflıq və cavabdehlik: GOPAC-ın Milli bölmələri” mövzusunda təşkil edilmiş beynəlxalq konfransda Dövlət Agentliyinin nümayəndə heyəti iştirak etmiş və “Azərbaycanda korrupsiya ilə mübarizə üzrə həyata keçirilən tədbirlər: ASAN təcrübəsi” mövzusunda geniş təqdimatla çıxış edilmişdir.

Hesabat ilinin 4-5 noyabr tarixlərində Dövlət Agentliyinin nümayəndəsi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasının Tərəf Dövlətlərinin Konfransının 6-cı sessiyasında iştirak etmişdir. Sessiya çərçivəsində korrupsiyaya qarşı mübarizədə Azərbaycanın nailiyyətlərinə həsr edilmiş xüsusi iclasda Dövlət Agentliyinin nümayəndəsi dövlət idarəçiliyi sahəsində Azərbaycanda aparılmış islahatların nəticəsində yaradılmış “ASAN xidmət”in konseptual əsasları, təcrübəsi, uğurları və vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində aparılan fəaliyyət barədə geniş təqdimatla çıxış etmişdir. Sessiya zamanı həmçinin Dövlət Agentliyinin bilavasitə iştirakı ilə hazırlanmış və Azərbaycanın nümayəndə heyəti tərəfindən irəli sürülmüş “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi ilə şəffaf, məsuliyyətli və səmərəli dövlət xidmətlərinin göstərilməsinin təşviq edilməsi vasitəsilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə yekdilliklə qəbul edilmişdir.

Hesabat ilinin 26-27 may tarixlərində “Dentons” hüquq şirkətinin Bakı ofisi, Beynəlxalq Maliyyə Korporasiyası və Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “İdarəçilik, korrupsiya ilə mübarizə və “ASAN xidmət”-in fəaliyyəti” mövzusunda təlim keçirilmişdir. Dövlət qurumları və özəl şirkətlərin 30-dan çox nümayəndəsinin qatıldığı təlimdə qeyd edilən mövzular üzrə iştirakçılara zəruri biliklər və mövcud təcrübələr barədə məlumatlar çatdırılmış, Dövlət Agentliyinin müvafiq şöbələrinin nümayəndələri tərəfindən “ASAN xidmət”in fəaliyyətinin müxtəlif aspektlərində korporativ idarəetmənin və standartların tətbiqinə dair təqdimatlar edilmişdir. Sonda təlim iştirakçılarına “Dentons” hüquq şirkəti, Beynəlxalq Maliyyə Korporasiyası və Dövlət Agentliyi tərəfindən birgə imzalanmış sertifikatlar təqdim edilmişdir.

 

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə istiqamətində 2015-ci il ərzində mütəmadi olaraq Dövlət Agentliyinin fəaliyyəti ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərlə bağlı televiziya və radio proqramlarında çıxışlar edilir, “ASAN xidmət” mərkəzlərində korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımlar qeyd edilir.

Dövlət Agentliyi tərəfindən dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmini məqsədi ilə təbliğat işi və vətəndaşların məlumatlandırılması mütəmadi davam etdirilir. Bu istiqamətdə hesabat ilində “ASAN xidmət”-in Facebook (https://www.facebook.com/asanxidmat)  sosial şəbəkəsindəki səhifəsində 400-dək məlumat postu yerləşdirilmişdir. Səhifənin 345 000-dən çox izləyicisi var. Bu postlara gün ərzində daxil olan ortalama şərhlərin sayı 212 və ortalama bəyənmənin sayı isə 2155 olmuşdur.

Dövlət Agentliyinin  Facebook sosial şəbəkəsindəki səhifəsinin https://www.facebook.com/pages/VətəndaşlaraXidmətvəSosialİnnovasiyalarüzrəAgentliyi/1582574015315640?sk=info&tab=page_info)  5500-dən çox izləyicisi var. Səhifəyə 100-ə yaxın məlumat postu yerləşdirilmiş və yerləşdirilmiş postlarda ortalama bəyənmənin sayı isə 200 olmuşdur.

“ASAN xidmət”-in Twitter səhifəsində (https://twitter.com/asanxidmat)  100-dən çox tweet yerləşdirilmişdir. Bu tweetlərdən çoxu foto və video informasiyadır. Twitter səhifəsinin 3000-ə yaxın izləyicisi var.

“ASAN xidmət”-in instagram səhifəsində (http://instagram.com/asanxidmat) 150-dən çox post yerləşdirilmişdir. Ümumi izləyicilərin sayı 7000-ə yaxındır. Hesabat ilində İnstagram sosial şəbəkəsində  #asanxidmet haştaqı ilə 600-dən çox paylaşım edilmişdir.

“ASAN xidmət”-in Youtube kanalında (https://www.youtube.com/user/asanxidmat) 1 il ərzində videolara ümumi baxış sayı 70 000-ə yaxındır. Yüklənmiş ümumi videoların sayı isə 300-dən çoxdur. Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Ukrayna, Çexiya, Böyük Britaniya, Danimarka, Gürcüstan, Almaniya və s. ölkələrdən baxış sayı üstünlük təşkil edir.