Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ.Kərimovun “29” dekabr 2014-cü il tarixli 9.1.9/E-05 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsi haqqında

ƏSASNAMƏ

 

1.     Ümumi müddəalar

 

1.1.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalarüzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra – Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılan Agentliyin Aparatının struktur bölməsidir.

1.2.  Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentlik haqqında Əsasnaməni, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3.  Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyində olan qurumlarla əlaqəli həyata keçirir.

1.4.  Şöbənin tərkibində Strateji araşdırmalar sektoru və Sosial innovasiyalar və elektron xidmətlərin təkmilləşdirilməsi sektoru fəaliyyət göstərir.

 

2.     Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.  Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1.    dövlət xidmətlərinin həyata keçirilməsində sosial innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparır;

2.1.2.    dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirir;

2.1.3.    dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin əlaqəli olduğu informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyası ilə bağlı təkliflər hazırlayır;

2.1.4.    Agentliyin fəaliyyət istiqamətləri üzrə strateji araşdırma, təhlil və planlaşdırma işlərini aparır;

2.1.5.    Agentliyin fəaliyyət istiqamətləri üzrə statistik təhlillər aparır və hesabatlar hazırlayır.

 

3.     Şöbənin vəzifələri

 

3.1.  Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.1.1.    elektron xidmətlərin təşkili sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

3.1.2.    dövlət xidmətlərinin həyata keçirilməsində müasir və intellektual sistemlərin tətbiqi ilə bağlı təkliflər vermək;

3.1.2-1. dövlət xidmətlərinin Elektron Reyestrinin formalaşdırılması, aparılması və təkmilləşdirilməsində iştirak etmək;

3.1.2-2. dövlət xidmətlərinin Elektron Reyestrinə daxil edilən xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində, habelə qiymətləndirmə zamanı bilavasitə yerində baxışın və rəy sorğularının keçirilməsində iştirak etmək;

3.1.3.    şəxslərin qəbulunu həyata keçirmək, vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq;

3.1.4.    dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;

3.1.5.    Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi və müasir innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparmaq, layihələr hazırlamaq və təkliflər vermək;

3.1.6.    Agentliyin strateji planının layihəsini hazırlamaq;

3.1.7.    Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.8.    Agentliyin sədri tərəfindən şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

4.     Şöbənin hüquqları

 

4.1.  Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1.    dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı həmin orqanların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;

4.1.2.    elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı Agentliyin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etdiyi layihələrin hazırlanmasında və icrasında iştirak etmək;

4.1.3.    dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət orqanlarına təkliflər hazırlamaq;

4.1.3-1. elektron informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi ilə bağlı Agentliyin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etdiyi layihələrin hazırlanmasında və icrasında iştirak etmək, görülən işlər barədə arayışlar, hesabatlar almaq, sorğular verilməsini təklif etmək;

4.1.4.    vəzifələrinin yerinə yetirilməsi üçün lazımi məlumatların (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı sorğuların verilməsini təklif etmək;

4.1.5.    elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət orqanlarının təkliflərini toplamaq, onları təhlil etmək və rəylər hazırlanmasında iştirak etmək;

4.1.6.    Agentliyin fəaliyyət istiqamətləri üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

4.1.7.    vəzifələrinin icrası zamanı dövlət orqanlarından elektron xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə daxil olan məlumatların və yerində keçirilən baxışların nəticələri haqqında rəhbərliyə hesabatlar, arayışlar təqdim etmək;

4.1.8.    fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.1.9.    fəaliyyət istiqamətləri üzrə Agentliyin keçirdiyi təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumlarda iştirak etmək, habelə buraxılan xüsusi bülletenlərə və digər nəşrlərin hazırlanmasında iştirak etmək;

4.1.10.     Agentliyin sədrinin tapşırığına əsasən dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;

4.1.11.     fəaliyyət istiqamətləri üzrə normativ və təşkilati-sərəncamverici sənədlərin ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

4.1.12.     fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.     Strateji araşdırmalar sektorunun funksiyaları

 

5.1.  Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

5.1.1.    Agentliyin və tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı qabaqcıl təcrübəni nəzərə almaqla strateji planlar hazırlamaq və müvafiq tədbirlərin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

5.1.2.    Agentliyin və “ASAN xidmət” mərkəzlərinin (bundan sonra – mərkəzlər) fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək, bunlarla bağlı normayaratma fəaliyyətində iştirak etmək;

