“ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanına əsasən qərara alıram:

1. “ASAN Viza” sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2016-cı il

    № 1082

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

“ASAN Viza” sistemi haqqında ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanına əsasən hazırlanmışdır və “ASAN Viza” sisteminin (bundan sonra - Sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Sistem aşağıdakıları təmin edir:

1.2.1. ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanın alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa Sistem vasitəsilə müraciət etməsini;

1.2.2. elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə Sistemə daxil edilməsini;

1.2.3. elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun və digər ödənişlərin (bundan sonra ödənişlərin) Sistem vasitəsilə elektron qaydada ödənilməsini;

1.2.4. elektron vizanın 3 iş günü müddətində, həmin vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində verilməsini;

1.2.5. elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsini;

1.2.6. Sistemin digər informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılmasını;

1.2.7. elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqini, imtina səbəblərinin ümumiləşdirilməsini və dövri statistik hesabatların hazırlanmasını.

1.3. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı Sistemin operatoru olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra - Operator) tərəfindən təmin edilir.

1.4. Bu Əsasnamədə Sistemin iştirakçıları dedikdə informasiya sistemləri və ehtiyatları bu Əsasnamə ilə müəyyən edilmiş qaydada Sistemə inteqrasiya olunmuş və Sistemin fəaliyyətində iştirak edən qurumlar, Sistemin istifadəçiləri dedikdə isə Sistemin xidmətlərindən elektron formada istifadə edən fiziki və hüquqi şəxslər başa düşülür.

1.5. Sistemin təminat, inteqrasiya və təhlükəsizlik vasitələri milli informasiya fəzasının tərkib hissəsidir və Azərbaycan Respublikasının mülkiyyətidir.

1.6. Sistemin saxlanılması, fəaliyyəti və inkişafı ilə bağlı xərclər normativ hüquqi aktlarla qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir. Sistemin saxlanılması, idarə edilməsi, fəaliyyəti və ya inkişafı dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirildikdə, investisiya xərclərinin ödənilməsi Operatorla investor arasında qarşılıqlı razılıq əsasında şərtlər və ödənişlər müəyyən edilməklə həyata keçirilir.

2. Sistemin fəaliyyət prinsipləri

2.0. Sistemin fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.0.1. sərbəstlik – Sistemin tərkibinin və fəaliyyətinin ona qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

2.0.2. əlaqəlilik – Sistem iştirakçılarının mövcud olan və ya yeni yaradılan müvafiq informasiya sistemləri və ehtiyatları ilə qarşılıqlı əlaqələrinin və uzlaşmasının təmin edilməsi;

2.0.3. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki və texnoloji tədbirlər həyata keçirməklə informasiyanın tamlığının və mühafizəsinin təmin edilməsi;

2.0.4. operativlik – elektron viza verilməsinin və informasiya mübadiləsinin daha qısa müddətdə həyata keçirilməsi;

2.0.5. şəffaflıq – Sistemin fəaliyyətində və xidmətlərin göstərilməsində aşkarlığın təmin edilməsi;

2.0.6. səmərəlilik – Sistemin istifadəçilərinin vaxt itkisinin və tələb edilən sənədlərin sayının azaldılması, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.0.7. funksionallıq və davamlı inkişaf – Sistemin inkişaf etdirilməsi imkanını və adaptasiyasını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə etməklə Sistemin daim təkmilləşdirilməsi.

3. Sistemin texniki-texnoloji infrastrukturu

3.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. Sistemin proqram-texniki vasitələri və proqram təminatı;

3.1.2. telekommunikasiya kanalları;

3.1.3. Sistemin ehtiyat mərkəzi;

3.1.4. Sistemin test rejimi;

3.1.5. Sistemin məlumat bazası və onu idarəetmə paneli;

3.1.6. Sistemin məlumat bazasının arxiv mərkəzi.

3.2. Sistemin proqram-texniki vasitələri və proqram təminatı aşağıdakıları təmin edir:

3.2.1. elektron vizaların operativlik prinsipi əsasında verilməsini;

3.2.2. elektron informasiyanın formalaşdırılmasını və mübadiləsini;

3.2.3. Sistemin fəaliyyətinin davamlılığının, etibarlılığının və təhlükəsizliyinin təmin edilməsini, Sistemin texniki vasitələrinə, informasiya daşıyıcılarına, informasiya təminatı vasitələrinə və kommunikasiya xətlərinə kənar və nəzarətsiz müdaxilələrin qarşısının alınmasını;

3.2.4. müvafiq informasiyanın əldə edilməsi üçün müxtəlif sorğuların verilməsini, sorğu üzrə nəticələrin yaddaşda saxlanılmasını, sənədlərin hazırlanması üçün məlumatların müvafiq formatlara çevrilməsi imkanlarının təmin edilməsini;

3.2.5. statistik hesabatların tərtibi və təhlillərin aparılmasını, əldə olunan nəticələrin siyahı, cədvəl, arayış, say və digər formalarda vizual nümayişini və çapını.

