Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ.Kərimovun “4” oktyabr 2013-cü il tarixli 9/14-05 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi haqqında

ƏSASNAMƏ

 

1.                 Ümumi müddəalar

 

1.1.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) Hüquqi təminat şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra - Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılan struktur bölməsidir.

1.2.   Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentliyin Əsasnaməsini, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3.   Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyində olan qurumlarla əlaqəli həyata keçirir.

1.4.   Şöbənin tərkibində Daxili hüquqi tənzimləmə sektoru və Hüquqi aktların ekspertizası sektoru fəaliyyət göstərir.

 

2.                 Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.   Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1.   Agentliyin aparatı və “ASAN xidmət” mərkəzlərində (bundan sonra – mərkəzlər) Agentliyin fəaliyyət istiqamətləri üzrə qəbul edilmiş normativ və qeyri normativ hüquqi aktların tətbiqini təşkil edir;

2.1.2.   Agentliyin fəaliyyəti və mərkəzlərdə göstərilən xidmətlərlə bağlı qanunvericiliyin tətbiqində informasiya xidmətini həyata keçirir;

2.1.3.   normativ hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərinin təşkilini və təkmilləşdirilməsini, Agentliyin məhkəmələrdə təmsil olunmasını, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir;

2.1.4.   Agentlikdə və mərkəzlərdə hüquqi təminat işlərinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir.

 

3.                 Şöbənin vəzifələri

 

3.1.   Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.1.1.   fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək,şəxslərin qəbulunu həyata keçirmək;

3.1.2.   dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;

3.1.2-1. dövlət xidmətlərinin Elektron Reyestrinin formalaşdırılması və təkmilləşdirilməsində iştirak etmək, həmçinin qanunvericiliyə uyğun aparılmasını təmin  etmək;

3.1.2-2. dövlət xidmətlərinin Elektron Reyestrinə daxil edilən xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində, habelə qiymətləndirmə zamanı bilavasitə yerində baxışın və rəy sorğularının keçirilməsində iştirak etmək;

3.1.3.   Agentliyin qeyri normativ hüquqi aktlarının layihələrinə viza vermək;

3.1.4.   Agentlikdə və mərkəzlərdə çalışan dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbeh tədbirlərindən verilmiş şikayətlərə baxmaq və müvafiq qərarın qəbul edilməsi barədə rəhbərliyə təkliflər vermək;

3.1.5.   attestasiyanın keçirilməsi ilə əlaqədar Agentliyin üzərinə düşən vəzifələrin həyata keçirilməsində iştirak etmək;

3.1.6.   Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.7.   Agentliyin sədri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

4.                 Şöbənin hüquqları

 

4.1.   Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1.   Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2.   Agentliyin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər vermək;

4.1.3.   Agentliyin digər struktur bölmələri və mərkəzlər tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlil etmək və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

4.1.4.   Agentliyin digər struktur bölmələrində və mərkəzlərdə idarəetmənin təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlamaq;

4.1.5.   vəzifələrinin yerinə yetirilməsi üçün lazımi informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı sorğuların verilməsini təklif etmək;

4.1.6.  Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyin nümayəndəsi kimi iştirak etmək;

4.1.6-1. elektron informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi ilə bağlı Agentliyin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etdiyi layihələrin hazırlanmasında və icrasında iştirak etmək, görülən işlər barədə arayışlar, hesabatlar almaq, sorğular verilməsini təklif etmək;

4.1.7.   fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.1.8.         Agentliyin, şöbənin və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.9.          Agentliyin sədrinin tapşırığı ilə Agentliyin fəaliyyətinin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;

4.1.10. Şöbənin əməkdaşlarının ixtisasının artırılması üçün təkliflər vermək.

 

5.         Hüquqi aktların ekspertizası sektorunun funksiyaları

 

5.1.  Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

5.1.1.   Agentliyə daxil olmuş normativ hüquqi aktların və digər sənədlərin, beynəlxalq, mülki, idarələrarası və s. müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;

5.1.2.   Agentliyin digər struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, normativ akt və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;

5.1.3.  qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halları araşdırmaq və Agentliyin sədrinə məlumat vermək;

5.1.4.   Agentliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, daxili qaydaların, təlimatların və digər normativ sənədlərin layihələrini hazırlamaq, digər struktur bölmələr tərəfindən hazırlanan ilkin layihələri və qəbul edilmiş sənədləri təhlil etmək, onların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

