Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ.Kərimovun “29” dekabr 2014-cü il tarixli 9.1.9/E-05 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsi haqqında

ƏSASNAMƏ

 

1.   Ümumi müddəalar

 

1.1.   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) Nəzarət və qiymətləndirmə şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra – Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılan Agentliyin Aparatının struktur bölməsidir.

1.2.   Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentlik haqqında Əsasnaməni, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3.   Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyində olan qurumlarla əlaqəli həyata keçirir.

1.4.   Şöbənin tərkibində Nəzarət sektoru və Qiymətləndirmə sektoru fəaliyyət göstərir.

 

2.      Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.   Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1.     “ASAN xidmət” mərkəzlərində (bundan sonra - mərkəzlər) fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;

2.1.2.     mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təşkilini və ümumi nəzarəti həyata keçirir;

2.1.3.     mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələrin aparılmasını təmin edir.

 

  1. Şöbənin vəzifələri

 

3.1.   Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.1.1.      şəxslərin qəbulunu həyata keçirmək, şəxslərdən və təşkilatlardan daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq;

3.1.2.      mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, etik təlimlərə cəlb edilməsinin zəruriliyi haqqında təkliflər hazırlamaq;

3.1.3.    mərkəzlərdə xidmətlərin göstərilməsi zamanı baş vermiş pozuntu halları ilə bağlı xidməti araşdırma aparmaq;

3.1.3-1. dövlət xidmətlərinin Elektron Reyestrinə daxil edilən xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində, habelə qiymətləndirmə zamanı bilavasitə yerində baxışın və rəy sorğularının keçirilməsində iştirak etmək;

3.1.4.     dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;

3.1.5.     Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.6.     Agentliyin sədri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

4.      Şöbənin hüquqları

 

4.1.   Şöbənin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

4.1.1.     bu Əsasnamə ilə həvalə olunmuş vəzifələrin icrası ilə əlaqədar mərkəzlərdə müşahidə, monitorinq aparmaq və nəzarəti həyata keçirmək;

4.1.2.     mərkəzlərdə xidmətlərin göstərilməsi zamanı baş vermiş pozuntu hallarının obyektiv, hərtərəfli araşdırılması üçün zəruri olan məlumatlar (sənədlər) barədə sorğular vermək və belə məlumatları (sənədləri) almaq, yazılı izahat almaq, sənədlərlə tanış olmaq;

4.1.3.     xidmət mərkəzlərinə edilmiş müraciətlərin və göstərilmiş xidmətlərin sayına dair hazırlanmış gündəlik statistik hesabatları almaq;

4.1.4.      mərkəzlərdə xidmətin təşkili ilə əlaqədar tədbirlər görmək, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq orqanlara göndəriləcək icrası məcburi tövsiyələr ilə bağlı təkliflər vermək, bu istiqamətdə müvafiq məktubları hazırlamaq;

4.1.5.     mərkəzlərdə göstərilən xidmətlərdən istifadə etmiş şəxslərin məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə sorğuların keçirilməsinə nəzarət etmək;

4.1.6.     sorğuların təhlili zamanı aşkar edilmiş şikayətlərlə bağlı araşdırma aparmaq;

4.1.7.    mərkəzlərdə göstərilən xidmətlərlə bağlı korrupsiya hüquqpozmaları ilə əlaqədar daxil olmuş müraciətlərin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti məlumatları və sənədləri tələb etmək;

4.1.8.         mərkəzlərdə aparılmış qiymətləndirmələrin nəticələrinə dair məlumatları tələb etmək;

4.1.9.         fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.1.10.      vəzifələrinin yerinə yetirilməsi üçün lazımi informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı sorğuların verilməsini təklif etmək;

4.1.11.      fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

4.1.12.      Agentliyin, şöbənin və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.13.      fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.      Nəzarət sektorunun funksiyaları

 

5.1.   Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

5.1.1.    mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında və qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə nəzarət etmək və öz səlahiyyətləri daxilində tədbirlər görmək;

5.1.2.     mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;

5.1.3.      mərkəzlərdə fəaliyyətin təşkilinə və davranış qaydalarına əməl olunmasına ümumi nəzarəti həyata keçirmək;

5.1.4.      mərkəzlərdə göstərilən xidmətlərlə bağlı korrupsiya hüquqpozmaları haqqında müraciət daxil olduqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həmin müraciətlərə baxılmasını təmin etmək;