3.3. Sistem fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, o cümlədən elektron informasiya mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.

3.4. Sistemin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə Sistemin alternativ ehtiyat mərkəzi yaradılır və Sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır.

3.5. Sistemə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının yoxlanılması test rejimində həyata keçirilir.

3.6. Formalaşan məlumatlar Sistemin məlumat bazasında, onların ehtiyat surətləri isə Sistemin məlumat bazasının arxiv mərkəzində saxlanılır.

3.7. İdarəetmə paneli Sistemin məlumat bazasının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən məlumat bazasından istifadə edilməsini təmin edir.

4. Operatorun funksiyaları

4.0. Operator Sistemin fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

4.0.1. Sistemin idarə olunmasını, inkişafını, dayanıqlılığını və etibarlılığını təmin etmək, normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək və Sistem iştirakçılarının qarşılıqlı fəaliyyətini əlaqələndirmək;

4.0.2. Sistem iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının Sistemə təhlükəsiz qoşulmasını təmin etmək;

4.0.3. Sistemə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi üçün təkliflər vermək, həmin informasiya sistemləri və ehtiyatları müəyyən olunmuş texniki tələblərə cavab vermədikdə, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə işlərinin aparılmasını tələb etmək;

4.0.4. Sistemə qoşulan informasiya sistemləri və ehtiyatlarının dayanıqlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin Sistem iştirakçıları tərəfindən təmin olunmasına nəzarət etmək;

4.0.5. Sistemin texniki-texnoloji infrastrukturunun istismarını, o cümlədən etibarlı və davamlı funksional fəaliyyətini təmin etmək, Sistemin ayrı-ayrı komponentləri üzrə yoxlama tədbirlərini təşkil etmək;

4.0.6. Sistemin texniki-texnoloji infrastrukturunun istismarı zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqları aradan qaldırmaq;

4.0.7. Sistem vasitəsilə fasiləsiz və operativ informasiya mübadiləsinin aparılmasını təmin etmək;

4.0.8. Sistemin məlumat bazasına icazəsiz daxilolmaların və orada təhrifetmələrin aparılmasının qarşısını almaq və təhlükəsizliyini təmin etmək;

4.0.9. Sistemin malik olduğu məlumat bazasının saxlanılmasını təmin etmək;

4.0.10. elektron viza verilməsi müddətlərinə, Sistemə ötürülən məlumatların tamlığına riayət olunmasına nəzarət etmək;

4.0.11. verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqini aparmaq;

4.0.12. nəzarət və monitorinqin nəticələri barədə müvafiq arayış və hesabatlar hazırlamaq, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasını Sistem iştirakçılarından tələb etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

4.0.13. Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;

4.0.14. Sistemin proqram-texniki və enerji təminatına olan təhdidlərin qarşısını almaq;

4.0.15. Sistemin təhlükəsizliyi pozulduqda və ya əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda Sistemin iştirakçılarını bu barədə məlumatlandırmaq, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

4.0.16. Sistemin ehtiyat mərkəzini yaratmaq və dayanıqlı fəaliyyətini təmin etmək;

4.0.17. Sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları ləğv edildikdə və ya digər dəyişikliklər olduğu halda müvafiq tədbirlər görmək;

4.0.18. Sistemin iştirakçısı normativ hüquqi aktların tələblərini pozduqda və ya Sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, həmin iştirakçıya nöqsanların aradan qaldırılması üçün müraciət etmək, habelə müraciətdə göstərilənlər yerinə yetirilmədikdə həmin iştirakçının Sistem üzrə fəaliyyətini bu nöqsanlar aradan qaldırılanadək dayandırmaq;

4.0.19. normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada fərdi məlumatların qorunmasını təmin etmək.

