Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ.Kərimovun “29” dekabr 2014-cü il tarixli 9.1.9/E-05 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
İnsan resursları və təlim şöbəsi haqqında
ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) İnsan resurslarıvə təlim şöbəsi (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra - Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun yaradılan Agentliyin Aparatının struktur bölməsidir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentliyin Əsasnaməsini, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyində olan qurumlarla əlaqəli həyata keçirir.
1.4. Şöbə “Kadr məsələləri” sözləri yazılmış möhürə malikdir.
1.5. Şöbənin tərkibində Kadr məsələləri sektoru və Təlim sektoru fəaliyyət göstərir.

2. Şöbənin fəaliyyət istiqamətləri

2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Agentliyin aparatı və “ASAN xidmət” mərkəzlərində (bundan sonra - mərkəz) dövlət qulluğu və kadr işini, əmək münasibətlərinin tənzimlənməsinin təşkilini və təkmilləşdirilməsini təmin edir;
2.1.2. mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün etik davranış kurslarının təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninq və təlimlərin keçirilməsini təmin edir;
2.1.3. dövlət qulluqçularının əlavə təhsil, təlim ehtiyaclarının müəyyən edilməsi, peşə ixtisas hazırlığının, mədəni və təhsil səviyyəsinin inkişaf etdirilməsi, bu istiqamətdə tədbirlərin həyata keçirilməsini təmin edir;
2.1.4. insan resurslarının inkişafı, fiziki və intellektual imkanlarının səmərəli istifadəsi, elmi analitik tədqiqatların aparılması sahəsində tədbirlər hazırlayır və həyata keçirir;
2.1.5. “ASAN xidmət” modelinin elmi institusional əsaslarının işlənib hazırlanmasını təmin edir.

3. Şöbənin vəzifələri

3.1. Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:
3.1.1. şəxslərin qəbulunu həyata keçirmək, şəxslərdən və təşkilatlardan daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq;
3.1.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;
3.1.3. qanunvericiliyə uyğun olaraq mərkəzlərdə könüllülərin fəaliyyətinin təşkilini həyata keçirmək;
3.1.4. Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
3.1.5. Agentliyin sədri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

4. Şöbənin hüquqları

4.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1.  insan resursları və fəaliyyət istiqamətlərinə uyğun digər sahələr üzrə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.1.2. işçilərin ictimai və mənəvi tələbat səviyyəsinin, əməyin məhsuldarlığının və səmərəsinin artırılmasına imkan yaradan, daha əlverişli sosial-psixoloji şəraitin yaradılmasına yönəldilən tədbirlərin işlənib hazırlanması və tətbiqi məqsədi ilə Agentlikdə sosioloji sorğular aparmaq;
4.1.3. əlverişli iş şəraiti yaratmaq və onun effektivliyini artırmaq məqsədi ilə mərkəzlərə cəlb edilmiş dövlət orqanlarının əməkdaşlarının əmək fəaliyyətinə təsir göstərən psixoloji, iqtisadi və digər faktorların öyrənilməsi üçün araşdırmalar aparmaq;
4.1.4. mərkəzlərdə fəaliyyət göstərəcək dövlət orqanları əməkdaşlarının təyinatı zamanı təqdim edilmiş siyahıları ümumiləşdirmək və təhlil etmək;
4.1.5. mərkəzlərdə fəaliyyət göstərəcək dövlət orqanları əməkdaşlarının seçilməsində və onların nəzakətlilik, məsuliyyət, ünsiyyət qurmaq və izahetmə bacarıqlarının qiymətləndirilməsində iştirak etmək;
4.1.6. Agentliyin sədrinin tapşırığına əsasən şöbənin fəaliyyəti ilə bağlı sahələrin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;
4.1.7. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;
4.1.8. vəzifələrinin yerinə yetirilməsi üçün lazımi informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı müəyyən edilmiş qaydada sorğuların verilməsini təklif etmək;
4.1.9. Agentliyin digər struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərlərinin razılığı ilə onların əməkdaşlarını Şöbənin əsas vəzifələrinin həyata keçirilməsini nəzərdə tutan tədbirlərin hazırlanmasına və bu tədbirlərin yerinə yetirilməsinə cəlb etmək;
4.1.10. Şöbənin əməkdaşlarının ixtisasının artırılması üçün təkliflər vermək;
4.1.11. Fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.1.12. “ASAN xidmət” modelinin elmi institusional əsaslarının işlənib hazırlanmasına nəzarət etmək;
4.1.13. elmi tədqiqat yönümlü dəyirmi masalar və konfranslar, seminarlar təşkil etmək, həmçinin əməkdaşların dövri nəşrlərdə, yerli və xarici kütləvi informasiya vasitələrində, elmi, tədqiqat xarakterli tədbirlərdə (konfrans, simpozium vəs.) yazılarla, çıxışlarla müntəzəm iştirakını təşkil və təşviq etmək;
4.1.14. yerli və xarici elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasını təşkil etmək;
4.1.15. magistrlərə, doktorantlara, gənc alimlərə və elmi araşdırmaçılara dəstək verilməsini, elmi nəşrlərin hazırlanmasını təklif və təşkil etmək;
4.1.16. fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;
4.1.17. Agentliyin, Şöbənin və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək.

