Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ.Kərimovun “29” dekabr 2014-cü il tarixli 9.1.9/E-05 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsi haqqında

ƏSASNAMƏ

 

 

1.   Ümumi müddəalar

 

1.1.   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) İnformasiya texnologiyaları şöbəsi (bundan sonra - Şöbə)Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra - Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılan Agentliyin Aparatının struktur bölməsidir.

1.2.   Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentliyin Əsasnaməsini, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3.   Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyində olan qurumlarla əlaqəli həyata keçirir.

1.4.   Şöbənin tərkibində İnformasiya resursları və proqramlaşdırma sektoru və Texniki təminat sektoru fəaliyyət göstərir.

 

 

2.   Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.   Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. proqram təminatlarının, informasiya sistemlərinin, informasiya ehtiyatlarının (məlumat bazalarının) və reyestrlərin yaradılması və təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır və bu istiqamətdə tədbirlərin həyata keçirilməsində iştirak edir;

2.1.2. Agentliyin elektron informasiya sistemlərinin fəaliyyətinin təmin olunması və təkmilləşdirilməsi, elektronlaşma prosesinin sürətləndirilməsi üzrə tədbirlər həyata keçirir.

 

 

3.   Şöbənin vəzifələri

 

3.1.   Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.1.1.  Agentliyin vahid kompüter şəbəkəsinin, informasiya sistemlərinin yaradılmasını, tənzimlənməsini, onların fasiləsiz və təhlükəsiz işini təmin etmək;

3.1.1-1. dövlət xidmətlərinin Elektron Reyestrinin formalaşdırılması, aparılması və təkmilləşdirilməsində iştirak etmək;

3.1.1-2. dövlət xidmətlərinin Elektron Reyestrinə daxil edilən xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində, habelə qiymətləndirmə zamanı bilavasitə yerində baxışın və rəy sorğularının keçirilməsində iştirak etmək;

3.1.2.  şəxslərin qəbulunu həyata keçirmək, vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq;

3.1.3.  dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;

3.1.4.  Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.5.  Agentliyin sədri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

4.   Şöbənin hüquqları

 

4.1.   Şöbənin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

4.1.1.  elektron informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi ilə bağlı Agentliyin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etdiyi layihələrin hazırlanmasında və icrasında iştirak etmək, görülən işlər barədə arayışlar, hesabatlar almaq, sorğular verilməsini təklif etmək, həmçinin bilavasitə yerində baxış keçirmək;

4.1.2. dövlət orqanlarının malik olduqları informasiya sistemlərinə çıxış əldə etmək, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədi ilə həmin orqanların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;

4.1.3. dövlət orqanlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq informasiya sistemlərinin yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət edilməsi və istismara qəbul prosesində iştirak etmək;

4.1.4. dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət orqanlarına veriləcək təkliflərin hazırlanmasına və həyata keçirilməsinə nəzarət edilməsində iştirak etmək;

4.1.5. fəaliyyət istiqamətlərinə aid olan məsələlərin tədqiqi və həlli üçün elmi tədqiqat və təcrübi-mühəndis işlərinin görülməsi, texniki ekspertizaların aparılması və məsləhət xidmətlərinin göstərilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada elmi-tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, onlarla müqavilələrin bağlanmasını təmin etmək, işçi qruplar, komissiyalar, elmi-texniki şura yaradılması üçün təkliflər vermək;

4.1.6. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.1.7. Şöbənin əməkdaşlarının ixtisaslarının artırılması üçün təkliflər vermək;

4.1.8. müvafiq sahə üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

 

5.   İnformasiya resursları və proqramlaşdırma sektorunun funksiyaları

 

5.1.  Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

5.1.1. proqram təminatlarının, informasiya sistemlərinin, informasiya ehtiyatlarının (məlumat bazalarının) və reyestrlərin yaradılması və təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır və bu istiqamətdə tədbirlərin həyata keçirilməsində iştirak etmək;

5.1.2. elektron informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi ilə bağlı Agentliyin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etdiyi layihələrin hazırlanmasında və icrasında iştirak etmək;

5.1.3. informasiya sistemləri, informasiya ehtiyatları (məlumat bazaları) və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsində iştirak etmək;

5.1.4. dövlət orqanlarının malik olduqları informasiya sistemləri ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı aidiyyəti orqanlarla birgə hazırlanan tədbirləri həyata keçirmək;

5.1.5. dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılmasında və nəticəsi barədə arayışların, hesabatların hazırlanmasında iştirak etmək;

5.1.6. dövlət orqanlarının informasiya sistemlərinin, elektron xidmətlərin və elektron xidmətlər reyestrinin yaradılmasında iştirak etmək, elektron xidmətlərin göstərilməsi üzrə dövlət orqanlarına metodik və əməli köməklik göstərmək;

5.1.7.  Agentliyin internet saytlarını yaratmaq və daimi yenilənməsini təmin etmək;

5.1.8.  Agentliyin fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının yaradılmasını təşkil etmək;

5.1.9. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək, səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu həyata keçirmək;

5.1.10. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

5.1.11. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

 

6.   Texniki təminat sektorunun funksiyaları

 

6.1.   Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

6.1.1.  Agentliyin vahid kompüter şəbəkəsinin yaradılmasını, tənzimlənməsini və onun fasiləsiz işini təşkil etmək;

6.1.2.  Agentliyin internet resurslarının fəaliyyətini təmin edən proqramların tənzimlənməsi və fasiləsiz işinin təmin olunması üçün zəruri tədbirlər görmək;

6.1.3.  əldə olunması məhdudlaşdırılan məlumat internet informasiya ehtiyatlarına daxil edildikdə, onun əldə olunmasını mümkünsüz edən tədbirləri görmək;

6.1.4.  Agentliyin elektron informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyini və mühafizəsini təmin etmək;

6.1.5. kompüter və şəbəkə avadanlıqlarının idarə edilməsini təmin etmək;

6.1.6.  Agentliyin keyfiyyətli və fasiləsiz internet bağlantısı və telefon rabitəsi ilə təmin edilməsi üçün zəruri tədbirlər görmək;

6.1.7. daxili şəbəkənin, sistemlərin, avadanlıqların yenilənməsi ilə bağlı planlaşdırmalar aparmaq, təkliflər vermək;

6.1.8. Agentliyin elektron poçtunun fasiləsiz işini təşkil etmək;

6.1.9. Agentliyin internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması məqsədilə optimal şərait yaradılması üçün zəruri tədbirlər görmək;

6.1.10. informasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiqi üçün təkliflər vermək;

6.1.11. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək, səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu həyata keçirmək;

6.1.12. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

6.1.13. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

 

7.   Şöbənin fəaliyyətinin təşkili

 

7.1.  Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

7.2.  Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.3. Şöbə müdiri:

7.3.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

7.3.2.  tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

7.3.3.  Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Kollegiya iclaslarında iştirak edir;

7.3.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

7.3.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən və “ASAN xidmət” mərkəzlərindən zəruri məlumat və sənədləri alır;

7.3.6. Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

7.3.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.

7.4.  Şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı şöbə müdirinin təqdimatı əsasında Agentliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir.

7.5.  Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən eyni zamanda İnformasiya resursları və proqramlaşdırma sektoruna rəhbərlik edən müavini vardır.

7.6.  Şöbə müdirinin müavini - sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.7.  Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini - sektor müdiri həyata keçirir.

7.8.  Şöbənin Texniki təminat sektoruna Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.

7.9.  Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

7.10.  Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

7.11.  Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.