5. Sistem iştirakçılarının funksiyaları

5.0. Sistemin iştirakçıları aşağıdakı funksiyaları həyata keçirirlər:

5.0.1. Sistemə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının texniki normalara, standartlara və tələblərə uyğunluğunu təmin etmək, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə işləri aparmaq və bu barədə Operatora məlumat vermək;

5.0.2. Sistemə qoşulan informasiya sistemlərinin və ehtiyatlarının dayanıqlı və fasiləsiz fəaliyyətini, təhlükəsizliyini təmin etmək;

5.0.3. Sistemə qoşulan informasiya sistemlərinin və ehtiyatlarının fəaliyyəti zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün operativ tədbirlər görmək və avadanlığın, proqram təminatının dayanıqlı fəaliyyətini təmin etmək;

5.0.4. məlumatları bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və müddətdə Sistemə ötürmək;

5.0.5. Sistemə ötürülən məlumatların tamlığını, etibarlılığını, təhrifolunmazlığını və konfidensiallığını təmin etmək;

5.0.6. Operatorun, Sistemin digər iştirakçılarının və istifadəçilərinin Sistem vasitəsilə həyata keçirilən xidmətlərlə bağlı sorğularını vaxtında və tam cavablandırmaq;

5.0.7. nəzarət və monitorinq nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək və bu barədə Operatora məlumat vermək;

5.0.8. öz təşəbbüsü ilə və ya Operatorun əsaslandırılmış müraciətinə uyğun olaraq, Sistemə qoşulan informasiya sistemlərində və ehtiyatlarında zəruri dəyişiklik və təkmilləşdirmə aparmaq;

5.0.9. Sistemə qoşulan informasiya sistemlərində və ehtiyatlarında nəzərdə tutulan profilaktika, təmir, sazlama və digər texniki işlərin Sistemin fəaliyyətinə təsir edəcəyi halda həmin işləri Sistemin dayanıqlı fəaliyyətini təmin etmək üçün Operatorla razılaşdırmaq;

5.0.10. Sistemin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Operatora təkliflər vermək;

5.0.11. Sistemin fəaliyyətini ləngidəcək, ona zərər gətirəcək və ya onun fəaliyyətinin dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

5.0.12. normativ hüquqi aktların tələblərinə uyğun olaraq informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin etmək.

6. Sistemin fəaliyyətinin təşkili və idarə olunması

6.1. Elektron vizanın verilməsi üçün Sistem “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və “ASAN ödəniş” sistemi ilə inteqrasiya olunur. İnteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:

6.1.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin real vaxt rejimində təmin etdiyi məlumatlar:

6.1.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər barədə məlumatlar;

6.1.1.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi ilə bağlı məlumatlar;

6.1.2. Sistemin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsisteminə real vaxt rejimində təqdim etdiyi məlumatlar:

6.1.2.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti və bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən digər məlumatlar;

6.1.2.2. elektron viza verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatlar;

6.1.3. “ASAN ödəniş” sistemi real vaxt rejimində Sistemə ödənişlərin həyata keçirilməsi ilə bağlı məlumatları (ödəmə tarixi, vaxtı və əməliyyat nömrəsi) təqdim edir.

6.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sistemdə yaradılan aşağıdakı informasiya ehtiyatlarının aktuallığını təmin edir:

6.2.1. vətəndaşlarına elektron viza verilən ölkələrin siyahısı;

6.2.2. Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etmiş şəxslərin siyahısı;

6.2.3. Azərbaycan Respublikası tərəfindən müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu halda, viza tələbindən və ya viza rüsumundan azad edilən ölkələr və ya şəxslər barədə məlumatlar.

6.3. Sistemin iştirakçısı olan qurumlar və Sistemə qoşulan informasiya sistemləri və ehtiyatları ilə bağlı məsələlərin (qarşılıqlı fəaliyyətin) tənzimlənməsi və məlumat mübadiləsinin aparılması Operator ilə iştirakçılar arasında imzalanan razılaşmalar əsasında həyata keçirilir.

6.4. Sistemin iştirakçısı olacaq qurumların informasiya sistemlərinin və ehtiyatlarının Sistemə qoşulması onların müəyyən edilmiş texniki tələblərə uyğunluğunun Operator tərəfindən yoxlanılmasından sonra həyata keçirilir.

