“ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi” Proqramına start verilib.

Tədbiri giriş sözü ilə açan “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq Bakı və region gəncləri arasında humanizm və sülhsevərlik dəyərlərinin təbliğ olunmasına töfhə verildiyini və bu istiqamətdə müxtəlif addımların atıldığını qeyd edib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışı zamanı milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin önəmindən, Azərbaycanda dini mədəniyyət və buna sübut olaraq müxtəlif dinlər üzrə ibadət yerlərinin mövcudluğundan bəhs edib. Mübariz Qurbanlı bildirib ki, ölkə başçısının bütün sahələrdə olduğu kimi bu sahəyə də göstərdiyi qayğı nəticəsində ölkəmizdə din dəyərləri, dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Eyni zamanda ASAN könüllüləri simasında bütün gənclərin dini tolerantlığın təbliğində böyük rol oynadığını, Azərbaycan gənclərinin sülhsevər olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev Azərbaycan gənclərinin mübarizliyindən, təşəbbüskarlığından və sülhsevərliyindən danışıb. Ülvi Mehdiyev diqqətə çatdırıb ki, müharibə dövründə Azərbaycanın müstəqilliyinin itirilməsinin qarşısının alınmasında məhz vətənpərvər gənclərin xüsusi rolu var.

Tədbirdə paytaxt və regionları əhatə edəcək proqram çərçivəsində “Fotoqrafların gözü ilə dini tolerantlıq” mövzusunda fotosərgidə şəkilləri nümayiş olunan gənc fotoqraflara sertifikatlar təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Şəhadət” filmi nümayiş olunub.  

Qeyd edək ki, proqramın əsas məqsədi Azərbaycanın dövlət siyasəti olan, dini dözümlüyün, milli-mənəvi dəyərlərin, tolerantlıq nümunələrinin düzgün şəkildə gənclərə təbliğ edilməsi, eləcə də ölkəmizdə mövcud  olan dinlərarası nümunəvi əlaqələrin, tolerantlığın, əsrlərdən bəri formalaşan köklü bir ənənənin, qarşılıqlı hörmət və əməkdaşlığın onlara çatdırılmasıdır.