5.1.3.    dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

5.1.4.    Agentliyin və mərkəzlərin fəaliyyəti ilə bağlı zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və icmallaşdırılmasını həyata keçirmək, hazırlanmış məlumatların rəhbərliyə çatdırılmasını təmin etmək;

5.1.5.    Agentliyin və mərkəzlərin fəaliyyəti ilə bağlı dövri statistik icmalı hazırlamaq, icmalın nəşrinin təşkilində iştirak etmək;

5.1.6.    statistika işinin təşkili və təkmilləşdirilməsi sahəsində təkliflər və metodik göstərişlər hazırlamaq;

5.1.7.    statistik hesabatların düzgün tərtib olunması üçün məlumat təminatçılarına öz səlahiyyətləri daxilində praktiki və metodiki köməklik göstərmək;

5.1.8.    müxtəlif mənbələrdən ideya və təkliflərin mütəmadi toplanılması prosesini təşkil etmək, toplanmış məlumatları təhlil etmək və arayışlar hazırlamaq;

5.1.9.    fəaliyyət istiqamətləri üzrə ölkədaxili və beynəlxalq təcrübəni öyrənib ümumiləşdirmək və strateji layihələrdə nəzərə almaq, tətbiqi ilə bağlı təkliflər hazırlamaq;

5.1.10.     şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

5.1.11.     şöbə müdiri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

6.     Sosial innovasiyalarvə elektron xidmətlərin təkmilləşdirilməsi sektorunun funksiyaları

 

6.1.  Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

6.1.1.    dövlət xidmətlərinin həyata keçirilməsində sosial innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparmaq, bu sahədə siyasətin prioritet istiqamətlərini müəyyən etmək və müvafiq təkliflər hazırlamaq;

6.1.2.    dövlət orqanlarının onların informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədi ilə yaradılmış infrastruktura qoşulmaları üçün təkliflər hazırlamaq;

6.1.3.    elektron xidmətlər, informasiya sistemləri və ehtiyatları ilə bağlı zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparılması üçün təkliflər hazırlamaq;

6.1.4.    dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılmasında və nəticəsi barədə arayışların, hesabatların hazırlanmasında iştirak etmək;

6.1.5.    informasiya sistemləri, məlumat bazaları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə, onların səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə veriləcək rəylərin hazırlanmasında iştirak etmək;

6.1.6.    dövlət orqanlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək aidiyyəti dövlət orqanlarına göndəriləcək təkliflərdə nəzərə almaq;

6.1.7.    dövlət xidmətlərinin göstərilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı rəhbərliyə müvafiq təkliflər vermək;

6.1.8.    Agentliyin və mərkəzlərin fəaliyyətinin sosial yönümdə təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

6.1.9.    Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif sosial layihələr hazırlamaq və bu layihələrin icrasını təmin etmək;

6.1.10.     elektron xidmətlərin həyata keçirilməsilə bağlı dövlət orqanlarına əməli və metodiki köməklik göstərmək;

6.1.11.     sosial innovasiyalar və e-xidmətlər sahəsində elmi-praktiki konfransları, dəyirmi masaları və digər tədbirləri təşkil etmək;

6.1.12.     Agentlik daxilində innovasiya proseslərinin vahid məlumat bazasının yaradılmasını və bu proseslərin idarə olunmasını təmin etmək;

6.1.13.     innovasiyalar sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı təkliflər vermək;

6.1.14.     innovasiyalara dair Agentliyin xüsusi nəşrlərinin hazırlanması və dərc olunması ilə bağlı təkliflər vermək;

6.1.15.     şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

6.1.16.     şöbə müdiri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

7.     Şöbənin fəaliyyətinin təşkili

 

7.1.  Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

7.2.  Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.3.  Şöbə müdiri:

7.3.1.    Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

7.3.2.    tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

7.3.3.    Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Kollegiya iclaslarında iştirak edir;

7.3.4.    Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

7.3.5.    Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən və mərkəzlərdən zəruri məlumat və sənədləri alır;

7.3.6.    Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

7.3.7.    Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.

7.3.8.    Şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı şöbə müdirinin təqdimatı əsasında Agentliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir.

7.3.9.    Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən eyni zamanda Strateji araşdırmalar sektoruna rəhbərlik edən müavini vardır.

7.3.10.     Şöbə müdirinin müavini - sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

7.3.11.     Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini - sektor müdiri həyata keçirir.

7.3.12.     Şöbənin Sosial innovasiyalar və elektron xidmətlərin təkmilləşdirilməsi sektoruna Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.

7.3.13.     Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

7.3.14.     Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

7.3.15.     Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.