İndoneziya Respublikası Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan brendi “ASAN xidmət” təcrübəsini öyrənmək və bu təcrübəni İndoneziyada tətbiq etmək məqsədi ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Səfər çərçivəsində Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyəti Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov ilə görüşüb. Görüşdə son dövrlər iki ölkə arasında təmasların intensivləşməsinin ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edilib və bildirilib ki, bu əlaqələr İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurla davam etdirilir. Eyni zamanda iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin sentyabrın 26-da İndoneziyanın nümayəndə heyəti Masallı “ASAN həyat” kompleksi ilə yaxından tanış olub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev kompleks ərazisində yerləşən “ASAN xidmət, “ABAD”, ASAN İntellektual” inkişaf mərkəzi, Heydər Əliyev İncəsənət Məktəbi və digər ictimai iaşə obyektləri barədə məlumat verərək bildirib ki, yaradılan şərait vətəndaşların rahatlığı və onların həyat standartlarının yaxşılaşdırılmasına xidmət edir.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
Qeyd edək ki, sentyabrın 25-i qonaqlar 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri, səyyar ASAN xidmət, həmçinin ASAN Radionun fəaliyyəti ilə tanış olub.