6.5. İnformasiya sistemlərinin və ehtiyatlarının müəyyən edilmiş texniki tələblərə uyğunluğu, Sistemə qoşulmasına və təhlükəsizliyinin təmin edilməsinə dair texniki imkanları 10 iş günü müddətində Operator tərəfindən yoxlanılır.

6.6. Yoxlamanın nəticəsi müsbət olduqda informasiya sistemləri və ehtiyatları sınaq üçün test rejimində Sistemə qoşulur. Qoşulduqdan və test rejimində yoxlanıldıqdan sonra, informasiya sistemləri və ehtiyatları Operatorun uyğunluğa dair rəyinə əsasən müəyyən edilmiş texniki tələblərə cavab verdikdə, onların 7 iş günü müddətində Sistemə qoşulması təmin edilir.

6.7. Həmin texniki tələblərə cavab verməyən informasiya sistemləri və ehtiyatları Operatorun əsaslandırılmış tələbinə uyğun olaraq onların sahibi tərəfindən zəruri texniki tədbirlər, dəyişiklik və təkmilləşdirmələr aparıldıqdan sonra Sistemə qoşulur.

6.8. İnformasiya sistemləri və ehtiyatları və ya Sistemin iştirakçıları ləğv edildikdə, onlar Sistemdən ayrılır.

6.9. Sistemin iştirakçıları Sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları vasitəsilə təqdim olunan məlumatların bu Əsasnamə ilə müəyyən olunmuş qaydada, vaxtında və düzgün verilməsinə, məzmununa, təhrifolunmazlığına, dəqiqliyinə, tamlığına, konfidensiallığına və etibarlılığına görə cavabdehdirlər.

6.10. Operator aparılan monitorinqlər nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasını Sistemin iştirakçılarından tələb edir. Sistemin iştirakçıları aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı gördükləri tədbirlər barədə Operatora məlumat verirlər.

6.11. Sistemin iştirakçısı normativ hüquqi aktların tələblərini pozduqda və ya Sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, Operator tərəfindən onun Sistem üzrə fəaliyyəti bu nöqsanlar aradan qaldırılanadək dayandırıla bilər.

6.12. Operator dövri (rüblük) statistik məlumatlar, monitorinqlər nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması ilə bağlı görülən tədbirlər, o cümlədən elektron xidmətin təkmilləşdirilməsi və Sistemin inkişafı ilə bağlı təkliflər barədə hesabatlar hazırlayır.

6.13. Operator texnoloji yeniliklər nəzərə alınmaqla Sistemin mütəmadi olaraq inkişafı və təkmilləşdirilməsi üzrə tədbirlər görür.

6.14. Sistemin fəaliyyətini təmin edən avadanlıqlar Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində belə avadanlıqlar üçün nəzərdə tutulan və mühafizə olunan xüsusi yerdə saxlanılır.

7. Sistemdən istifadə

7.1. Elektron vizanın alınması Sistemin internet informasiya ehtiyatı üzərindən həyata keçirilir.

7.2. Sistemin internet informasiya ehtiyatı Azərbaycan dili ilə yanaşı azı iki xarici dildə fəaliyyət göstərir.

7.3. Bu Əsasnamənin 7.3-1-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs elektron viza almaq üçün Azərbaycan Respublikasına gəlmə tarixindən ən azı 3 iş günü əvvəl müraciət etməlidir.

7.3-1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətə 3 saat ərzində baxılır.

7.4. Sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs elektron vizanın alınması ilə bağlı müraciət etmək üçün Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətini və aşağıdakı məlumatları daxil edir:

7.4.1. soyadı və digər adları;

7.4.2. doğum tarixi və yeri;

7.4.3. cinsi;

7.4.4. əcnəbi üçün - vətəndaşı olduğu, vətəndaşlığı olmayan şəxs üçün - daimi yaşadığı ölkə;

7.4.5. sərhədkeçmə sənədinin növü, nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;

7.4.6. daimi yaşayış ünvanı;

7.4.7. elektron ünvanı;

7.4.8. telefon (mobil və stasionar) nömrəsi;

7.4.9. səfərin məqsədi;

7.4.10. Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmə tarixi;

7.4.11. Azərbaycan Respublikasının ərazisində qalacağı ünvan;

7.4.12. məşğuliyyəti;

7.4.13. ictimai təhlükə törədən xəstəliyə tutulub-tutulmadığı barədə məlumat, tutulubsa həmin xəstəliyin adı;

7.4.14. Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər edib-etməməsi barədə məlumat.

