AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ 

 

Aktın növü

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qərarı

Qəbul edildiyi tarix

31.05.2017

Qeydiyyat nömrəsi

170102500002

Adı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.06.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.150.040

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201705310002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.06.2017

 

 

 

 

 

“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 4.1.9 və 5.5.3-cü yarımbəndlərinə uyğun olaraq Dövlət Agentliyi

 

qərara alır:

 

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat şöbəsi (İ.Qədimova) bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Sədr                                                                                                       İnam Kərimov

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin 2017-ci il 31 may tarixli 170102500002 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi haqqında Əsasnamə

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra – Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılan Agentliyin Aparatının struktur bölməsi - şöbəsidir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentliyin Əsasnaməsini, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Mərkəz fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyində olan qurumlarla əlaqəli həyata keçirir.

1.4. Mərkəzin tərkibində Əmək münasibətləri sektoru, Operativ nəzarət sektoru, Analitik təhlil və statistika sektoru və Səyyar monitorinq qrupu sektoru fəaliyyət göstərir.

 

2. Mərkəzin fəaliyyət istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata keçirir, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə edir;

2.1.2. tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tikinti fəaliyyəti subyektlərinə metodiki köməklik göstərir, məsləhətlər və izahatlar verir.

 

3. Mərkəzin vəzifələri

 

3.1. Mərkəzin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.1.1. tikilməkdə olan çoxmənzilli yaşayış binalarının (bundan sonra – tikinti obyektləri) və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrini aparmaq;

3.1.2. tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidələr aparmaq;

3.1.3. tikinti obyektlərində işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sistemini yaratmaq və idarə etmək;

3.1.4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində həyata keçirdikləri tədbirlərə dair hesabatlarını və zəruri olan digər materiallarını müqayisəli təhlil etmək;

3.1.5. müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirmək;

3.1.6. aşkar edilmiş faktları sənədləşdirilmək, aktlar, protokollar tərtib etmək, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədləri aidiyyəti dövlət orqanına göndərmək;

3.1.7. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək, şəxslərin qəbulunu həyata keçirmək;

3.1.8. tikinti fəaliyyəti subyektlərinə metodiki köməklik göstərmək, yazılı və şifahi şəkildə izahatlar, məsləhətlər vermək;

3.1.9. monitorinqlərin aparılması ilə bağlı illik hesabatları rəsmi internet saytında açıqlamaq;

3.1.10. monitorinqlərin aparılması ilə bağlı məlumatların elektron uçotunu aparmaq;

3.1.11. sahə üzrə qanunvericiliyin və onun tətbiqinin təkmilləşdirilməsi, həmçinin dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflər hazırlamaq və icrasında iştirak etmək;

3.1.12. Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.13. Agentliyin sədri tərəfindən Mərkəzə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

4. Mərkəzin hüquqları

 

4.1. Mərkəzin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

4.1.1. tikinti obyektlərində kameraların quraşdırılması və daima işlək vəziyyətdə olmasını tələb etmək;

4.1.2. qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində aidiyyəti orqanların həyata keçirdikləri tədbirlərə dair hesabatları və zəruri olan digər materialları tələb etmək və onları almaq;

4.1.3. tikinti obyektlərində qeyri-rəsmi əmək münasibətləri ilə bağlı baş vermiş pozuntu hallarının obyektiv, hərtərəfli araşdırılması üçün məlumatlar (sənədlər) barədə sorğular vermək və belə məlumatları (sənədləri) almaq, yazılı izahat almaq, sənədlərlə tanış olmaq;

4.1.4. tikinti obyektlərində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün müasir innovasiyalardan istifadə etmək;

4.1.5. monitorinqin aparılması prosesində monitorinqə aid sənədləri sahibkarlardan tələb etmək və monitorinq zamanı yaranan suallara dair şifahi və (və ya) yazılı izahatlar almaq;

4.1.6. monitorinq tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın monitorinq edilən sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə monitorinq edilən sahibkarın fəaliyyəti üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla) və tikinti obyektlərinə baxış keçirmək;