5.1.5.   Agentlikdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətində təhlillər və ümumiləşdirmələr aparmaq, bununla bağlı təkliflər hazırlamaq;

5.1.6.   Agentliyin digər struktur bölmələrinin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər vermək, arayışlar və rəylər hazırlamaq;

5.1.7.   rəhbərlik və əməkdaşlara orqanın fəaliyyəti istiqamətləri üzrə qanunvericilik və qanunvericiliyə edilmiş dəyişikliklər və əlavələr barədə məlumat vermək və hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;

5.1.8.   fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentlikdə yaradılmış komissiyalarda, işçi qruplarında şöbəni təmsil etmək və onların işində iştirak etmək;

5.1.8-1. dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılmasında və nəticəsi barədə arayışların, hesabatların hazırlanmasında iştirak etmək;

5.1.9.   fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Agentliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;

5.1.10.        hüquqi məsələlərlə bağlı Agentliyi təmsil etmək;

5.1.11.      şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

5.1.12.      şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

6.         Daxili hüquqi tənzimləmə sektorunun funksiyaları

 

6.1.   Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

6.1.1.   Agentliyin digər struktur bölmələrində və mərkəzlərdə hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyin həyata keçirilməsini təşkil etmək;

6.1.2.   Agentliyin digər struktur bölmələrinin və mərkəzlərin fəaliyyəti sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini təşkil etmək;

6.1.3.   sənədlərə (layihələrə), o cümlədən beynəlxalq müqavilələrə rəy və təklifləri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

6.1.4.   Agentliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin etmək və ya Agentliyin digər struktur bölmələri və mərkəzlər ilə birlikdə onların hazırlanmasında iştirak etmək;

6.1.5.   Agentliyin elektron informasiya ehtiyatlarında qanunvericilik bazasını formalaşdırmaq, mütəmadi olaraq təkmilləşdirilməsini və yenilənməsini təmin etmək;

6.1.6.   Agentliyin normativ hüquqi aktlarının siyahısını aparmaq, hüquq ədəbiyyatı, şərhlər və dövri hüquqi nəşrlərin toplanması üçün səlahiyyətləri daxilində zəruri tədbirlər görmək;

6.1.7.   Agentliyin digər struktur bölmələrinin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər vermək, arayışlar və rəylər hazırlamaq;

6.1.8.   Agentlikdə və onun fəaliyyətinə aid sahələrdə normativ hüquqi tənzimlənmənin vəziyyətini təhlil etmək, ümumiləşdirmələr aparmaq, bununla əlaqədar təkliflər hazırlamaq;

6.1.9.   məhkəmə proseslərində Agentliyin nümayəndəsi kimi iştirak etmək, hüquqi və qanuni mənafelərini müdafiə etmək, bununla əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apelyasiya, kasasiya və əlavə kasasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;

6.1.10.      fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Agentliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;

6.1.11.      rəhbərlik və əməkdaşlara orqanın fəaliyyət istiqamətləri üzrə qanunvericilik və qanunvericiliyə edilmiş dəyişikliklər, əlavələr barədə məlumat vermək, hüquqi yardım göstərmək, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək, yaranan təlim ehtiyacları ilə bağlı aidiyyəti struktur bölməyə tövsiyələr təqdim etmək;

6.1.12.      hüquqi məsələlərlə bağlı Agentliyi təmsil etmək;

6.1.13.      şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

6.1.14.      şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

7.         Şöbənin fəaliyyətinin təşkili

 

7.1.   Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

7.2.   Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.3.   Şöbə müdiri:

7.3.1.   Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

7.3.2.   tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

7.3.3.   Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Kollegiya iclaslarında iştirak edir;

7.3.4.   Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir; 

7.3.5.   Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən və mərkəzlərdən zəruri məlumat və sənədləri alır;

7.3.6.   Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

7.3.7.   Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir;

7.3.8.   Agentliyin sədrinin tapşırığı ilə digər dövlət orqanlarında və məhkəmələrdə Agentliyin nümayəndəsi kimi iştirak edir.

7.4.   Şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı şöbə müdirinin təqdimatı əsasında Agentliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir.

7.5.   Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən eyni zamanda Daxili hüquqi tənzimləmə sektoruna rəhbərlik edən müavini vardır.

7.6.   Şöbə müdirinin müavini - sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.7.   Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini - sektor müdiri həyata keçirir.

7.8.   Şöbənin Hüquqi aktların ekspertizası sektoruna Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.

7.9.   Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

7.10.        Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

7.11.        Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.