7.5. Məlumatlar əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən yoxlanıldıqdan və təsdiqləndikdən sonra ona ödəniş imkanları təqdim olunur. Elektron vizanın verilməsinə görə müəyyən olunmuş ödənişlər Sistem vasitəsilə elektron qaydada həyata keçirilir.

7.6. Ödənişlər həyata keçirildikdən dərhal sonra müraciətin qəbul edilməsi barədə bildiriş Sistem tərəfindən Sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin elektron ünvanına və istifadəçi ekranına göndərilir.

7.7. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına özü ilə birlikdə səfər edəcək əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə də elektron vizaların alınması üçün bu Əsasnamə ilə müəyyən edilmiş qaydada müraciət edə bilər. Bunun üçün həmin şəxslərin vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkə elektron viza verilən ölkələrin siyahısında olmalıdır.

7.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına vizasız qaydada gəlmək hüququ olduqda, müraciət prosesi Sistem tərəfindən yekunlaşdırılır və istifadəçi ekranına bu barədə bildiriş göndərilir.

7.9. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən viza ərizəsinə baxılması üçün dövlət rüsumundan azad edildiyi hallarda, istifadəçi ekranına bu barədə bildiriş göndərilməklə, həmin şəxsə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına müraciət etmək təklif olunur və ya ödənişləri həyata keçirməklə elektron viza sorğusunu davam etdirmək imkanı yaradılır.

7.10. Turizm sahəsində fəaliyyət göstərən hüquqi şəxs Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə elektron vizaların alınması üçün aşağıdakı məlumatları daxil etməklə Sistemdə qeydiyyatdan keçir:

7.10.1. hüquqi şəxsin adı;

7.10.2. dövlət qeydiyyatına alındığı ölkə;

7.10.3. dövlət qeydiyyat sənədinin nömrəsi və tarixi;

7.10.4. hüquqi ünvanı;

7.10.5. elektron ünvanı;

7.10.6. telefon (mobil və stasionar) və faks nömrələri.

7.11. Qeydiyyatdan keçdikdən sonra hüquqi şəxs əldə etdiyi kod əsasında Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barədə bu Əsasnamənin 7.4.1–7.4.6-cı və 7.4.8–7.4.14-cü yarımbəndlərində qeyd edilən məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surətlərini Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir.

7.12. Məlumatlar yoxlanıldıqdan və təsdiqləndikdən sonra hüquqi şəxsə ödəniş imkanları təqdim olunur. Elektron vizanın verilməsinə görə müəyyən olunmuş ödənişlər Sistem vasitəsilə elektron qaydada ödənilir.

7.13. Ödənişlər həyata keçirildikdən sonra müraciətin qəbul edilməsi barədə bildiriş Sistem tərəfindən hüquqi şəxsin elektron ünvanına və istifadəçi ekranına göndərilir.

7.14. Elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” siyahısı və Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etmiş şəxslərin siyahısı üzrə yoxlama aparılır.

7.15. Şəxsin Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər etməsi aşkar edildikdə ona elektron viza verilmir. Bu halda Sistem istifadəçisinin elektron ünvanına Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinə müraciət etməli olduğu barədə bildiriş göndərilir.

7.16. Şəxs barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” siyahısında aşkar edildikdə elektron vizanın verilməsindən imtina olunur və bu barədə məlumat müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir.

7.17. İmtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək, müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Elektron vizada Azərbaycan Respublikasına daxil olma tarixi viza müraciətinin edildiyi gündən ən azı 3 iş günündən sonrakı tarixə müəyyən edilir. Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə isə elektron vizada ölkəyə daxil olma tarixi viza müraciətinin edildiyi tarixə müəyyən olunur.

7.18. Bu Əsasnamənin 6.1.2.1—6.1.2.2-ci yarımbəndlərində qeyd edilən məlumatlar Sistem tərəfindən real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinə göndərilir.

7.19. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallar aşkar edildikdə, verilmiş viza ləğv edilir və əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə buraxılmır. Elektron vizanın ləğv edilməsi barədə bildiriş Sistem istifadəçisinin elektron ünvanına göndərilir.

