Azərbaycan Respublikasının Prezidenti yanında

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə

Dövlət Agentliyinin kollegiyasının

10 mart 2016-cı il tarixli 1/1-04 nömrəli

qərarı ilə təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə

 

Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə Qaydası” (bundan sonra - Qayda) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 712 nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

1.2. Bu Qayda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri təşkil edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra –Dövlət Agentliyi) öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən (bundan sonra – xüsusi vəsait) Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə qaydasını müəyyən edir.

1.3. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.3.1. xüsusi vəsait - “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 25 faizini təşkil edən və Dövlət Agentliyinin xəzinə hesabına daxil olan vəsait;

1.3.2. mükafat - Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının əməkdaşlarına onların maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə ödənilən vəsait.

1.3.3. Hər ay ayrılan xüsusi vəsaitin bölgüsü Dövlət Agentliyinin aparatında Dövlət Agentliyinin sədrinin, “ASAN xidmət” mərkəzlərində direktorların əmri əsasında həyata keçirilir.

1.3.4. Xüsusi vəsaitin Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri arasında bölgüsü ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayda həyata keçirilir və hesabat ayında işçinin faktiki iş gününə (ezamiyyə müddəti nəzərə alınmaqla) uyğun hesablamalar aparılır. Mükafat hesablanarkən iş günləri hesabına qalıq qalan xüsusi vəsait yenidən faktiki iş günü olan işçilər arasında sabit nisbətdə bölünür.

1.3.5. “ASAN xidmət” mərkəzləri üçün formalaşan xüsusi vəsait Dövlət Agentliyi tərəfindən müvafiq xəzinədarlıq orqanı ilə üzləşmə aparıldıqdan sonra mərkəzlərin büdcədənkənar vəsaitlər üzrə hesablarına köçürülür.

1.3.6. Dövlət Agentliyinin əməkdaşı barəsində yazılı qaydada xəbərdarlıq edildikdə növbəti ay üçün həmin əməkdaşa bu Qaydaya uyğun müəyyən edilən mükafatdan 30% nisbətində, cari il içində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50% nisbətində, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100% nisbətində azaltma tətbiq edilməklə hesablama aparılır. İntizam tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi ilə bağlı təqdimat olduqda Dövlət Agentliyinin sədrinin əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və mükafat ödənilə bilər.

1.3.7. Dövlət Agentliyinin aparatı və “ASAN xidmət” mərkəzləri üzrə hər ay formalaşan xüsusi vəsaitdən 5%-dək məbləğ işçilərə qanunvericilikdə nəzərdə tutulan fərdi mükafatların ödənilməsi üçün ayrılır.

 

2. Dövlət Agentliyinin aparatının işçilərinə ayrılan xüsusi vəsaitin bölgüsü

 

2.1. Hər ay üzrə formalaşan xüsusi vəsaitin 18%-i Dövlət Agentliyinin aparat işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə ayrılır.

2.2. Dövlət Agentliyinin aparatının işçilərinə ayrılan xüsusi vəsaitin bölgüsünün aparılması məqsədi ilə əmsal hesablanır.

2.3. Əmsalın hesablanması üçün xüsusi vəsaitin hər ay üçün Dövlət Agentliyinə ayrılan qismi Dövlət Agentliyinin aparatının işçilərinin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəminə bölünür:

 

         AİBM

Ə =    ------------------------------

                   AVMC

 

 

Ə - əmsal

AİBM - Dövlət Agentliyinin aparat işçiləri arasında bölünən məbləğ

AVMC - Dövlət Agentliyinin aparat işçilərinin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəmi

 

2.4. Mükafat ödənilən ayda aylıq vəzifə maaşı, hesabat ayının iş günlərinin sayı, işçinin işlədiyi iş günlərinin sayı və əmsal tətbiq edilməklə aşağıdakı düstur üzrə hesablanır:

 

