ATƏT-in İnsan Ölçüsü Komitəsində Azərbaycanda dövlət xidmətlərinin müasirləşdirilməsi sahəsində hesabat təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Ağasi iştirakçılara son illərdə Azərbaycanın dövlət xidmətlərindəki nailiyyətləri barədə ətraflı məlumat verib. O, “ASAN xidmət”in əlçatanlıq, hesabatlılıq, effektivlik, şəffaflıq və innovasiya kimi prinsiplərə əsaslanaraq fəaliyyət göstərdiyini vurğulayıb. 

Təqdimat zamanı “ASAN xidmət”in vətəndaş rəylərinin öyrənilməsi, mütəmadi sorğuların keçirilməsi üçün bir çox kommunikasiya vasitələrindən geniş istifadə etdiyi bildirilib.

Həmçinin qeyd olunub ki, “ASAN xidmət” mərkəzlərində gənclərin, xüsusilə də xanımların könüllü kimi çalışması cəmiyyətdə gender balansının inkişafına müsbət təsir göstərir.

Azərbaycanda viza sisteminin təkmilləşdirilməsi və xarici vətəndaşların 3 saat ərzində elektron viza əldə edə bilməsi üçün “ASAN Viza” portalının fəaliyyət göstərdiyi vurğulanıb.

Həmçinin Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov “ASAN xidmət”in əldə etdiyi nailiyyətlərə toxunaraq bu qurumun dövlət xidmətlərinin göstərilməsində Azərbaycanın beynəlxalq səviyyədə nümunəvi modeli olduğunu bildirib.

Daha sonra təqdimat sual-cavab ilə davam etdirilib.