7-8 avqust 2018-ci il tarixlərində Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Səfər çərçivəsində qonaqlar “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət avtobusu, “ABAD” sərgi satış mərkəzi, “ASAN radio” və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olublar.

            Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

            Bildirilib ki, bu günədək 23 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

            Qonaqlara Dövlət Agentliyinin şöbələri tərəfindən təqdimatlar edilib, həmçinin, Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib.

            Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.