13-15 noyabr 2017-ci il tarixlərində Özbəkistan Republikasının Nazirlər Kabineti yanında Dövlət Fərdiləşdirmə Mərkəzinin direktoru Nəcməddin Turaxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti 1 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 18 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədlərindən biri də “ASAN Viza” sistemi barədə ətraflı məlumat əldə etmək olub. Belə ki, qonaqlara “ASAN Viza” sistemi barədə geniş təqdimatlar edilib, işçi qrupu ilə görüş keçirilib. Eyni zamanda qonaqlara “ASAN Pay” sistemi ilə də bağlı ətraflı məlumat verilib.