word_32_32

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları” və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu” təsdiq edilən Dövlət Agentliyi fəaliyyətə başlamışdır. Dövlət Agentliyinin gərgin fəaliyyət göstərdiyi 2012-ci ilin son rübündə əsas məqsəd operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, yenilik, müasirlik amillərinin cəmləşdiyi bir məkan kimi layihələndirilən “ASAN xidmət” mərkəzlərinin birincisinin açılışını həyata keçirmək və həmin məkandan vətəndaşlara xidmət göstərilməklə vətəndaş məmnunluğunu təmin etmək olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 sentyabr tarixli 2440 nömrəli Sərəncamı ilə müəyyən edilən pilot layihə çərçivəsində 2012-ci il 29 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Dövlət Agentliyi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin inzibati binasının açılış mərasimi həyata keçirilmişdir.

“Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamın 3.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin 2012-ci il 3 dekabr tarixli 86 nömrəli əmri ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilmiş tədbirlərin icrası ilə əlaqədar “İş planı” təsdiq edilmiş və bu barədə məlumat Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilmişdir.

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə

İnformasiya əldə edilməsinin asanlaşdırılması istiqamətində Dövlət Agentliyində informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilmiş və kütləvi informasiya vasitələri və “ASAN xidmət” mərkəzinin internet saytı vasitəsilə ictimaiyyətin məlumatlandırılması həyata keçirilmişdir. 2013-cü ildə informasiya azadlığı üzrə məsul şəxs və İctimaiyyətlə əlaqələr sektorunun dövlət qulluqçuları üçün “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu və müvafiq qanunvericiliyin tələblərinin həyata keçirilməsi ilə bağlı təlim və treninqlərin həyata keçirilməsi planlaşdırılır.

Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi istiqamətində aşağıdakı tədbirlər həyata keçirilmişdir.

 Agentliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılan, sadə dildə yazılmış versiyasının, bələdçi qaydaların tərtib edilməsi və bu məlumatların vətəndaşlar arasında təşviq edilməsi məqsədi ilə “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər üzrə ayrı-ayrı normativ hüquqi aktlarda yer alan təlimatların vətəndaş üçün daha anlaşılan və sadə dildə və tək sənəd içində toplanması həyata keçirilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin standartları” layihəsi hazırlanmışdır. “ASAN xidmət” mərkəzlərində digər dövlət orqanlarının nümayəndələri tərəfindən həyata keçirilən xidmətlərlə bağlı qanunvericilik aktlarının vətəndaşı birbaşa maraqlandıran hissələri daha sadə və asan başa düşülən şəkildə www.asan.gov.az saytının “asan xidmətlər” bölməsinə yerləşdirilmişdir.

Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri vasitəsilə vətəndaşlara göstərdiyi xidmətlər və həmin xidmətlər üzrə nəzərdə tutulan rüsumlar haqqında məlumatların yer aldığı reflet, buklet və broşurlar tərtib edilərək əhaliyə paylanmış və müntəzəm ictimaiyyətə çatdırılmanın təmin edilməsi məqsədi ilə inzibati binanın daxilində və xaricində müvafiq yerlərə roll-uplar yerləşdirilmişdir.

2013-cü ildə fəaliyyətə başlayacaq www.vxsida.gov.az internet saytında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və hazırda hesabatı təqdim edilən Dövlət proqramı üzrə internet portallarının yaradılması nəzərdə tutulur.

Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi tədbiri üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri vasitəsilə bilavasitə əhaliyə xidmət göstərdiyini nəzərə alaraq vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron hökumət üzrə İctimai Şuranın yaradılması planlaşdırılmış və bu istiqamətdə işlər aparılmağa başlanmışdır. Şuranın 2013-cü ildə tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Bununla yanaşı Dövlət Agentliyinin 2012-ci ildən “Facebook”, “Twitter” və “Youtube” səhifələri yaradılmış,  mütəmadi olaraq fəaliyyəti ilə bağlı mövzular üzrə müzakirələr aparılaraq vətəndaşların rəy və təklifləri öyrənilmiş və 29 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyətinin təşkilində nəzərə alınmışdır.

Vətəndaşların məlumatlandırılması və maarifləndirilməsinə xidmət edən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi 2013-cü ildə ilk olaraq orta məktəb müəllim heyəti, tanınmış ictimai-mədəni və elm xadimləri ilə nəzərdə tutulmuşdur.

Elektron xidmətlərin təkmilləşdirilməsi üzrə Tədbirlər Planının 4.5-ci bəndi ilə nəzərdə tutulmuş “Elektron xidmətlər göstərilməsi üzrə qiymətləndirmənin həyata keçirilməsi və ictimaiyyətə açıqlanması” ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 2.1.7, 3.1.10.3 və 4.1.5, 4.1.6, 4.1.7-ci yarımbəndlərinə əsasən “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları” və “Dövlət orqanları tərəfindən informasiya sistemləri, məlumat bazaları və elektron xidmətlərə dair layihələrin təqdim olunması və rəylərin hazırlanması Qaydaları”nın layihəsi hazırlanmış və 2013-cü ildə təsdiqlənəcək həmin Qaydalar çərçivəsində Dövlət Agentliyi tərəfindən pilot layihə kimi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində daha sonra digər dövlət orqanlarında həyata keçirilən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparılması planlaşdırılmışdır. Keçirilmiş qiymətləndirmənin nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir.