5. Kadr məsələləri sektorunun funksiyaları

5.1.   Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
5.1.1.   Agentliyin və mərkəzlərin yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində Agentliyin səlahiyyətləri daxilində dövlət kadr strategiyasını həyata keçirmək;
5.1.2.    “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən etmək və Agentliyin sədrinin bu barədə qəbul etdiyi qərarı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim etmək;
5.1.3.   dövlət qulluğuna kadrların seçilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə və ya müsahibələrdə nümayəndə qismində iştirak etmək, müsahibə və ya müsabiqə əsasında təyinat aparıldıqda, təşkilati və metodiki tədbirləri həyata keçirmək;
5.1.4.    Agentliyin dövlət qulluqçuları barədə məlumatın Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi üçün qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim etmək;
5.1.5.    Agentlik və mərkəzlərdə çalışan dövlət qulluqçularının və digər əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak etmək və qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək, illik yekun hesabatlarını hazırlamaq və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə məlumat vermək;
5.1.6.   daimi dövlət qulluğuna qəbul olunacaq dövlət qulluqçularının qanunvericiliyə uyğun təntənəli surətdə and içməsini təmin etmək;
5.1.7.   Agentliyin dövlət qulluqçularının ixtisas dərəcələrinin qanunvericiliyə uyğun verilməsini təmin etmək;
5.1.8.   staj müddətinə təyin olunmuş dövlət qulluqçularının kuratorunun müəyyən edilməsi və onlarla işin aparılmasını təşkil etmək;
5.1.9.    dövlət qulluğu vəzifələrinə qanunvericiliyə uyğun tələblərin müəyyən edilməsi və qulluq funksiyalarının hazırlanması işini həyata keçirmək;
5.1.10.   əməkdaşların xidməti vəsiqələr, əmək kitabçaları ilə təmin edilməsini, əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin etmək;
5.1.11.    yardımçı vəzifələrin tutulması üçün qanunvericiliyə uyğun tədbirlər görmək;
5.1.12.   dövlət qulluğu və əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Agentliyin və tabeliyindəki qurumların kadr məsələlərinin rəsmiləşdirilməsini həyata keçirmək;
5.1.13.    qanunvericiliyin tələblərinə müvafiq qaydada kadr uçotunu təşkil etmək, kadr və əməyin mühafizəsi işlərini aparmaq, bu istiqamətdə təşkilati-metodiki rəhbərliyi həyata keçirmək;
5.1.14.   dövlət qulluqçularının şəxsi işlərinin aparılmasını qanunvericiliyə uyğun olaraq həyata keçirmək, təqdim edilmiş sənədlərin tamlığını, onların qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlamaq və şəxsi işlərin mühafizəsini təmin etmək;
5.1.15.    rəhbər vəzifələr üzrə ehtiyat kadrlar siyahısını formalaşdırmaq və ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə illik fəaliyyət planını hazırlamaq, bu barədə məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim etmək, ehtiyat kadrlarla bağlı olan digər mənbələrlə iş aparmaq, perspektivli kadrların peşəkarlığının artırılmasına dair təkliflər hazırlamaq;
5.1.16.  qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularının rotasiyasının həyata keçirilməsini təmin etmək;
5.1.17.   vəzifə təlimatlarına və daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
5.1.18.   əməkdaşlara tələb olunan arayışları vermək;
5.1.19.   Agentliyin Aparatının əməkdaşlarının illik məzuniyyət qrafikini hazırlamaq, təsdiqlənən qrafikin yerinə yetirilməsinə nəzarət etmək;
5.1.20.   attestasiyanın keçirilməsi ilə əlaqədar vəzifələri həyata keçirmək;
5.1.21.   Agentliyin dövlət qulluqçularının mükafatlandırılması və ya intizam məsuliyyətinə cəlb olunması barədə sənədlərini hazırlamaq;
5.1.22.    kadrlarla iş sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək ümumiləşdirmək və tətbiq edilməsi istiqamətində təkliflər vermək;
5.1.23.   kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;
5.1.24.   mərkəzlərdə fəaliyyət göstərəcək dövlət orqanları əməkdaşlarının təyinatı zamanı onların nəzakətlilik, məsuliyyət, ünsiyyət qurmaq və izah etmə bacarıqlarına dair aidiyyəti orqanlara göndəriləcək rəyləri hazırlamaq;
5.1.25.  mərkəzlərə təyin edilmiş və ediləcək dövlət orqanları əməkdaşlarının nəzakətlilik, məsuliyyət, ünsiyyət qurmaq və izah etmə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı adaptasiya və motivasiya tədbirlərini həyata keçirmək;
5.1.26.  dövlət orqanları əməkdaşlarının məzuniyyətlərinin məzuniyyət qrafikinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
5.1.27.  əlverişli iş şəraiti yaratmaq və onun effektivliyini artırmaq məqsədi ilə mərkəzlərə cəlb edilmiş dövlət orqanları əməkdaşlarının əmək fəaliyyətinə təsir göstərən psixoloji, iqtisadi və təşkilati faktorları öyrənmək, kollektivin sosial-inkişaf plan layihələrinin tərtibində iştirak etmək;
5.1.28.  könüllülərin Agentliyə cəlb edilməsini, onlarla müqavilənin bağlanmasını, könüllülərin Agentlikdəki fəaliyyətini və qiymətləndirmələrinin həyata keçirməsini təşkil etmək, müqavilə öhdəliklərini uğurla başa vurmuş könüllülərə sertifikatların verilməsində iştirak etmək;
5.1.29.   şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
5.1.30.   şöbə müdiri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