4.1.7. aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

4.1.8. tikinti obyektlərində aparılmış monitorinq, aşkar edilmiş pozuntu halları, görülmüş tədbirlər, aidiyyəti dövlət orqanlarından daxil olan hesabatlar və digər əlaqəli məlumatlar üzrə statistik hesabatlar hazırlamaq;

4.1.9. monitorinqin aparılması üçün qanunvericiliklə müəyyən edilmiş vəsait, avadanlıq və nəqliyyat vasitələri ilə təmin olunmaq;

4.1.10. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.1.11. vəzifələrinin yerinə yetirilməsi üçün informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, tikinti fəaliyyəti subyektlərindən alınması ilə bağlı sorğuların verilməsini təklif etmək və onlardan həmin məlumatları almaq;

4.1.12. fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair rəy və təkliflər vermək,

4.1.13. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyin nümayəndəsi kimi iştirak etmək;

4.1.14. Mərkəzin əməkdaşlarının ixtisasının artırılması üçün təkliflər vermək;

4.1.15. Agentliyin və Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.16. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Əmək münasibətləri sektorunun funksiyaları

 

5.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

5.1.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə uyğun olaraq səyyar monitorinqin aparılmasına dair qəbul edilmiş qərarın yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün elektron formada aidiyyəti orqana təqdim etmək və monitorinqin başlanmasından əvvəl reyestrdən çıxarış almaq;

5.1.2. aparılan hər bir monitorinq barədə məlumatı yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi üçün qanunvericiliyə uyğun olaraq aidiyyəti orqana göndərmək;

5.1.3. tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı hesabatlar hazırlamaq və Mərkəz müdirinə təqdim etmək;

5.1.4. tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla yazışmaları həyata keçirmək və məlumatlar əldə etmək, habelə həmin məlumatların ümumiləşdirilməsini həyata keçirmək;

5.1.5. tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı metodiki vəsait hazırlamaq və onun nəşrində iştirak etmək;

5.1.6. monitorinqlə bağlı yoxlama suallarını tərtib etmək;

5.1.7. funksiyalarından irəli gələn məsələlərlə bağlı məlumatları elektron reyestrə daxil etmək;

5.1.8. tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair hüquqi aktların layihələrini hazırlamaq və bu cür hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

5.1.9. əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı normativ hüquqi bazanı formalaşdırmaq və rəsmi internet informasiya ehtiyatında yerləşdirmək;

5.1.10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlara məsləhətlərin verilməsini təmin və təşkil etmək, tikinti fəaliyyəti subyektlərinə metodiki köməklik göstərmək;

5.1.11. sahibkarlara yazılı və şifahi şəkildə izahatlar vermək;

5.1.12. Səyyar monitorinq qrupu sektorunun əməkdaşlarına təlimlərin keçirilməsi ilə bağlı ehtiyacları müəyyən etmək;

5.1.13. Mərkəzin müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

5.1.14. Mərkəzin müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

6. Operativ nəzarət sektorunun funksiyaları

 

6.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

6.1.1. tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması ilə bağlı aidiyyəti dövlət orqanı ilə birgə tədbirlər görmək;

6.1.2. tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidə aparmaq və kameraların real vaxt rejimində işlək vəziyyətdə olmasına nəzarət etmək;

6.1.3. müşahidə aparılması zamanı əldə edilmiş uyğunsuzluq faktını sənədləşdirmək və dərhal Analitik təhlil və statistika sektoruna göndərmək;

6.1.4. tikinti obyektlərində işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin fəaliyyətini təmin etmək və idarə etmək;

6.1.5. funksiyalarından irəli gələn məsələlərlə bağlı məlumatları elektron reyestrə daxil etmək;

6.1.6. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

6.1.7. Mərkəzin müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

6.1.8. Mərkəzin müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

7. Analitik təhlil və statistika sektorunun funksiyaları

 

