Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ.Kərimovun 4 oktyabr 2013-cü il tarixli 9/14-05 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Maliyyə və təminat şöbəsi haqqında

ƏSASNAMƏ

 

1.      Ümumi müddəalar

 

1.1.   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) Maliyyə və təminat şöbəsi (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra - Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılan Agentliyin Aparatının struktur bölməsidir.

1.2.   Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentliyin Əsasnaməsini, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3.   Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyindəki qurumlarla əlaqəli həyata keçirir.

1.4.   Şöbənin tərkibində Maliyyə - nəzarət sektoru, Təminat sektoru və Uçot sektoru fəaliyyət göstərir.

 

2.      Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.       Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1.    Agentliyin aparatının və “ASAN xidmət” mərkəzlərinin (bundan sonra – mərkəzlər) işçilərinin əmək haqlarının, mükafatlarının, ezamiyyə xərclərinin hesablanması və ödənilməsini təmin edir;

2.1.2.     bank və xəzinə hesabı üzrə əməliyyatları həyata keçirir;

2.1.3.     Agentliyin təchizat xidmətini yerinə yetirir;

2.1.4.     Agentliyin və mərkəzlərin əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparır;

2.1.5.     qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibat hesabatlarının verilməsini təmin edir;

2.1.6.     qanunvericiliklə müəyyən edilmiş qaydada inventarizasiyanın aparılmasını təmin edir;

2.1.7.          Agentliyin və mərkəzlərin balansında olan əmlakın mövcud vəziyyətinə nəzarət edir;

2.1.8.          qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibatlıqla bağlı arxiv sənədlərinin saxlanılması işini təşkil edir.

 

3.      Şöbənin vəzifələri

 

3.1.       Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.1.1.     şəxslərin qəbulunu həyata keçirmək, vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq;

3.1.2.      dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;

3.1.3.      Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.4.      Agentliyin sədri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

4.      Şöbənin hüquqları

 

4.1.       Şöbənin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

4.1.1.      Agentliyin keçirəcəyi investisiya proqramlarının və digər layihələrin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə əlaqədar təkliflər vermək, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada müsabiqə və tenderlər təşkil etmək;

4.1.2.      Agentliyin əməkdaşlarından istifadələrində olan ofis mebeli və texnikasının istifadə qaydalarına riayət edilməsini tələb etmək;

4.1.3.      vəzifələrinin yerinə yetirilməsi üçün lazımi informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı müəyyən edilmiş qaydada sorğuların verilməsini təklif etmək;

4.1.4.      fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

4.1.5.      Agentliyin sədrinin tapşırığı ilə dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;

4.1.6.      Agentliyin, şöbənin və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.7.      fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.      Maliyyə - nəzarət sektorunun funksiyaları

 

5.1.       Sektor fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

5.1.1.     Agentliyin aparatının və tabeliyində olan qurumların xərclər smetasını tərtib etmək və təsdiq edilməsi üçün Agentliyin sədrinə təqdim etmək;

5.1.2.     növbəti büdcə ili üzrə Agentliyin büdcə və investisiya layihəsini hazırlamaq;

5.1.3.    vəsaitlərin xərclər smetasına uyğun olaraq sərf edilməsini təmin etmək;

5.1.4.     Agentlik və tabeliyində olan qurumların maliyyə - təminat fəaliyyətinin təhlilini aparmaq, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək;

5.1.5.     Agentliyin aparatına və Agentliyin tabeliyində olan qurumlara daxil olan maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks etdirilməsinə nəzarət etmək;

5.1.6.     Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar, mərkəzlərdə göstərilən xidmətlərə görə daxil olan vəsait və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, xərclərin icrasına dair məlumatları yoxlayaraq ümumiləşdirmək və dövri hesabatları hazırlamaq;

5.1.7.     büdcədənkənar vəsaitlərin formalaşdırılması, istifadəsi və uçotuna nəzarəti təmin etmək;

5.1.8.     satınalmaların həyata keçirilməsini təmin etmək;

5.1.9.     şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

5.1.10. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

6.      Uçot sektorunun funksiyaları

 

6.1.       Sektor fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

6.1.1.     Agentliyin mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsini təmin etmək;

6.1.2.     Agentliyin aparatının və tabeliyindəki qurumların işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və digər ödənişlərin və xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi, Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə pul vəsaitinin banklardan və digər kredit təşkilatlarından almaq və təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirləri görmək;

6.1.3.     bank əməliyyatlarında hesablara müxabirləşmə verilməsi, bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi üçün zəruri tədbirləri görmək;

6.1.4.     mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyinin qorunmasını təmin etmək;

6.1.5.     əsas vəsaitlərin, azqiymətli tez köhnələn əşyaların, qeyri-maddi aktivlərin mədaxili və hərəkətinin uçotunu aparmaq;

6.1.6.     Agentliyin işçilərinin müraciətləri əsasında onlara arayışlar vermək;

6.1.7.     şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

6.1.8.     şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

7.      Təminat sektorunun funksiyaları

 

7.1.       Sektor fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

7.1.1.     Agentliyin aparatının və tabeliyində olan qurumların əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparmaq;

7.1.2.     Agentlik üzrə inventar və avadanlıqların alınması üçün ehtiyacları müəyyən etmək;

7.1.3.     struktur bölmələrinin tələbnamələrinə əsasən maddi-texniki ləvazimatlarla təmin etmək;

7.1.4.    Agentlikdə inventarizasiya aparılmasını, Agentliyin balansında olan əmlakın (qiymətlilərin) qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini təşkil etmək;

7.1.5.     Agentlikdə inventarların saz saxlanmasına və təmizlik işlərinin aparılmasına nəzarəti həyata keçirmək;

7.1.6.     şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

7.1.7.     şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

8.      Şöbənin fəaliyyətinin təşkili

 

8.1.       Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

8.2.       Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

8.3.       Şöbə müdiri:

8.3.1.     Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

8.3.2.     tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

8.3.3.     Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir;

8.3.4.     Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir; 

8.3.5.     Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən və mərkəzlərdən zəruri məlumat və sənədləri alır;

8.3.6.     Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

8.3.7.     Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.

8.4.       Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən eyni zamanda Maliyyə - nəzarət sektoruna rəhbərlik edən müavini vardır.

8.5.       Şöbə müdirinin müavini - sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

8.6.      Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini - sektor müdiri həyata keçirir.

8.7.      Şöbənin Uçot və Təminat sektorlarına Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

8.8.      Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

8.9.      Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

8.10.  Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.