Həmin hissədə nəzərdə tutulmuş “Dövlət orqanları arasında elektron informasiya dövriyyəsinin təmin edilməsi məqsədi ilə vahid sistemin yaradılması” ilə bağlı bildiririk ki, dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirilməsi zamanı əldə olunmuş məlumatlar əsasında dövlət orqanlarının informasiya bazalarının vəziyyəti, serverlərin yüklülüyü və digər texniki parametrlərin vəziyyəti ayrıca dövlət orqanlarının elektron xidmətlərlə bağlı təqdim olunmuş reqlamentləri təhlil olunur, onların inteqrasiya üçün yararlı olub olmadığı müəyyənləşdirilir. Əldə olunmuş məlumatlar əsasında 2013-cü il ərzində Agentlik tərəfindən lazımı tədbirlər görüləcəkdir.

 Rüsumların, vergilərin, inzibati cərimələrin, kommunal xərclərin və digər inzibati ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Agentliyinin təşəbbüsü ilə ilk olaraq “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərlə bağlı dövlət rüsumlarının həmin mərkəzlərdə quraşdırılacaq paypointlər vasitəsilə ödənilməsi üçün əlaqədar qurum ilə danışıqlar aparılmış və ilkin razılıq əldə edilmişdir. 2013-cü ildə bu təşəbbüsün həyata keçirilməsi və təkmilləşdirilməsi planlaşdırılır.

Regionlarda əhalinin elektron xidmətlərdən istifadə imkanlarının artırılması üzrə “ASAN xidmət” mərkəzinin fəaliyyət istiqamətlərindən biri olan səyyar xidmətlərin 2013-cü ildə mərhələli şəkildə həyata keçirilməsinə başlanması və qeyd edilən istiqamətdə istifadə edilməsi nəzərdə tutulur. Belə ki ilkin mərhələdə qurumun xüsusi treylerləri bölgələrə gedərək, orada insanlara səyyar xidmət göstərəcəkdir. Texniki yeniliklərlə təchiz olunmuş treylerlərdəki avadanlıq peyk vasitəsilə Bakı şəhərində yerləşən mərkəzi ofisə qoşulacaq və vətəndaşların müraciəti onlayn rejimdə nəzərdən keçiriləcəkdir. Növbəti mərhələdə isə regionlarda açılan “ASAN xidmət” mərkəzləri vasitəsilə şəxslərin xidmətlərdən müəyyən edilmiş xidmət haqqı qarşılığında yaşadığı və ya olduğu yeri tərk etmədən yararlanmasının təşkili planlaşdırılır. Bu istiqamətdə müvafiq normativ hüquqi bazanın formalaşdırılması məqsədi ilə qanun layihəsi hazırlanmış və təqdim edilmişdir.

 Açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi üçün açıq hökumət təşəbbüsü üzrə maarifləndirici materialların nəşri və əhali arasında paylanması həyata keçirilmişdir. Belə ki, “ASAN xidmət” mərkəzlərində fəaliyyətin təşkili, göstərilən xidmətlər və həmin xidmətlər üzrə nəzərdə tutulan rüsumlar haqqında məlumatların yer aldığı reflet, buklet və broşurlar tərtib edilərək əhaliyə paylanmışdır. Eyni zamanda “ASAN xidmət” mərkəzində xidmət göstərən 9 dövlət orqanının 23 xidməti ilə bağlı roll-uplar yerləşdirilmişdir. “Açıq Hökumət Tərəfdaşlığı” çərçivəsində öhdəliklərin icrası istiqamətində zəruri tədbirlər 2013-cü ildə təkmilləşdirilərək davam etdiriləcəkdir.

