Ölkədə həyata keçirilən institusional islahatlar nəticəsində yaradılan “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərə yenilik gətirmiş, bu sahədə rahatlığı və şəffaflığı təmin etmişdir.

Müasir texniki avadanlıqla təchiz edilmiş avtobusların regionlara səfərlərinin təşkil edilməsi vətəndaşlara bilavasitə yaşayış yerində operativ və yüksək peşəkarlıqla müxtəlif xidmətlər göstərilməsinə şərait yaratmışdır. Görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8,0 (səkkiz) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2014-cü il.