                 AVM x İİG x Ə

       M =  ---------------------

                                 İG

 

 

M – mükafat

AVM – işçinin aylıq vəzifə maaşı

İİG – işçinin işlədiyi iş günlərinin sayı

İG – hesabat ayında ümumi iş günlərinin sayı

 

Şərti misal

Dövlət Agentliyinin aparatının işçiləri arasında bölünən məbləğin cəmi 38.800 manat;

Həmin ayda işləmiş Dövlət Agentliyinin əməkdaşlarının (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəmi 33.450 manat təşkil etmişdir;

Əmsal = 38.800 / 33.450 = 1.15;

Əməkdaşın 1 aylıq vəzifə maaşı 395.00 manat, hesabat ayında iş günlərinin sayı 21 gün, əməkdaşın işlədiyi günlərin sayı 19 gün təşkil edir;

Mükafat = 395 x 19 x 1.15 / 21 = 410.98 manat.

 

3. “ASAN xidmət” mərkəzlərinə ayrılan vəsaitin hesablanması

 

3.1. “ASAN xidmət” mərkəzlərinə ayrılan vəsaitin hesablanması üçün hər mərkəz üzrə xüsusi çəki müəyyən edilir.

3.2. “ASAN xidmət” mərkəzləri üzrə xüsusi çəkinin hesablanması üçün miqrasiya xidmətlərindən daxilolmalar istisna olmaqla digər xidmətlərdən daxil olan xüsusi vəsaitin cəmi yığılan xüsusi vəsaitin məbləğinə bölünür:

 

      DXYV

XÇ =  -----------------------

                        CYV

 

 

XÇ - xüsusi çəki

DXYV - “ASAN xidmət” mərkəzində digər xidmətlərdən yığılan vəsait

CYV – cəmi yığılan vəsait

 

Şərti misal

1 saylı Bakı "ASAN xidmət" mərkəzində digər dövlət orqanlarının xidmətləri nəticəsində ay ərzində yığılan vəsait (miqrasiya xidmətlərindən daxilolmaları çıxmaq şərti ilə) – 250.000 manat;

"ASAN xidmət" mərkəzləri üzrə digər dövlət orqanlarının xidmətləri nəticəsində Dövlət Agentliyinin xüsusi hesabına ay ərzində daxil olan cəmi vəsait (miqrasiya xidmətlərindən daxilolmaları çıxmaq şərti ilə) – 1.500.000 manat;

250.000 / 1.500.000 = 16.67%;

1 saylı Bakı "ASAN xidmət" mərkəzinin xüsusi çəkisi 16.67%.

 

3.3. Miqrasiya xidmətlərindən formalaşan xüsusi vəsaitdən bu Qaydanın 5.1-ci bəndinə uyğun olaraq Dövlət Miqrasiya Xidmətinə ayırmalar aparıldıqdan sonra qalan xüsusi vəsait (67%) “ASAN xidmət” mərkəzləri arasında xüsusi çəki üzrə bölünür və hər mərkəz üzrə digər xidmətlərdən formalaşan vəsaitlə toplanır. Hər mərkəz üzrə Dövlət Miqrasiya Xidmətinin işçilərinə ayrılan xüsusi vəsait və mobil “ASAN xidmət” nəticəsində bu Qaydanın 6-cı hissəsinə uyğun olaraq müəyyən edilən məbləğ həmin xüsusi vəsaitə əlavə edilərək aidiyyəti mərkəzin hesabına köçürülür.

