“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi üçün zəruri olan texniki imkanları təmin etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    Artur Rasi-zadə

Bakı şəhəri, 25 iyun 2012-ci il
№ 142

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 25 iyun tarixli 142 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi
Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları (bundan sonra - informasiya sahibləri) tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələrinin (bundan sonra - layihələr) “Elektron hökumət” portalında (bundan sonra - portal) yerləşdirilməsi, layihələrin açıq (ictimai və ya peşəkar) müzakirəsi (bundan sonra - müzakirə), həmçinin müzakirədə iştirak etmiş şəxslərə informasiya sahibləri tərəfindən cavab verilməsi qaydalarını müəyyən edir.

1.3. Layihələr (əldə olunması qanunvericiliklə məhdudlaşdırılan informasiyanı əks etdirən layihələr istisna olmaqla) razılaşdırılmağa göndərildiyi andan ictimai və ya peşəkar müzakirəyə çıxarılması məqsədi ilə informasiya sahibləri üçün portalda yaradılmış xüsusi bölmədə yerləşdirilir.

1.4. Layihələrin informasiya sahibləri tərəfindən portalda yerləşdirilməsi üçün zəruri olan texniki imkanlar Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təmin edilir.

1.5. Normativ hüquqi aktların layihələri razılaşdırılmağa göndərildiyi andan bilavasitə həmin layihəni hazırlamış dövlət orqanı tərəfindən portalda yerləşdirilir.

1.6. Layihənin müzakirəsində iştirak etmək istəyən şəxslər portalda tələb olunan qeydiyyatdan keçməlidirlər.

 

2. Layihələrin portalda yerləşdirilməsi

2.1. Layihələrin portalda yerləşdirilməsini təmin etmək məqsədi ilə informasiya sahibi məsul şəxsi müəyyən edir və onu elektron imza ilə təmin edir.

2.2. Məsul şəxs layihələrin portalda yerləşdirilməsi üçün elektron imzadan istifadə etməklə müvafiq autentifikasiyadan keçməlidir.

2.3. Məsul şəxs bu Qaydalarla müəyyənləşdirilmiş texniki tələblərə uyğun olaraq, layihələri hazırlayır və istifadə təlimatına uyğun qaydada portalın xüsusi bölməsinə yerləşdirir. İstifadə təlimatı portalın xüsusi bölməsindən əldə olunur.

2.4. Portalın xüsusi bölməsində yerləşdirilmiş layihə portalın məsul şəxsi tərəfindən onun bu Qaydalarla müəyyənləşdirilmiş texniki tələblərə uyğunluğu yoxlanıldıqdan sonra müzakirəyə açılır.

2.5. Layihə texniki tələblərə uyğun olmadıqda, portalın məsul şəxsi tərəfindən çatışmazlıqlar dəqiq göstərilməklə, 1 iş günü ərzində informasiya sahibinə məlumat verilir. İnformasiya sahibi tərəfindən 1 iş günü ərzində çatışmazlıqlar aradan qaldırıldıqdan sonra layihə portalda yerləşdirilir.

 

3. Layihənin portalda yerləşdirilməsinə dair texniki tələblər

3.1. Layihələrin portalda yerləşdirilməsi zamanı informasiya sahibi aşağıdakıları təmin etməlidir:

3.1.1. layihənin mətni İSO 10646 (Unicode) beynəlxalq standartına uyğun fontlardan istifadə edilərək hazırlanmalıdır;

3.1.2. layihə ilə birlikdə aşağıdakı məlumatlar portalda yerləşdirilməlidir:

3.1.2.1. informasiya sahibinin adı;

3.1.2.2. layihənin adı;

3.1.2.3. müzakirə müddəti;

3.1.2.4. layihənin razılaşdırılmasında iştirak edən dövlət orqanlarının və təşkilatlarının siyahısı.

3.2. Portalın inzibatçılığını həyata keçirən orqan layihələrin portalda yerləşdirilməsi zamanı aşağıdakıları təmin etməlidir:

3.2.1. layihələrə sərbəst və ödənişsiz çıxış imkanını;

3.2.2. layihənin tam mətninin və ya onun istənilən fraqmentinin köçürülməsi və axtarışı imkanını;

3.2.3. layihəyə dair portalda şəxslər tərəfindən verilmiş irad və təkliflərin yalnız informasiya sahibi üçün açıq olmasını;

3.2.4. layihə ilə əlaqədar irad və təkliflər vermiş şəxslərə informasiya sahibləri tərəfindən portal vasitəsilə cavab göndərilməsi üçün texniki imkanı.

 

4. Layihənin müzakirəsi

4.1. Layihənin hazırlanması üçün qanunvericiliklə və ya norma-yaratma orqanının tapşırığı ilə 2 ay və ya daha az müddət müəyyən edildiyi hallarda informasiya sahibi layihənin müzakirəsi üçün 5 gündən, digər hallarda isə 10 gündən az vaxt müəyyənləşdirməməlidir.

4.2. Müzakirə müddəti bitmiş layihələr portaldan çıxarılır.

4.3. Verilmiş irad və təkliflər nəzərə alınmaqla layihə üzərində dəyişikliklər edildikdə, hazırlanmış yeni variant razılaşdırılmağa göndərildiyi andan bu Qaydalara uyğun olaraq portalda yerləşdirilir.

4.4. Layihənin yeni variantı razılaşdırılmağa göndərildikdən və ya təsdiq edilmək üçün normayaratma orqanına təqdim edildikdən sonra "Vətəndaşların müraciətləri" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddət ərzində irad və təklifləri məqsədəuyğun hesab edilməyən şəxslərə layihəni portalda yerləşdirmiş dövlət orqanı tərəfindən bu barədə portal vasitəsilə əsaslandırılmış cavab göndərilir.

4.5. Müzakirəsi tam başa çataraq təsdiq üçün normayaratma orqanına təqdim edilmiş layihələrlə əlaqədar yaranmış bütün məlumatlar arxivləşdirilir və siyahısı portalda saxlanılır.

4.6. Portalın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bu Qaydalarda nəzərdə tutulmayan texniki məsələlər portalın fəaliyyətini nizamlayan sənədlərlə tənzimlənir.