Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin sədri İ.Kərimovun
                                                                             “
04 oktyabr 2013-cü il tarixli  9/14-05 nömrəli
qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
Səyyar xidmətlərin təşkili şöbəsi haqqında
ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) “Səyyar xidmətlərin təşkili” şöbəsi (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə (bundan sonra – Agentliyin Əsasnaməsi) və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Strukturu”na uyğun olaraq yaradılan Agentliyin Aparatının struktur bölməsidir.

1.2.  Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Agentlik haqqında Əsasnaməni, Agentliyin Kollegiya qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3.  Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyində olan qurumlarla əlaqəli həyata keçirir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

 

2.1.  Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında vətəndaş məmnunluğuna nail olunmasını təmin etmək məqsədi ilə səyyar istiqamətdə xidmətləri həyata keçirir;

2.1.2. şəxslərin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən “ASAN xidmət” mərkəzlərində (bundan sonra – mərkəzlər) göstərilən xidmətlərdən istifadəsini təmin edir;

2.1.3. mərkəzlərdə göstərilən xidmətlərin səyyar avtobuslar vasitəsilə həyata keçirilməsini təmin edir.

 

3. Şöbənin vəzifələri

 

3.1.  Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq

əsas vəzifələri aşağıdakılardır:

3.1.1. səyyar xidmətlərin qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, şəffaflıq, operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini təmin etmək;

3.1.2. səyyar avtobuslarda xidmətin göstərilməsi üçün:

3.1.2.1. səyyar avtobuslarda xidmət göstərəcək Agentliyin əməkdaşlarının müəyyən edilməsində iştirak etmək;

3.1.2.2. dayanacaq məntəqələrində xidmət göstəriləcək şəxslərin dairəsini müəyyənləşdirmək;

3.1.2.3. xidmət göstəriləcək şəxslərin yerli icra hakimiyyəti orqanları vasitəsilə xidmət yeri, tarixləri və göstəriləcək xidmətlər haqqında məlumatlandırılmasını təşkil etmək.

3.1.3. səyyar avtobuslarda xidmət göstərən Agentliyin və digər dövlət orqanlarının əməkdaşlarının fəaliyyətini təşkil etmək;

3.1.4. mərkəzlərdə göstərilən xidmətlərin əlavə ödəniş aparılmaqla şəxslərin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq təqvimin bütün günlərində həyata keçirilməsi məqsədi ilə tələb edilən sənədləri və (və ya) xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədləri onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürmək və təhvil vermək;

3.1.5. “Çağrı” mərkəzi, www.asan.gov.az internet saytı və ya şəxslərin birbaşa müraciətləri əsasında səyyar xidmətlərin göstərilməsini təşkil etmək;

3.1.6. səyyar xidmətlərin kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirmək;

3.1.7. fəaliyyətlərini vətəndaşlara xidmət göstərən vahid telefon nömrəsi ilə təchiz edilmiş “Çağrı” mərkəzləri ilə əlaqələndirmək;

3.1.8. şəxslərin qəbulunu həyata keçirmək, şəxslərdən və təşkilatlardan daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq;

3.1.9. Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

3.1.10. Agentliyin sədri tərəfindən Şöbəyə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

4. Şöbənin hüquqları

 

4.1.  Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. səyyar avtobuslarda göstəriləcək xidmətlərin siyahısı ilə bağlı təkliflər vermək;

4.1.2. vəzifələrinin yerinə yetirilməsi üçün lazımi informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı müəyyən edilmiş qaydada sorğuların verilməsini təklif etmək;

4.1.3. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.1.4. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.5. Agentliyin sədrinin tapşırığına əsasən dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;

4.1.6. Agentliyin, Şöbənin və mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.1.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.  Şöbənin fəaliyyətinin təşkili

 

5.1.  Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.

5.2.  Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3.  Şöbə müdiri:

5.3.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.3.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

5.3.3. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir;

5.3.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

5.3.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən və mərkəzlərdən  zəruri məlumat və sənədləri alır;

5.3.6. Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.3.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.

5.4.  Şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı şöbə müdirinin təqdimatı əsasında Agentliyin əlaqədar struktur bölmələri tərəfindən təşkil edilir.

5.5.  Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

5.6.  Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.7.  Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini həyata keçirir.

5.8.  Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

5.9.  Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların  vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.

5.10.  Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.