AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin.
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları:
2.1. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra - Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etsinlər;
2.2. Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada versinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Hesablama Palatasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının məhkəmələrinə, yerli özünüidarəetmə orqanlarına tövsiyə olunsun ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2016-cı il
№ 1993



Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə etmişdir. Açıq hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutmuşdur. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə də öz töhfəsini vermiş və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olmuşdur.
Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və Birləşmiş Millətlər Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən biri olan ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını təmin edən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu və icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının daha sıx iştirakını təmin etmişdir.
Azərbaycan 2015-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 40-cı yeri, Dünya Bankının “Doing Business” 2016-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 189 ölkə arasında 7-ci yeri tutmuşdur. Dövlət orqanları tərəfindən açıq hökumətin təşviqi üzrə həyata keçirilən layihələr və təşəbbüslər prioritet müəyyən edilmiş, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilmişdir.
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlamış və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaratmışdır.
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mövcud güclü siyasi iradənin növbəti göstəricisidir. Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti üzvlərinin fəal iştirakı ilə hazırlanmış və çoxsaylı ictimai dinləmələrdə müzakirə edilmişdir.

 

Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün
Milli Fəaliyyət Planı

Tədbirin adı

Qiymətləndirmə indikatorları

İcra / Tövsiyə

İcra
müddəti (illər üzrə)

1. Elektron xidmətlərin təkmilləşdirilməsi

1.1.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi, siyahıda olan, lakin tam fəaliyyət göstərməyən xidmətlərin fəaliyyətinin təmin edilməsi və “Elektron hökumət” portalına yeni xidmətlərin inteqrasiya edilməsi

Elektron xidmət növlərinin siyahısında olan təkmilləşdirmələr, portalda fəaliyyəti təmin edilən və yeni inteqrasiya edilən elektron xidmətlər və onların sayı

İcraçılar: Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi

2016-2018

1.2.

“Elektron hökumət” portalına çıxış imkanlarının asanlaşdırılması məqsədi ilə portalın mobil interfeysinin, mobil tətbiqinin və ödəniş imkanlarının təkmilləşdirilməsi

Elektron hökumət portalının mobil interfeysi və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər

İcraçı: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016

1.3.

“Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi

Keçirilmiş ictimai maarifləndirmə tədbirləri və təqdimatlar

İcraçılar: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2018

1.4.

Elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi

Asanlaşan prosedurlar və həyata keçirilmiş tədbirlərlə bağlı məlumatlar

İcraçılar: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2017

1.5.

Ali təhsil müəssisələrinin informasiya sistemlərinin formalaşdırılması, tələbələrə verilən arayış və sənədlərin elektron formada əldə edilməsi və təhsil haqlarının elektron formada ödənilməsinin təmin edilməsi

Yaradılmış və fəaliyyəti təmin edilmiş elektron sistemlər və onların imkanları

İcraçılar: Ali təhsil müəssisələri. Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2017-2018

1.6.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmətin yaradılması

Elektron resursun yaradılması və ondan istifadə imkanları

İcraçılar: Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2017

1.7.

Ümumtəhsil məktəbləri, lisey və gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu sisteminin əhatəsinin genişləndirilməsi və regionları əhatə etməsi

Elektron sənəd qəbulu sisteminin regionları əhatə etməsi üzrə tədbirlər

İcraçılar: Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017

1.8.

Yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş informasiya Sistemi və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi

Yerli vergilərin və ödənişlərin elektron terminallar və informasiya sistemi vasitəsilə həyata keçirilməsi imkanı

Tövsiyə edilir: bələdiyyələr

İcraçılar: Mərkəzi Bank, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2016-2017

2. İnformasiya əldə edilməsinin təmin olunması

2.1.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarət imkanlarının gücləndirilməsi üzrə tədbirlərin görülməsi

Təmin edilmiş resurslar və həyata keçirilmiş gücləndirmə tədbirləri barədə məlumat

Tövsiyə edilir: İnsan hüquqları üzrə Müvəkkil

2016-2017

2.2.

İnformasiyanın əldə olunması ilə bağlı hüquqi yardım mexanizmlərinin yaradılması, ixtisaslaşmış təlimlərin və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

Yaradılmış hüquqi yardım mexanizmləri, keçirilmiş təlimlər və maarifləndirmə tədbirlərinin sayı

Tövsiyə edilir: insan hüquqları üzrə Müvəkkil

2016-2018

2.3.

Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquq müəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın qabaqcadan qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülməsi

Vahid informasiya bazası və yeni mexanizmin yaradılması

İcraçılar: Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2016-2017

2.4.

Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi

Hazırlanmış mobil versiyalar və həyata keçirilmiş tədbirlərlə bağlı məlumatlar

İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2018

2.5.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin “161-Qaynar xətt”-in fəaliyyətinin təkmilləşdirilməsi, statistik və analitik məlumatların dərc edilməsi

Həyata keçirilən tədbirlərlə bağlı hesabat, məlumatların dərc edilməsi

Tövsiyə edilir: Baş Prokurorluq

2016-2017

3. Normativ hüquqi aktların vahid internet elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi

3.1.

Normativ hüquqi aktların vahid internet elektron bazasının (www.e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinin (www.huquqiaktlar.gov.az) mütəmadi yenilənməsinin və dayanıqlı fəaliyyətinin təmin edilməsi

İnternet səhifənin daim işlək vəziyyətdə saxlanılması və mütəmadi yenilənməsi

İcraçılar: Ədliyyə Nazirliyi

2016-2018

3.2.

Normativ hüquqi aktların vahid internet elektron bazasının (www.e-qanun.az) mobil versiyasının təkmilləşdirilməsi

Təkmilləşdirilmiş mobil versiya

İcraçılar: Ədliyyə Nazirliyi

2017

4. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişlənməsi və ictimai iştirakçılığın artması sahəsində

4.1. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi

4.1.1.

Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi

Prioritetin müəyyən edilmə forması və dəstəklənən layihələrin sayı

İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2018

4.1.2.

Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin inkişafı ilə bağlı təkliflərin hazırlanması

Hazırlanan təkliflər paketi

İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2016

4.1.3.

“Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılması və fəaliyyətinin dəstəklənməsi

Platformanın yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər

İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları

Tövsiyə edilir:
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2016

4.2. İctimai iştirakçılığın genişləndirilməsi

4.2.1.

İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi

Yeni yaradılmış ictimai şuralar, onların fəaliyyəti ilə bağlı məlumatlar

İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2018

4.2.2.

İctimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi

İnternet resurslarda elektron bölmələrin fəaliyyəti və yerləşdirilmiş məlumatların sayı

İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2018

4.2.3.

İstehlakçıların hüquqlarının qorunması məqsədi ilə ictimai nəzarət mexanizmlərinin hazırlanması, bu məqsədlə yaradılmış qaynar xəttin fəaliyyətinin təkmilləşdirilməsi və bununla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

İctimai nəzarət mexanizmlərinin tətbiqi, qaynar xətt vasitəsilə qəbul edilmiş müraciətlərin sayı və həyata keçirilmiş maarifləndirmə tədbirləri

İcraçılar: İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2016-2018

5. Maliyyə şəffaflığının təmin edilməsi

5.1.

Dövlət maliyyə nəzarətinin həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarətin təkmilləşdirilməsi

Tətbiq edilmiş elektron nəzarət mexanizmi, maliyyə nəzarətinin təkmilləşdirilməsi üzrə tədbirlər

İcraçılar: Maliyyə Nazirliyi, Vergilər Nazirliyi

Tövsiyə edilir: Hesablama Palatası

2016-2018

5.2.

Milli Məclisdə dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, keçirilən müzakirələrin sayının artırılması

Dövlət büdcəsinin layihəsi ilə bağlı keçirilən müzakirələr

Tövsiyə edilir: Milli Məclis

2016-2018

5.3.

Dövlət büdcəsinin icrası barədə illik hesabat və Azərbaycan Respublikası Hesablama Palatasının müvafiq rəyinin ictimaiyyətə açıqlanması

Dövlət büdcəsinin illik icrası ilə bağlı müvafiq hesabat və rəylərin ictimaiyyətə açıqlanması

İcraçı: Maliyyə Nazirliyi

Tövsiyə edilir: Hesablama Palatası

2016-2018

5.4.

Dövlət büdcəsinin icrası ilə bağlı rüblük hesabatların internet səhifəsində yerləşdirilməsi

Hesabatların internet səhifəsində dərc edilməsi

İcraçı: Maliyyə Nazirliyi

2016-2018

5.5.

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının illik maliyyə fəaliyyəti, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitdən və ya onlara verilmiş əmlakdan istifadə ilə bağlı məlumatların internet səhifələrində dərc edilməsi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi və bu hesabatların dərc edilməsinə nəzarətin gücləndirilməsi

Hazırlanmış normativ hüquqi akt layihələri və illik maliyyə fəaliyyəti ilə bağlı məlumatların internet səhifələrində dərc edilməsi barədə məlumatlar

İcraçılar: Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, aidiyyəti dövlət orqanları

2016-2018

5.6.

Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdirilməsi

Satınalmalarla bağlı məlumatların açıqlanması

İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları, iqtisadiyyat Nazirliyi, aidiyyəti büdcə təşkilatları

2016-2018

5.7.