6.   Təlim sektorunun funksiyaları

6.1.   Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
6.1.1.    mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün etik kursların təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninq və təlimlərin keçirilməsini təmin etmək;
6.1.2.   Agentliyin və mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının əlavə təhsil, təlim ehtiyaclarının müəyyən edilməsi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsini təmin etmək;
6.1.3.   yeni təyin olunmuş işçilərlə adaptasiya işinin aparılmasını həyata keçirmək;
6.1.4.   Agentliyin əməkdaşlarının komanda quruculuğu işinin təşkilini həyata keçirmək;
6.1.5.   Agentliyin aparatının əməkdaşları üçün əməyin mühafizəsinin normaları, qaydaları və prinsipləri, əmək və icra intizamının təmin edilməsi qaydaları üzrə təlimlər keçirmək;
6.1.6.   ixtisas hazırlığının artırılması məqsədi ilə dövlət qulluqçularının təcrübə keçmə, yenidən hazırlanma və ixtisaslarının artırılması məsələləri üzrə müvafiq tədbirlər görmək;
6.1.7.   Agentlikdə və mərkəzlərdə ictimai faydalı fəaliyyətə cəlb olunmuş könüllülər üçün təlimlər təşkil etmək və keçirmək;
6.1.8.   əməkdaşların təşkil olunmuş yerli təlimlərdə iştirakı ilə bağlı təşkilatı məsələləri həll etmək;
6.1.9.  əməkdaşları yeni vəzifələrinin icrasına hazırlamaq, biliklərini sistemli şəkildə yeniləmələri, peşə mədəniyyətlərini artırmaları istiqamətində tədbirlər həyata keçirmək;
6.1.10.    qabiliyyət və bacarığın idarə olunması, karyera planlama, risklərin idarə olunması və qabaqlayıcı iş sahəsində təlimlər təşkil etmək;
6.1.11.    təlimlərin təşkili üçün büdcə təklifini formalaşdırmaq və onu müvafiq şöbəyə təqdim etmək;
6.1.12.   təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırmaq və onların elektron bazasını formalaşdırmaq;
6.1.13.   təşkil olunmuş təlimlərlə bağlı hesabatları hazırlamaq;
6.1.14.   analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
6.1.15.    “ASAN xidmət” modelinin elmi institusional əsaslarının işlənib hazırlanmasını və daima təkmilləşdirilməsini həyata keçirmək;
6.1.16.   yerli və xarici dövri nəşrlərdə, kütləvi informasiya vasitələrində, elmi-praktik tədbirlərdə müntəzəm iştirak etmək;
6.1.17.  “ASAN xidmət” modelinin ali təhsil və elmi tədqiqat müəssisələrində dissertasiya mövzusu qismində tədqiqi üçün tədbirlər həyata keçirmək;
6.1.18.  elmi tədqiqat yönümlü yerli və beynəlxalq layihələrdə, beynəlxalq konfranslarda və simpoziumlarda iştirak etmək;
6.1.19.   elmi tədqiqat yönümlü dəyirmi masalar və konfranslar, seminarlar təşkil etmək;
6.1.20.  Agentliyin əməkdaşlarının elmi tədqiqatlara cəlb edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etmək;
6.1.21.  yerli və xarici elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmaq;
6.1.22.  magistrlərə, doktorantlara, gənc alimlərə və elmi araşdırmaçılara dəstək verilməsi, elmi nəşrlərin hazırlanmasını həyata keçirmək;
6.1.23.   şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
6.1.24.   şöbə müdiri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

7.  Şöbənin fəaliyyətinin təşkili

7.1.   Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.
7.2.   Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
7.3.   Şöbə müdiri:
7.3.1.   Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
7.3.2.  tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
7.3.3.  Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Kollegiya iclaslarında iştirak edir;
7.3.4.  Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
7.3.5.  Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən və mərkəzlərdən zəruri məlumat və sənədləri alır;
7.3.6.  Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
7.3.7.   Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.
7.4.  Şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı şöbə müdirinin təqdimatı əsasında Agentliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir.
7.5.  Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən eyni zamanda Kadr məsələləri sektoruna rəhbərlik edən müavini vardır.
7.6.  Şöbə müdirinin müavini-sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
7.7.   Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini-sektor müdiri həyata keçirir.
7.8.  Şöbənin Təlim sektoruna Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.
7.9.  Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
7.10.  Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.
7.11.  Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.