 “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə

Agentlikdə ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi Agentliyin rəhbərliyi tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa qəbulunun təşkili məqsədi ilə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları” və “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində vətəndaşların qəbulu Qaydalar”ı və ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə daxil olan müraciət və məktublara baxılma mexanizmi haqqında” orqan daxili bələdçi qaydaların layihələri hazırlanmışdır. 2012-ci il ərzində Dövlət Agentliyi tərəfindən 93 xidməti məktub və 9 vətəndaş müraciəti cavablandırılmışdır. 2013-cü ildə bu istiqamətdə aparılan işlər davam etdiriləcək və təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər həyata keçiriləcəkdir. Belə ki, Agentliyin nümunəvi iş nomenklaturasının hazırlanması və Agentliyin daxili  elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsi istiqamətində İnformasiya texnologiyaları şöbəsi və Elektron sənəd dövriyyəsi şöbələri kənardan mütəxəssislərin də cəlb edilməsi yolu ilə tədbirlər həyata keçirməyə başlamışdır.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.1.7-ci yarımbəndinə əsasən “Çağrı mərkəzi”nin yaradılması və fəaliyyətinin təmin edilməsi nəzərdə tutulmuşdur. “Çağrı mərkəzi” vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilər. Mərkəz eyni zamanda videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirə bilər. Agentlik tərəfindən “Çağrı mərkəzi”nin yaradılması ilə əlaqədar ilkin zəruri tədbirlər görülmüş, üç rəqəmli əlaqə nömrəsi müəyyən edilmiş və növbəti ilin 1 fevral tarixindən istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil ediləcək “Çağrı mərkəzi”nin bütün dövlət orqanlarının göstərdiyi xidmətlər barədə vətəndaşlara məlumat verməsi üçün digər dövlət orqanlarının telefon məlumat mərkəzləri ilə əlaqəli fəaliyyət göstərməsi zərurəti müəyyən edilmiş, dövlət orqanlarında yaradılacaq “Çağrı mərkəz”lərinin vahid qaydalara uyğun olaraq təşkil edilməsinin və fəaliyyət göstərməsinin təmini, digər dövlət orqanlarında fəaliyyət göstərən “qaynar xətt” məlumat mərkəzlərinin də beynəlxalq standartlara uyğun vahid qaydalara əsaslanan “Çağrı mərkəz”ləri ilə əvəz edilməsi üçün “Dövlət orqanlarında Çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları” və həmin Qaydaların təsdiq edilməsi haqqında Fərman layihəsi hazırlanmışdır.

Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı 2012-ci il 5 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vasitəsilə Dövlət Agentliyinin 29 vakant vəzifəsi ilə bağlı müsabiqə və müsahibə elan edilmiş, müsabiqə və müsahibələrin keçirilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi istiqamətində Komissiya tərəfindən hazırlanan Kadr Strategiyası layihəsinə təkliflər təqdim edilmişdir.

 Etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində 2012-ci il 15 noyabr tarixindən 2012-ci ilin 15 dekabr tarixinədək 3 qrup olmaqla “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək dövlət qulluqçuları və digər dövlət orqanlarının 74 əməkdaşına etik davranış məsələləri üzrə təlim kursu keçilmişdir. Etik davranış məsələləri üzrə illik hesabat nəzarət orqanına təqdim edilmişdir.

 Dövlət Agentliyi sədrinin 21 dekabr 2012-ci il tarixli 04-AS nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan ASAN xidmət mərkəzlərində qulluq keçən dövlət qulluqçularının Etik Davranış Qaydaları” təsdiq edilmişdir.

 2013-cü ildə fəaliyyətə başlayacaq Dövlət Agentliyinin internet saytında həmin Qaydaların yerləşdirilməsi və hesabatların ictimaiyyətə açıqlanması üçün xüsusi bölmə nəzərdə tutulmuşdur. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 3-cü hissəsinə edilən dəyişiklik ilə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən  dövlət orqanlarının əməkdaşlarına münasibətdə etik məsələlərlə bağlı nəzarət orqanı olaraq müəyyən edilmiş və bu çərçivədə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində  olan “ASAN xidmət” mərkəzlərində qulluq keçən dövlət orqanlarının nümayəndələrinin Etik Davranış Qaydaları”nın layihəsi hazırlanaraq razılaşdırma üçün aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir.

 Dövlət Agentliyinin fəaliyyətə başladığı gündən etibarən qısa müddət ərzində Dünya Bankı (World Bank), BMT İnkişaf Proqramı (UNDP), Avropa İttifaqı (EU), ATƏT (OSCE), USAİD, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), İBM və Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) kimi təşkilatlarla əlaqə yaradılmış, görüşlər təşkil edilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə xidmətlərin elektronlaşdırılması, elektron xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi və bu kimi operativ tədbirlər vasitəsilə korrupsiya və ya digər neqativ halların qarşısının alınması haqqında əməkdaşlıq həyata keçirilmişdir.

 Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə işinin aparılması həyata keçirilərkənASAN xidmət” mərkəzlərinin əsas fəaliyyət məqsədlərindən biri olan şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi televiziyanın aparıcı kanallarına və radiolara verilən müsahibələrdə xüsusilə vurğulanmış, internet və yazılı media nümayəndələri ilə aparılan məlumatlandırıcı müzakirələrdə qeyd edilmiş, bu istiqamətdə onlarla sıx əməkdaşlığın həyata keçirilməsi istəyi dilə gətirilmişdir. Bu sahədə maarifləndirici məlumatların ödənişsiz olaraq “ASAN xidmət” mərkəzləri vasitəsilə əhaliyə və kütləvi informasiya vasitələrinə çatdırılması mütəmadi davam etdirilir.