 

Şərti misal

Miqrasiya xidmətlərindən daxil olan xüsusi vəsait 300.000 manat - 33% = 201.000 manat;

1 saylı Bakı "ASAN xidmət" mərkəzinin xüsusi çəkisi - 16,67%;

201.000 * 16,67% = 33.506,70 (Miqrasiya xidmətlərindən 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə düşən vəsait);

1 saylı Bakı "ASAN xidmət" mərkəzi üzrə digər xidmətlərdən formalaşan vəsait 75.000 manat;

1 saylı Bakı “ASAN xidmət” mərkəzi miqrasiya işçilərinə ayrılan vəsait 9.378,95 manat;

1 saylı Bakı “ASAN xidmət” mərkəzinin mobil “ASAN xidmət”də iştirak edən işçilərinə ayrılan vəsait – 5.500 manat;

1 saylı Bakı "ASAN xidmət" mərkəzinə ayrılan vəsait 33.506,70+75.000+9.378,95+5.500 = 123.385,65 manat.

 

4. “ASAN xidmət” mərkəzlərinin işçilərinə ayrılan xüsusi vəsaitin bölgüsü

 

4.1. “ASAN xidmət” mərkəzlərinin işçilərinə ayrılan vəsaitin məbləğinin tapılması üçün “ASAN xidmət” mərkəzinə ayrılan xüsusi vəsait “ASAN xidmət” mərkəzinin və digər dövlət orqanları işçilərinin cəmi sayına bölünür və “ASAN xidmət” mərkəzinin işçilərinin sayına vurulur.

 

Şərti misal

3 saylı Bakı “ASAN xidmət” mərkəzinə ayrılan vəsait – 52.000 manat;

3 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən işçilərin ümumi sayı - 90 nəfər;

3 saylı Bakı “ASAN xidmət” mərkəzinin işçilərinin sayı - 33 nəfər;

52.000 / 90 * 33 = 19.066 manat 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin işçilərinə ayrılan vəsait.

 

4.2. “ASAN xidmət” mərkəzinin işçilərinə ayrılan xüsusi vəsaitin bölgüsündə hər ay üçün “ASAN xidmət” mərkəzinin işçilərinin orta iş günü tapılır və hər bir işçiyə əmsal hesablanır.

4.3. Orta iş günü işçilərin cəmi iş günlərinin sayının faktiki işçilərin sayına bölünməsi ilə tapılır. Hər bir işçinin faktiki iş gününə uyğun əmsalın hesablanması üçün işçinin vəzifə maaşı orta iş gününə bölünür və işçinin faktiki işlədiyi iş gününə vurulur.

 

Şərti misal

işçinin vəzifə maaşı - 300 manat;

bir işçinin aylıq işlədiyi iş günü - 20 gün;

 “ASAN xidmət” mərkəzinin işçilərinin hesabat ayında aylıq işlədiyi iş günlərin ümumi cəmi - 640 gün;

 “ASAN xidmət” mərkəzinin işçilərinin cəmi sayı - 33 nəfər;

 “ASAN xidmət” mərkəzinin orta iş günü - 640 /33 = 19,39;

İşçinin faktiki işlədiyi iş gününə görə tapılan əmsal = 300 manat / 19,39 (orta iş günü) * 20 (aylıq iş günü sayı) = 309.43.

 

4.4. “ASAN xidmət” mərkəzinin işçilərinə xidməti fəaliyyətində fərqlənməsinə görə əlavə mükafatın hesablanması üçün əmsala fərq tətbiq edilə bilər.

4.5. Faktiki iş günü olan işçiyə hesablanan əmsala düşən məbləğin tapılması üçün “ASAN xidmət” mərkəzinin işçilərinə ayrılan xüsusi vəsait “ASAN xidmət” mərkəzinin işçilərinə hesablanan əmsalların cəminə bölünür və vahid əmsala düşən məbləğ tapılır. Daha sonra “ASAN xidmət” mərkəzinin işçilərinin faktiki iş gününə görə hesablanan əmsal vahid əmsala düşən məbləğə vurularaq mükafat müəyyən edilir.

