“ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı aparılan tədbirlər çərçivəsində və Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbilər və vətəndaşığı olmayan şəxslər üçün “ASAN Viza” portalının daha da rahat və əlçatan olması məqsədilə portalın müxtəlif dillərə tərcümə edilməsi işləri davam etdirilir.

Belə ki, “ASAN Viza” portalının ispan dili versiyası da istifadəyə verilib. Beləliklə hazırda portal 7 dildə (Azərbaycan, İngilis, Fransız, İspan, Ərəb, Fars və Rus) fəaliyyət göstərir.

Xatırladaq ki, “ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standard elektron vizanı 3 iş günü, sürətləndirilimiş qaydada isə 3 saat ərzində 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) əldə edə bilər.

Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir. Fəaliyyətə başladığı gündən etibarən sistem vasitəsilə 265 000-dən çox əcnəbiyə elektron viza verilib.

Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Ətraflı məlumat: www.evisa.gov.az