5.1.5.     mərkəzlərdə göstərilən xidmətlərlə bağlı şəxslərdən şikayət daxil olduqda, şöbənin əməkdaşları tərəfindən pozuntular aşkar edildikdə, aidiyyəti qaydada digər struktur bölmələr tərəfindən məlumat daxil olduqda və ya mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə əsaslı şübhələr yarandıqda araşdırma aparmaq, nəticələrini müvafiq qaydada rəsmiləşdirmək və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə yerində nəzarət etmək;

5.1.6.      mərkəzlərdə şəxslərin hüquq və qanuni mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görmək və onların hüquq və qanuni mənafelərinin qorunmasına nəzarəti həyata keçirmək;

5.1.7.     şəxslərin müəyyən olunmuş qaydalara və prinsiplərə uyğun qəbulunun və yönləndirilməsinin həyata keçirilməsinə nəzarət etmək;

5.1.8.     mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl edilməsinə nəzarəti təşkil etmək və bu sahədə yaranan problemlərin həlli istiqamətində tədbirlər görmək;

5.1.9.     mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında və qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə dair aparılmış nəzarətin nəticələrinə dair ümumiləşdirmə aparmaq, hesabatlar hazırlamaq və görüləcək tədbirlər barədə təkliflərini təqdim etmək;

5.1.10. mərkəzlərdə göstərilən xidmətlərdən istifadə etmiş şəxslərin məmnunluq səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış sorğuların təhlili zamanı aşkar edilmiş şikayətlərlə bağlı müvafiq araşdırmalar aparmaq;

5.1.11.həvəsləndirmə və intizam tənbeh tədbirlərinin tətbiq olunması zəruri olan dövlət orqanları əməkdaşları ilə bağlı təkliflərini vermək;

5.1.12. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

5.1.13. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

6.   Qiymətləndirmə sektorunun funksiyaları

 

6.1.   Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

6.1.1.      qiymətləndirmənin qanunvericiliyə uyğun olaraq, vaxtında, obyektiv və qərəzsiz aparılmasının təmin edilməsi üçün müvafiq tədbirlər görmək;

6.1.2.      mərkəzlərdə göstərilən xidmətlərin qanunvericiliyə uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasını təşkil etmək, aparılmış qiymətləndirmələrin nəticələrini ümumiləşdirmək və təhlilini aparmaq;

6.1.3.      mərkəzlərdə xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin edilməsi səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə aparılmış qiymətləndirmələrin ümumiləşdirilməsini və təhlilini həyata keçirmək;

6.1.4.     mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları tərəfindən operativlik, şəffaflıq, nəzakət, məsuliyyət və rahatlıq prinsiplərinə əməl olunması səviyyəsini müəyyən etmək;

6.1.5.      həvəsləndirmə və intizam tənbeh tədbirlərinin tətbiq olunması zəruri olan dövlət orqanları əməkdaşları ilə bağlı təkliflərini vermək;

6.1.6.      xidmətlərin gələcək inkişaf perspektivlərini müəyyən etmək;

6.1.7.      mərkəzlərdə göstərilən xidmətlərdən istifadə etmiş şəxslərin məmnunluq səviyyəsinin müəyyən edilməsi məqsədilə xidmətin keyfiyyətinin qiymətləndirilməsinə dair sorğuların təşkilini həyata keçirmək və sorğuların nəticələri barədə hesabat hazırlamaq;

6.1.8.     əlverişli iş şəraiti yaratmaq və onun effektivliyini artırmaq məqsədi ilə mərkəzlərə cəlb edilmiş dövlət orqanlarının əməkdaşlarının əmək fəaliyyətinə təsir göstərən təşkilati faktorların öyrənilməsi üçün araşdırmalar aparmaq;

6.1.9.      qiymətləndirmənin nəticələri barədə müvafiq ümumiləşdirmə aparmaq, hesabatlar hazırlamaq və təkliflər vermək;

6.1.10. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

6.1.11. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

7.   Şöbənin fəaliyyətinin təşkili

 

7.1.   Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

7.2.   Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.3.   Şöbə müdiri:

7.3.1.      şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

7.3.2.      tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

7.3.3.      şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Kollegiya iclaslarında iştirak edir;

7.3.4.      şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

7.3.5.      şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən və mərkəzlərdən zəruri məlumat və sənədləri alır;

7.3.6.      şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

7.3.7.      şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.

7.4.   Şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı şöbə müdirinin təqdimatı əsasında Agentliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir.

7.5.   Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən eyni zamanda Nəzarət sektoruna rəhbərlik edən müavini vardır.

7.6.   Şöbə müdirinin müavini - sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.7.   Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini - sektor müdiri həyata keçirir.

7.8.   Şöbənin Qiymətləndirmə sektoruna Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.

7.9.   Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

7.10.   Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

7.11.   Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.