7.20. Sistemin istifadəçisi Sistemdən istifadə zamanı texniki-texnoloji, o cümlədən ödənişlərin həyata keçirilməsi ilə bağlı problemlərlə üzləşdikdə, bu barədə Operatorun Çağrı Mərkəzinə onlayn qaydada müraciət edə və ya həmin müraciəti Çağrı Mərkəzinin elektron ünvanına göndərə bilər. Operator daxil olmuş müraciətlə bağlı 3 iş günü müddətində araşdırma aparmalı və problemlərin həlli ilə bağlı Sistemin istifadəçisini məlumatlandırmalıdır.

7.21. Elektron viza pasporta yapışdırılmır, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən çap edilmiş elektron vizanı və ya həmin vizanın məlumatlarını sərhədkeçmə sənədi ilə birgə təqdim edir.

7.22. Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə verilmiş elektron vizanın etibarlılığı Sistemin internet informasiya ehtiyatında yoxlanıla bilər.

7.23. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilər.

7.24. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədkeçmə sənədi ilə elektron vizada qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məlumatlarda müvafiq düzəlişlər edərək vizanın təkrar alınması üçün həmin məntəqələrdə quraşdırılmış terminallar vasitəsilə müraciət edə bilər. Belə müraciətlərə baxılarkən bu Əsasnamənin təcili səfərlər üçün elektron viza alınması ilə bağlı müddəaları tətbiq edilir.

8. Elektron viza blankının təsviri

8.1. Azərbaycan Respublikasına gəlmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən elektron viza blankının təsvirində (elektron viza blankının nümunəsi əlavə edilir) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədinin ikinci hissəsinin tələbləri nəzərə alınmışdır. Elektron viza blankı A4 formatdadır.

8.2. Elektron vizada aşağıdakılar göstərilir:

8.2.1. elektron viza blankının yuxarı sol hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi, “Azərbaycan Respublikası” və “Elektron viza” sözləri, elektron viza blankının iki latın hərfindən (AE) ibarət olan seriyası və doqquzrəqəmli nömrəsi və maşınla oxuna bilən xüsusi kod;[i]

8.2.2. elektron viza blankının yuxarı sağ hissəsində “ASAN Viza” təsviri;

8.2.3. elektron vizanın verilmə tarixi, etibarlılıq müddəti, vizanın növü, girişlərin sayı və səfərin məqsədi, ölkədə qalmaq üçün icazə verilmiş günlərin sayı, vizanı rəsmiləşdirən orqanın adı;

8.2.4. “Şəxsi məlumatlar” bölməsində elektron viza sahibinin soyadı, digər adları, vətəndaşı olduğu və ya daimi yaşadığı ölkə, doğum tarixi, doğum yeri, cinsi;

8.2.5. “Sərhədkeçmə sənədinə dair məlumatlar” bölməsində elektron viza sahibinin sərhədkeçmə sənədinin növü, nömrəsi və etibarlılıq müddəti;

8.2.6. xüsusi qeydlər üçün nəzərdə tutulmuş “Qeydlər” hissəsində aşağıdakı cümlələr verilsin:

“Bu viza Azərbaycan Respublikasına səyahət etmək və daxil olmaq üçün ilkin giriş icazəsidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş hallarda girişə icazə verilməyəcək.

Elektron viza pasporta yapışdırılmır, dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən çap edilmiş elektron viza və ya həmin vizanın məlumatları sərhədkeçmə sənədi ilə birgə təqdim edilir. Elektron viza etibarlılıq müddəti ərzində istifadə olunmazsa, o qüvvədən düşür.”.

Elektron viza müraciətdə təqdim olunan məlumatlar əsasında verilir. Elektron vizadakı məlumatlar səyahət sənədindəki məlumatlara uyğun gəlmədiyi halda elektron viza etibarsız hesab edilir. Elektron viza almaq üçün edilən müraciətdə təqdim olunmuş məlumatlara görə müraciət edən şəxs birbaşa məsuliyyət daşıyır.

Siz Azərbaycan Respublikasının ərazisini ölkəyə daxil olarkən təqdim etdiyiniz elektron viza əsasında tərk etməlisiniz (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadıldığı və ya müvəqqəti yaşama icazəsinin verildiyi hallar istisna olmaqla).

8.3. Elektron vizada nəzərdə tutulmuş parametrlərin adları Azərbaycan və ingilis dillərində yazılır. Elektron viza doldurularkən, məlumatlar ingilis dilində daxil edilir.

