Dekabrın 22-də Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar Milli İnternet Mükafatı – “MilliNet”-in təltifetmə mərasimi keçirilib.

Bu dəfə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saytı ilk pillələrə layiq görülüb.

Belə ki, tədbirdə ailə, uşaq və sağlamlıq - “ASAN Məktub”, elm və təhsil - “ASAN School”, elektron hökumət kateqoriyasında isə Dövlət Xidmətləri Portalı (www.dxr.az) I yeri tutub.

“ASAN xidmət”in tabeliyində fəaliyyət göstərən İdeya Bankı (www.ideya.az) ictimai sosial, Dövlət Agentliyinin digər bir layihəsi -“ASAN Pay” isə e-ticarət kateqoriyasında II və III yerə layiq görülüb.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.