Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ.Kərimovun “29” dekabr 2014-cü il tarixli 9.1.9/E-05 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin

Beynəlxalq əlaqələr şöbəsi haqqında

Əsasnamə

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) Beynəlxalq əlaqələr şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra - Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılan Agentliyin Aparatının struktur bölməsidir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentliyin Əsasnaməsini, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyindəki qurumlarla əlaqəli həyata keçirir.

1.4. Şöbənin tərkibində Beynəlxalq əlaqələr sektoru və Protokol sektoru fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

 

2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Agentliyin və “ASAN xidmət” mərkəzlərinin (bundan sonra – mərkəzlər) fəaliyyəti barədə beynəlxalq təbliğat və təşviqat işini təmin edir;

2.1.2. beynəlxalq əməkdaşlıq sahəsində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir;

2.1.3. Agentliyin və mərkəzlərin fəaliyyəti haqqında beynəlxalq tərəfdaşların məlumatlandırılmasını və bu istiqamətdə onlarla mütəmadi əlaqələrin qurulmasını təmin edir;

2.1.4. beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil edir;

2.1.5. beynəlxalq əlaqələr və digər sahələr üzrə beynəlxalq təlim və ixtisasartırma kurslarını təşkil edir;

2.1.6. beynəlxalq tədbirlərin təşkili, beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması və görüşlərin keçirilməsi zamanı protokol qaydalarına uyğun fəaliyyəti təmin edir.

 

3. Şöbənin əsas vəzifələri

 

3.1. Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.1.1. şəxslərin qəbulunu həyata keçirmək, vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq;

3.1.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsi üzrə təkliflərin irəli sürülməsi və icrasında iştirak etmək;

3.1.3. Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.4. Agentliyin sədri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

4. Şöbənin əsas hüquqları

 

4.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq təşkilatları ilə işgüzar əlaqələr yaratmaq;

4.1.2. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı beynəlxalq tərəfdaşlarla təmaslarda və müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyin nümayəndəsi kimi iştirak etmək, hüquq və mənafelərini müdafiə etmək;

4.1.3. fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

4.1.4. Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşların iştirakı ilə görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi ilə bağlı təkliflər vermək;

4.1.5. Agentliyin və mərkəzlərin fəaliyyəti barədə beynəlxalq təbliğat və təşviqatı təmin etmək üçün xüsusi nəşrlərin və brend məhsullarının buraxılması ilə bağlı təkliflər vermək;

4.1.6. beynəlxalq tədbirlər və beynəlxalq tərəfdaşlarla təmaslarla bağlı protokol qaydalarının təmin edilməsi ilə bağlı tədbirlər görmək;

4.1.7. Agentlik tərəfindən təşkil olunan beynəlxalq tədbirlərin təşkilati məsələləri ilə bağlı tədbirlər görmək;

4.1.8. vəzifələrinin yerinə yetirilməsi üçün lazımi informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı sorğuların verilməsini təklif etmək;

4.1.9. şöbənin əməkdaşlarının ixtisasının artırılması üçün təkliflər vermək;

4.1.10. Agentliyin, şöbənin və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Beynəlxalq əlaqələr sektorunun funksiyaları

 

5.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

5.1.1. Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və təhlil etmək;

5.1.2. müvafiq beynəlxalq təşkilatlarla, xarici ölkələrin dövlət qurumları ilə qarşılıqlı əlaqələri yaratmaq və birgə layihələri həyata keçirmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi üzrə Agentliyin fəaliyyətini əlaqələndirmək;

5.1.3. xarici ölkələrə olan ezamiyyətlərlə bağlı təqdimatlar vermək və nümayəndə heyətinin tərkibinin formalaşdırılmasına dair təkliflər hazırlamaq;

5.1.4. Agentliyin fəaliyyəti ilə bağlı beynəlxalq müqavilələrin layihələrini hazırlamaq;

5.1.5. beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək, əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təşkil etmək;

5.1.6. Agentliyin ayrı-ayrı struktur bölmələrinin beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlığını təmin etmək;

5.1.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq təhlillər aparmaq və təkliflər hazırlamaq;

5.1.8. Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq forumların, konfransların, sərgilərin və ya bu kimi tədbirlərin ölkədə keçirilməsinə dair təkliflər vermək;

5.1.9. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək, şəxslərin qəbulunu həyata keçirmək;

5.1.10. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

5.1.11. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

6. Protokol sektorunun funksiyaları

 

6.1. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

6.1.1. Agentliyin və mərkəzlərin fəaliyyəti barədə beynəlxalq təbliğat və təşviqat işini təmin etmək, beynəlxalq tərəfdaşların məlumatlandırılması və bu işin mütəmadi olaraq xarici dövrü mətbuatda işıqlandırılmasını həyata keçirmək;

6.1.2. Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlər keçirmək;

6.1.3. Agentlik tərəfindən təşkil olunan beynəlxalq tədbirlərin gündəlik, proqram və digər işçi sənədlərinin hazırlanması;

6.1.4. Agentliyin tədbirlərində Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının və beynəlxalq tərəfdaşların nümayəndələrinin iştirakını təşkil etmək;

6.1.5. Agentliyin beynəlxalq tərəfdaşlarının ölkəyə səfər edən müvafiq nümayəndələrinin qarşılanması və yola salınması işinin təşkil olunması;

6.1.6. müvafiq bayramlar və digər əlamətdar hadisələrlə bağlı Agentliyin sədri adından təbrik məktublarının və digər protokol yazışmalarının həyata keçirilməsi, habelə protokol qaydalarına uyğun olaraq hədiyyələrin göndərilməsinin təşkil olunması;

6.1.7. Agentliyin nümayəndə heyətinin xarici ölkələrə olan ezamiyyətləri ilə bağlı protokol-təşkilati məsələlərin həll edilməsi;

6.1.8. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək, səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu həyata keçirmək;

6.1.9. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

6.1.10. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

7. Şöbənin fəaliyyətinin təşkili

 

7.1. Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

7.2. Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.3. Şöbə müdiri:

7.3.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

7.3.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

7.3.3. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Kollegiya iclaslarında iştirak edir;

7.3.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

7.3.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən və mərkəzlərdən zəruri məlumat və sənədləri alır;

7.3.6. Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

7.3.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını təşkil edir.

7.4. Şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı şöbə müdirinin təqdimatı əsasında Agentliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir.

7.5. Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən eyni zamanda Beynəlxalq əlaqələr sektoruna rəhbərlik edən müavini vardır.

7.6. Şöbə müdirinin müavini - sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.7. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini - sektor müdiri həyata keçirir.

7.8. Şöbənin Protokol sektoruna Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.

7.9. Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

7.10. Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

7.11. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.