Hesablama Palatasının maliyyə nəzarəti obyektlərində apardığı maliyyə nəzarəti tədbirləri barədə ictimaiyyətin məlumatlandırılması

Maliyyə nəzarəti tədbirləri və onların sayı barədə məlumatların internet səhifəsində açıqlanması

Tövsiyə edilir: Hesablama Palatası

2016-2018

6. Yerli özünüidarəetmə orqanlarının fəaliyyəti sahəsində

6.1. Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi

6.1.1.

Bələdiyyə qulluğuna qəbul qaydaları, müsabiqə komissiyalarının tərkibi, mövcud vakansiyalar, qəbulun nəticələri və bələdiyyə qulluğuna qəbulla bağlı digər məlumatların bələdiyyələrin internet səhifəsində yerləşdirilməsi, mərkəzləşdirilmiş vahid elektron resursun yaradılması üzrə tədbirlərin görülməsi

İnternet səhifəsinin yaradılması, məlumatların yerləşdirilməsi və onların sayı

Tövsiyə edilir: bələdiyyələr, bələdiyyələrin milli assosiasiyaları

İcraçı: Ədliyyə Nazirliyi

2016-2017

6.1.2.

Bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər üçün zəruri metodiki vəsaitlərin, bələdçi qaydaların hazırlanması və internet resurslarda yerləşdirilməsi

Hazırlanmış metodiki vəsaitlər, bələdçi qaydalar və internet səhifələrinin linkləri

Tövsiyə edilir: bələdiyyələr, bələdiyyələrin milli assosiasiyaları

İcraçı: Ədliyyə Nazirliyi

2016-2018

6.2. Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması və peşəkarlığının artırılması

6.2.1.

Bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları, hüquqi biliklərin və peşə bacarıqlarının artırılması üzrə təlimlərin keçirilməsi, bununla bağlı izahedici məlumatların və bələdçi qaydaların hazırlanması və internet resurslarda yerləşdirilməsi

Keçirilmiş təlimlərin sayı və cəlb edilmiş şəxslərin sayı

Tövsiyə edilir: bələdiyyələr, bələdiyyələrin milli assosiasiyaları

İcraçı: Ədliyyə Nazirliyi

2016-2018

6.2.2.

Bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması

ictimai maarifləndirmə tədbirlərinin sayı və əhatəsi

Tövsiyə edilir: bələdiyyələr.

bələdiyyələrin milli assosiasiyaları
İcraçı: Ədliyyə Nazirliyi

2016-2018

6.2.3.

Bələdiyyə üzvlərinin etik davranış qaydalarının hazırlanması və qəbul edilməsi

Qəbul edilmiş müvafiq normativ hüquqi akt

Tövsiyə edilir: Milli Məclis, bələdiyyələr, bələdiyyələrin milli assosiasiyaları

2016-2017

7. Mədən sənayesində şəffaflığın artırılması

7.1.

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun fəaliyyətinin dəstəklənməsi, əməkdaşlığın davam etdirilməsi və təlimlərin keçirilməsi

Həyata keçirilmiş fəaliyyət və təlimlərin sayı ilə bağlı hesabat

İcraçı: Dövlət Neft Fondu

2016-2018

8. Korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi

8.1.

Dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı mexanizmlərin, müvafiq qanunvericilik aktlarının hazırlanması

Həyata keçirilmiş tədbirlər, hazırlanmış qanunvericilik aktları və mexanizmlər

İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq

2016-2018

8.2.

Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi

Həyata keçirilmiş tədbirlər

İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi

Tövsiyə edilir: Milli Məclis, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2017-2018

8.3.

Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları və korrupsiya cinayətləri ilə əlaqədar ibtidai araşdırma çərçivəsində “istintaq sövdələşməsi” institutunun tətbiqinə dair təkliflərin hazırlanması

Təkliflər paketinin hazırlanması

İcraçı: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi

Tövsiyə edilir: Baş Prokurorluq

2016-2018

8.4.

Korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflərin hazırlanması

Hazırlanmış təkliflər

Tövsiyə edilir: Baş Prokurorluq

2016-2017

8.5.

Azərbaycan Respublikasının Milli Məclisi deputatının etik davranış qaydalarının hazırlanması və qəbul edilməsi

Qəbul edilmiş müvafiq normativ hüquqi akt

Tövsiyə edilir: Milli Məclis

2016-2017

8.6.

“ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Həyata keçirilmiş tədbirlər

İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə Dövlət Agentliyi

2016-2018

8.7.

Sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi

Müraciətlərə baxılması işində olan təkmilləşdirmələr

İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları, İtisadiyyat Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Apellyasiya Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları

2016-2018

8.8.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq tələblərin tətbiqi üzrə tədbirlər planının hazırlanması

Hazırlanmış və qəbul edilmiş tədbirlər planı

İcraçılar: Nazirlər Kabineti, Maliyyə Bazarlarına Nəzarət Palatası

2016

8.9.