 

Şərti misal

309.43 (əmsal) + 20% (fərqləndirmə) – 8% (xidməti fəaliyyətin qiymətləndirilməsi) = 341.61;

fərqlənmə və qiymətləndirmə nəticəsində faktiki iş günü olan işçiyə hesablanan əmsal = 341.61;

“ASAN xidmət” mərkəzinin işçilərinə ayrılan xüsusi vəsait - 19.066 manat;

“ASAN xidmət” mərkəzinin işçilərinə hesablanan əmsalların cəmi - 11.140;

vahid əmsala düşən manat =19.066 / 11.140 = 1,71;

341.61 əmsal * 1,71 manat = 584.15 manat;

işçiyə hesablanan mükafat = 584.15 manat.

 

5. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri üçün xüsusi vəsaitin bölgüsü

 

5.1. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ayrılan xüsusi vəsaitin bölgüsü:

5.1.1 Dövlət Miqrasiya Xidmətinin “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər nəticəsində hər ay üzrə formalaşan xüsusi vəsaitin 33%-i “ASAN xidmət” mərkəzlərində xidmət göstərən Dövlət Miqrasiya Xidmətinin işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə ayrılır. Ayrılan xüsusi vəsait sabit nisbətdə aşağıdakı düstur üzrə bölünür:

 

        İABV

M =  ------------------------

                       İS

 

 

M  - mükafat

İABV – işçilər arasında bölünən vəsait

İS – işçilərin sayı

 

Şərti misal

Dövlət Agentliyinin xüsusi hesabına miqrasiya xidmətiləri nəticəsində ay ərzində daxil olan vəsait 300.000 manat * 33 % = 99.000 manat işçilər arasında bölünən vəsait;

“ASAN xidmət” mərkəzləri üzrə Dövlət Miqrasiya Xidmətinin işçilərinin sayı 95 nəfər;

Hər bir işçiyə düşən məbləğ = 99.000 manat / 95 nəfər = 1.042.11 manat;

1 saylı Bakı “ASAN xidmət” mərkəzində DMX işçilərinin sayı – 9 nəfər;

1 saylı Bakı “ASAN xidmət” mərkəzi DMX işçilərinə ayrılan vəsait – 1.042.11x9 = 9.378.95.

 

5.1.2. Hər “ASAN xidmət” mərkəzi üzrə Dövlət Miqrasiya Xidməti işçilərinə ayrılan xüsusi vəsait bu Qaydanın 5.3.2-5.3.4-cü yarımbəndlərinə uyğun olaraq bölünür.

5.2. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə ayrılan xüsusi vəsaitin 65%-nin bölgüsü:

5.2.1. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə (Dövlət Miqrasiya Xidmətinin işçiləri istisna olmaqla) ayrılan xüsusi vəsaitin 65 faizinin müəyyən edilməsi və digər dövlət orqanlarının işçiləri (Dövlət Miqrasiya Xidmətinin işçiləri istisna olmaqla) arasında sabit nisbətdə bölgüsü aşağıdakı düsturlar üzrə aparılır:

 

           DDOQV x 65

SNBV =  -------------------------

                                                                       100

 

 

SNBV  - sabit nisbətdə bölünən vəsait

DDOQV - digər dövlət orqanlarının işçilərinə qalan vəsait

 

SNBV

M = ------------------------

                 İS

 

 

M – mükafat

SNBV  - sabit nisbətdə bölünən vəsait

İS - digər dövlət orqanlarının işçi sayı

 

Şərti misal

"ASAN xidmət" mərkəzində digər dövlət orqanlarının işçilərinə qalan vəsait 30.000 manat x 65% = 19.500 manat (sabit nisbətdə bölünən vəsait);

3 saylı Bakı "ASAN xidmət" mərkəzində digər dövlət orqanlarının işçilərinin sayı (DMX işçiləri istisna olmaqla)- 68 nəfər;

19.500 / 68 = 286.76 manat;

3 saylı Bakı "ASAN xidmət" mərkəzində digər dövlət orqanlarının işçilərinin hər birinə (DMX işçiləri istisna olmaqla) 65%-dən düşən mükafat - 286.76 manat.