7.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

7.1.1. tikinti obyektlərində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestr vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlilini və ümumiləşdirmələri aparmaq, bununla bağlı təkliflər hazırlamaq;

7.1.2. tikinti obyektləri və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrini aparmaq, yenilənmələr etmək və reyestrdə müvafiq təkmilləşdirmə işlərini həyata keçirmək;

7.1.3. tikinti obyektlərində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində aparılmış təhlillər nəticəsində pozuntu hallarına dair şübhələr yarandıqda bu halların yerində araşdırılması üçün səyyar monitorinqlərin təşkili ilə bağlı qərarları hazırlamaq, qrupun formalaşdırılması üçün Səyyar monitorinq qrupu sektoruna məlumat vermək;

7.1.4. tikinti obyektlərində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı fəaliyyət göstərən dövlət orqanlarının informasiya sistemlərinin əlaqələndirilməsi ilə bağlı təkliflər vermək;

7.1.5. tikinti obyektlərinin fəaliyyəti ilə bağlı dövri statistik hesabat hazırlamaq, hesabatın nəşrinin təşkilində iştirak etmək, tikinti sahəsi ilə əlaqəli qurumlardan və tikinti obyektlərindən daxil olan statistik hesabatların düzgün tərtib olunması üçün məlumat təminatçılarına praktiki və metodiki köməklik göstərmək;

7.1.6. Mərkəzin statistika işinin təşkili və təkmilləşdirilməsi sahəsində təkliflər və metodik göstərişlər hazırlamaq;

7.1.7. funksiyalarından irəli gələn məsələlərlə bağlı məlumatları elektron reyestrə daxil etmək;

7.1.8. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq gələcək inkişaf perspektivlərini müəyyən etmək;

7.1.9. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

7.1.10. Mərkəzin müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

7.1.11. Mərkəzin müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

8. Səyyar monitorinq qrupu sektorunun funksiyaları

 

8.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

8.1.1. müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestr vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərində səyyar monitorinqlər aparmaq;

8.1.2. səyyar monitorinq qrupunu formalaşdırmaq;

8.1.3. monitorinqlə bağlı yoxlama suallarının formalaşdırılmasında iştirak etmək və yoxlama sualları siyahısına dəyişikliklər barədə təkliflər vermək;

8.1.4. funksiyalarından irəli gələn məsələlərlə bağlı məlumatları elektron reyestrə daxil etmək;

8.1.5. monitorinqin nəticələri barədə müvafiq ümumiləşdirmə aparmaq, hesabatlar hazırlamaq və təkliflər vermək;

8.1.6. Mərkəzin müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

8.1.7. Mərkəzin müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

9. Mərkəzin fəaliyyətinin təşkili

 

9.1. Mərkəzin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

9.2. Müdir Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

9.3. Mərkəzin müdiri:

9.3.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

9.3.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

9.3.3. Mərkəz üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir;

9.3.4. Mərkəzin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

9.3.5. Mərkəzin vəzifələrini yerinə yetirmək üçün Agentliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlarından məlumat və sənədləri alır;

9.3.6. Mərkəzə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

9.3.7. Mərkəzdə kargüzarlıq işlərinin aparılmasını təmin edir.

9.4. mərkəzin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı Mərkəzin müdirinin təqdimatı əsasında Agentliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir.

9.5. Mərkəzin müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, eyni zamanda Səyyar monitorinq qrupu sektoruna və Analitik təhlil və statistika sektoruna rəhbərlik edən iki müavini vardır.

9.6. Mərkəzin müdirinin müavinləri - sektor müdirləri mərkəz müdiri tərəfindən onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

9.7. Mərkəzin müdiri olmadıqda onun səlahiyyətlərini əmr ilə həvalə edilən mərkəz müdirinin müavinlərindən - sektor müdirlərindən biri həyata keçirir.

9.8. Mərkəzin Operativ nəzarət sektoruna və Əmək münasibətləri sektoruna Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

9.9. Mərkəzin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

9.10. Mərkəzin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

9.11. Mərkəzin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.