İtisadi sahədə həyata keçirilən islahatlar, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi

Həyata keçirilmiş məlumatlandırma tədbirləri

İcraçılar: İqtisadiyyat Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2018

8.10.

Kommunal sahədə əhaliyə göstərilən xidmətlərin müştəri məmnunluğu və şəffaflıq prinsipləri əsasında vahid məkanda həyata keçirilməsi üzrə təkliflərin hazırlanması

Hazırlanmış təkliflər

İcraçılar: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi

2016-2017

9. Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması

9.1.

Özəl sektorda şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınması məqsədi ilə antikorrupsiya, şəffaflıq, etik davranış və hesabatlılıq tələbləri (uyğunluq mexanizmi) üzrə təkliflərin hazırlanması

Hazırlanmış təkliflər

İcraçılar: İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2016-2017

9.2.

Özəl sektorda şəffaflığın təmin edilməsi məqsədi ilə antikorrupsiya, etik davranış qaydaları və uyğunluq mexanizmləri üzrə təlim və treninqlərin keçirilməsi

Keçirilmiş təlim və treninqlər

İcraçı: İqtisadiyyat Nazirliyi

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2016-2018

9.3.

Özəl sektorda korrupsiyanın qarşısının alınması üzrə maarifləndirici materialların hazırlanması və həmin materialların yayılmasının təşkili

Hazırlanmış materialların sayı və yayılma metodları

İcraçılar: iqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi

2016-2018

9.4.

Rəqabət məcəlləsinin qəbul edilməsi prosesinin sürətləndirilməsi

Qəbul edilmiş qanun

Tövsiyə edilir: Milli Məclis

2016-2017

9.5.

İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsi

Hazırlanmış normativ hüquqi aktlar və həyata keçirilmiş tədbirlər

İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi

Tövsiyə edilir: Milli Məclis, Baş Prokurorluq

2016-2017

10. Maarifləndirmə və əməkdaşlıq

10.1.

Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, tövsiyə və tələblərin icrası üzrə tədbirlərin həyata keçirilməsi

Həyata keçirilmiş birgə tədbirlər və əməkdaşlığın səviyyəsi

Tövsiyə edilir: Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

İcraçılar: Ədliyyə Nazirliyi və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları

2016-2018

10.2.

Müxtəlif hədəf qrupları, o cümlədən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təhsil-tədris proqramlarının hazırlanması, təlim və treninqlərin keçirilməsi, belə təşəbbüslərin dəstəklənməsi

Hazırlanmış tədris proqramlarının, keçirilmiş təlim və treninqlərin və cəlb edilmiş şəxslərin sayı

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq

İcraçılar: mərkəzi icra hakimiyyəti orqanları

2016-2018

10.3.

Ali və orta ixtisas təhsili müəssisələrinin tədris proqramlarına antikorrupsiya mövzusunun əlavə edilməsi, tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi

Əlavə edilmiş mövzular, təşkil edilmiş mühazirə və tədbirlərin sayı

İcraçılar: Təhsil Nazirliyi, ali təhsil müəssisələri

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq

2016-2018

10.4.

Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və paylanması

Hazırlanmış və paylanmış təşviqat materialları barədə məlumat

İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2018

11. Fəaliyyət Planının icrasının monitorinqi və nəzarətin təşkili

11.1.

Fəaliyyət Planının icrasının monitorinqi prosesinə informasiya texnologiyalarının tətbiqi üzrə tədbirlərin görülməsi, dövlət orqanları tərəfindən Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasına məsul şəxslərin müəyyən edilməsi

Elektron proqram təminatının hazırlanması, məsul şəxslərin müəyyən edilməsi və onlar üçün təlimlərin keçirilməsi

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

İcraçılar: mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2018

11.2.

Dövlət orqanlarının daxili nəzarət qurumları ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsi və səmərəli əlaqələndirmənin təşkili

Yaradılmış əlaqələndirmə mexanizmi

İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq

2016-2018

11.3.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Milli Məclisi qarşısındakı illik hesabatlarında açıq hökumət və korrupsiyanın qarşısının alınması sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilməsi

Hesabatlara bununla bağlı daxil edilmiş müvafiq məlumat

İcraçı: Nazirlər Kabineti

2016-2018

11.4.

Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının qiymətləndirilməsi və nəticəsi ilə bağlı məlumatların ictimaiyyətə təqdim edilməsi

Fəaliyyət Planın icrası ilə bağlı məlumatın internet səhifəsində yerləşdirilməsi

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2016-2018

11.5.

Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi

Dəstəklənmiş layihələrin sayı

İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2016-2018

11.6.

Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi

Həyata keçirilmiş sorğu və araşdırmalar barədə məlumat

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

İcraçılar: mərkəzi və yerli icra hakimiyyəti orqanları

2016-2018