 

5.3.“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə ayrılan xüsusi vəsaitin 35%-nin bölgüsü:

5.3.1. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə (Dövlət Miqrasiya Xidmətinin işçiləri istisna olmaqla) ayrılan xüsusi vəsaitin 35 faizinin müəyyən edilməsi və xüsusi çəkisi olan digər dövlət orqanlarının işçiləri (Dövlət Miqrasiya Xidmətinin işçiləri istisna olmaqla) arasında bölgüsü aşağıdakı düsturlar üzrə aparılır:

 

      DDOQV x 35

BV = -----------------------

                   100

 

 

BV –bölünən vəsait

DDOQV - digər dövlət orqanlarına qalan vəsait

 

       XYV

   XÇ = ----------------------

                       CYV

 

 

XÇ  - xüsusi çəki

XYV - “ASAN xidmət” mərkəzində xidmət üzrə yığılan vəsait (miqrasiya xidmətlərindən daxilolmalar istisna olmaqla)

CYV – “ASAN xidmət” mərkəzində cəmi yığılan vəsait (miqrasiya xidmətlərindən daxilolmalar istisna olmaqla)

 

     BV   x  

OV = ---------------------

                     100

 

 

OV –"ASAN xidmət" mərkəzində xüsusi çəkisi olan orqana ayrılan vəsait

BV –bölünən vəsait

XÇ – xüsusi çəki

 

Şərti misal

3 saylı Bakı "ASAN xidmət" mərkəzinə qalan vəsait 30.000 manat x 35% = 10.500 manat;

Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi çəkisi – 27.65;

Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində işçi sayı - 9 nəfər;

(35% hesablamadan xüsusi çəki ilə düşən vəsait) =10.500 x 27.65 / 100 = 2.903.25 manat;

(65% hesablamadan düşən vəsait) 286.76 * 9 = 2.580.84;

3 saylı Bakı “ASAN xidmət” mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi işçilərinə ayrılan vəsait 2.903.25 + 2.580.84 = 5.484.09 manat.

 

5.3.2. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə xüsusi vəsaitdən hesablanan 65% və 35%-dən ayrılan vəsaitdən hər bir işçi üçün əmsal tapılır.

 

Şərti misal

3 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə Əmlak Məsələləri Dövlət Komitəsi işçilərinin orta iş günü tapılır;

Əmlak Məsələləri Dövlət Komitəsi işçilərin ümumi sayı - 9 nəfər;

Əmlak Məsələləri Dövlət Komitəsi işçisinin işlədiyi iş günü - 18 gün;

Əmlak Məsələləri Dövlət Komitəsi işçilərinin hesabat ayında aylıq işlədiyi günlərin ümumi cəmi - 160 gün;

Əmlak Məsələləri Dövlət Komitəsi işçilərinin orta iş günü = 160 gün / 9 nəfər = 17.77;

(Əmlak Məsələləri Dövlət Komitəsi işçisinin işlədiyi iş günü) 18 gün x 17.77 (orta iş günü) = 319.869 (əmsal).

 

5.3.3. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri üçün hesablanan əmsal hesabat ayında nəzarət və qiymətləndirmə nəticəsində aldığı hər müsbət bala görə 1% artırılmaqla, hər mənfi bala görə isə 3% azaldılmaqla (çıxılmaqla) müəyyən edilir.

5.3.4. Faktiki iş günü olan işçiyə hesablanan əmsala məbləğin tapılması üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının işçilərinə bölünən xüsusi vəsait “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının işçilərinə hesablanan əmsalların cəminə bölünür. Daha sonra “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının işçilərinin faktiki iş gününə düşən əmsal vahid əmsala düşən məbləğə vurulur və aşağıdakı şərti misala uyğun dövlət orqanı işçisinin mükafatı hesablanır.