8.2.1. elektron viza blankının yuxarı sol hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi, “Azərbaycan Respublikası” və “Elektron viza” sözləri, elektron viza blankının iki latın hərfindən (AE) ibarət olan seriyası və doqquzrəqəmli nömrəsi və maşınla oxuna bilən xüsusi kod;[1]

8.2.2. elektron viza blankının yuxarı sağ hissəsində “ASAN Viza” təsviri;

8.2.3. elektron vizanın verilmə tarixi, etibarlılıq müddəti, vizanın növü, girişlərin sayı və səfərin məqsədi, ölkədə qalmaq üçün icazə verilmiş günlərin sayı, vizanı rəsmiləşdirən orqanın adı;

8.2.4. “Şəxsi məlumatlar” bölməsində elektron viza sahibinin soyadı, digər adları, vətəndaşı olduğu və ya daimi yaşadığı ölkə, doğum tarixi, doğum yeri, cinsi;

8.2.5. “Sərhədkeçmə sənədinə dair məlumatlar” bölməsində elektron viza sahibinin sərhədkeçmə sənədinin növü, nömrəsi və etibarlılıq müddəti;

8.2.6. xüsusi qeydlər üçün nəzərdə tutulmuş “Qeydlər” hissəsində aşağıdakı cümlələr verilsin:

“Bu viza Azərbaycan Respublikasına səyahət etmək və daxil olmaq üçün ilkin giriş icazəsidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində müəyyən edilmiş hallarda girişə icazə verilməyəcək.

Elektron viza pasporta yapışdırılmır, dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən çap edilmiş elektron viza və ya həmin vizanın məlumatları sərhədkeçmə sənədi ilə birgə təqdim edilir. Elektron viza etibarlılıq müddəti ərzində istifadə olunmazsa, o qüvvədən düşür.”.

Elektron viza müraciətdə təqdim olunan məlumatlar əsasında verilir. Elektron vizadakı məlumatlar səyahət sənədindəki məlumatlara uyğun gəlmədiyi halda elektron viza etibarsız hesab edilir. Elektron viza almaq üçün edilən müraciətdə təqdim olunmuş məlumatlara görə müraciət edən şəxs birbaşa məsuliyyət daşıyır.

Siz Azərbaycan Respublikasının ərazisini ölkəyə daxil olarkən təqdim etdiyiniz elektron viza əsasında tərk etməlisiniz (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadıldığı və ya müvəqqəti yaşama icazəsinin verildiyi hallar istisna olmaqla).

8.3. Elektron vizada nəzərdə tutulmuş parametrlərin adları Azərbaycan və ingilis dillərində yazılır. Elektron viza doldurularkən, məlumatlar ingilis dilində daxil edilir.

  Azərbaycan Respublikası / Republic of Azerbaijan
Elektron viza / Electronic visa
 
AE 000000000

Maşınla oxuna bilən xüsusi kod
   
Tarixdən/Valid from:  
Tarixədək etibarlıdır/Valid until:  
Vizanın növü/Type of visa:  
Girişlərin sayı/Number of entries:  
Səfərin məqsədi/Purpose of visit:  
Qalma müddəti/Duration of stay:  
Vizanı rəsmiləşdirən orqan/Visa issuing authority:  

Şəxsi məlumatlar/Personal information

Soyadı/Surname:  
Digər adları/Other names:  
Vətəndaşlığı/Citizenship  
Vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkə/Country of habitual residence of a stateless person:  
Doğum tarixi/Date of birth:  
Doğum yeri/Place of birth:  
Cinsi/Sex  

Sərhədkeçmə sənədinə dair məlumatlar /Travel document’s information

Növü/Type:  
Nömrəsi/Number:  
Etibarlılıq müddəti/Date of expiration:  

Qeydlər/Notes

This visa is a pre-entry permission for you to travel to, and seek entry, into the Republic of Azerbaijan. The entry may be refused in the cases prescribed by the Migration Code of the Republic of Azerbaijan.
Electronic visa is not sticked in passport and must be presented with passport at the border-control post. If the e-visa is not used within the period of validity, it becomes invalid.
Please note that e-visa is issued on the basis of provided information in the e-visa application and if the information on a travel document does not match with the information on issued e-visa, then the e-visa is invalid. Please note that an applicant is responsible for information provided in e-visa application form.
You must leave the territory of the Republic of Azerbaijan with the e-visa that was used to enter the country (except in cases when the period of temporary stay in the country is extended or a temporary residence permit is issued by the State Migration Service of the Republic of Azerbaijan).