Press-relizlər

Mərakeş səfiri “ASAN xidmət”də


29 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş arasında görüş keçirilib.
 
Dövlət Agentliyinin sədri Mərakeş tərəfi ilə aparılan uğurlu əməkdaşlığın ölkələrimiz arasında mövcud olan səmərəli əlaqələrə də öz müsbət töhfəsini verdiyini qeyd edib.
 
Görüş zamanı Dövlət Agentliyinin nümayəndə heyətinin cari ilin sentyabr ayında Mərakeş Krallığına həyata keçirdiyi səfərin nəticələri ilə əlaqədar müzakirələr aparılıb.
 
Səfir Mərakeş Krallığında sentyabr ayında parlament seçkilərinin keçirildiyini və yeni hökumətin formalaşdığını vurğulayıb. Dövlət Agentliyi ilə Mərakeşin müvafiq qurumları arasında müxtəlif istiqamətlər üzrə həyata keçirilən əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.
 
Görüş çərçivəsində 2018-ci ilin iyun ayında Dövlət Agentliyi ilə Mərakeş Krallığının müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülən işlərdən məmnunluq ifadə olunub.
“ASAN xidmət”  konsepsiyasının unikal bir model olduğunu qeyd edən Mərakeşli səfir bu təcrübənin Mərakeşdə tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə Dövlət Agentliyi ilə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini qeyd edib.
 
Həmçinin səfir 2019-cu ildə təsis olunmuş “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiyasiya”nın Nizamnamə layihəsinin imzalanması ilə əlaqədar hazırda ölkəsində dövlətdaxili prosedurların davam etdiyini qeyd edib.
Həmçinin Mərakeş Krallığının əl sənətkarlığı sahəsi üzrə fəaliyyət göstərən Nazirliyi ilə Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qeyd olunan istiqamət üzrə Anlaşma Memorandumunun imzalanması prosesinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunub.


Tarix: 01-11-2021 10:11