 

Şərti misal

(Yuxarıdakı şərti misala uyğun olaraq) 319.86 (əmsal) + 20% (fərqləndirmə) – 3% qiymət (nəzarət və qiymətləndirmə nəticəsi) = 372.32 əmsal;

Fərqlənmə, həmçinin nəzarət və qiymətləndirmə nəticəsində faktiki iş günü olan işçiyə hesablanan əmsal = 372.32;

Əmlak Məsələləri Dövlət Komitəsi işçilərinə ayrılan xüsusi vəsait – 5.484.09 manat;

İşçiyə düşən əmsalların cəmi – 3.300;

Vahid əmsala düşən manat = 5.484.09 / 3300 = 1.66 manat;

372.32 əmsal * 1,66 manat = 618.05 manat;

İşçiyə hesablanan mükafat = 618.05 manat.

 

6. Mobil “ASAN xidmət” üzrə yığılan xüsusi vəsaitin bölgüsü

 

6.1. Mobil “ASAN xidmət” üzrə yığılan vəsaitin həmin xidmətdə iştirak edən Dövlət Agentliyinin işçilərinə ayrılan qisminin hesablanması və bölgüsü aşağıdakı hallar nəzərə alınmaqla bu Qaydanın 4-cü hissəsinə uyğun aparılır:

6.1.1. Regional “ASAN xidmət” mərkəzlərinin əhatə dairəsində xidmət göstərən mobil “ASAN xidmət” vasitələrinin fəaliyyəti nəticəsində formalaşan xüsusi vəsait həmin mərkəzə ayrılır;

6.1.2. Fəaliyyətə başlamayan “ASAN xidmət” mərkəzlərinin işçiləri ezam edildikləri mobil “ASAN xidmət” dən yığılan xüsusi vəsait hesabına mükafatlandırılır.

6.2. Mobil “ASAN xidmət” üzrə yığılan xüsusi vəsaitin həmin xidmətdə iştirak edən digər dövlət orqanlarına ayrılan qisminin hesablanması və bölgüsü 80-20% nisbətdə bu Qaydanın 5.2 və 5.3-cü bəndlərinə uyğun aparılır.

6.3. Mobil “ASAN xidmət”də iştirak edən işçinin mükafatı (bu Qaydanın 6.1.1-ci yarımbəndindəki hal istisna olmaqla) xidmətdə iştirak etdiyi müddətə uyğun hesablanan məbləğlə işlədiyi müvafiq struktur bölmədəki vəzifəsi üzrə ona ayrılacaq məbləğin toplanması ilə müəyyən edilir.

 

7. Xüsusi vəsaitin bölgüsündə dəyişikliklər edilməsi

 

7.1. Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının əməkdaşlarının müxtəlif işlər üzrə əmək funksiyaları, vətəndaşlara xidmətlərin qanuna uyğun və etik davranış qaydalarına əməl edilməklə göstərilməsində fərqlənmə halları, xüsusi əmək şəraiti, o cümlədən xüsusi peşə və ixtisas üzrə əmək vəzifələri nəzərə alınmaqla Dövlət Agentliyinin sədrinin göstərişi ilə xüsusi vəsaitin ayrılmasında dəyişikliklər edilə bilər.

7.2. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının büdcədənkənar vəsaitindən işçilərinin vəzifə maaşlarına edilən əlavələr nəzərə alınaraq həmin orqanlar və Dövlət Agentliyi ilə qarşılıqlı razılıq əsasında “ASAN xidmət” mərkəzlərində xidmət göstərən işçilərinin mükafatları hesablanarkən bu Qaydaya uyğun onlara düşəcək məbləğ azaldılır. Qalıq qalan xüsusi vəsait digər əməkdaşların mükafatlarına hesablanır.

 

8. Xüsusi vəsaitin istifadəsinə nəzarət

 

8.1. Xüsusi vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

8.2. Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Dövlət Agentliyi tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

 

9. Yekun müddəalar

 

9.1. Mükafatdan fiziki şəxslərin gəlir vergisi, həmçinin məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tutulur.

9.2. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.