Agentlik haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Haqqında Ümumi Məlumat

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.

Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin (bundan sonra – mərkəzlər) vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlət Agentliyinin fəaliyyət istiqamətləri:

1.mərkəzlərin vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir;

2.mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir;

3.mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasını təmin edir;

4.mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir;

5.mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları üçün etik kursların təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsini təmin edir;

6.“ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirir, habelə dövlət qurumları tərəfindən xidmətlərin həyata keçirilməsində sosial innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparır;

7.dövlət qurumları tərəfindən göstərilən hər bir xidməti təhlil edərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və elektron xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirir.


 

Dövlət Agentliyi mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməsinə nəzarəti təmin edir.

Dövlət Agentliyi vətəndaşlara xidmət göstərən vahid telefon nömrəsi ilə təchiz edilmiş “Çağrı” mərkəzini yaratmış və onun fəaliyyətini təmin edir.

Dövlət Agentliyi dövlət qurumları tərəfindən həyata keçirilən xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədi ilə aşağıdakıları həyata keçirir:

1.dövlət qurumlarının malik olduqları informasiya sistemləri ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər görmək;

2.elektron xidmətlərin göstərilməsi üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

3.dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;

4.elektron xidmətlərin göstərilməsi üzrə dövlət qurumlarına metodik və əməli köməklik göstərmək;

5.dövlət qurumlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək aidiyyəti dövlət qurumlarına məlumat göndərmək.

“ASAN” xidmət mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsini təmin edən orqanlardır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədləri aşağıdakılardır:

vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması; 
vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması; 
peşəkarlıq səviyyəsinin artırılması; 
dövlət strukturlarına etimadın daha da gücləndirilməsi; 
şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi; 
elektron xidmətlərdən daha geniş istifadə olunması; 
bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması. 
“ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. “ASAN” xidmət mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

“ASAN”xidmət mərkəzlərində vətəndaşlara xidmət göstərəcək dövlət orqanları aşağıdakılardır: 
Ədliyyə Nazirliyi 
Daxili İşlər Nazirliyi 
Vergilər Nazirliyi 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 
İqdisadiyyat Nazirliyi 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 
Əmlak Məsələləri Dövlət Komitəsi 
Dövlət Gömrük Komitəsi 
Dövlət Miqrasiya Xidməti 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 
Milli Arxiv İdarəsi

 

“ASAN xidmət” mərkəzlərində vətəndaşlar yuxarıda qeyd olunmuş dövlət orqanları tərəfindən göstərilən aşağıdakı xidmətlərdən istifadə edə bilərlər:

1.vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı:

1.1.doğumun qeydə alınması;

1.2.ölümün qeydə alınması;

1.3.nikahın qeydə alınması;

1.4.nikahın pozulmasının qeydə alınması;

1.5.övladlığa götürmənin qeydə alınması;

1.6.atalığın müəyyən edilməsinin qeydə alınması;

1.7.adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;

1.8.vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;

2.notariat fəaliyyəti;

3.şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

4.ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

5.sürücülük vəsiqələrinin dəyişdirilməsi;

6.məhkumluq barədə arayışların verilməsi;

6.1.yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;

7.daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:

7.1.mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

7.2.daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

7.3.fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

8.kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;

9.hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;

10.gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;

11.əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi;

11.1.şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;

12.torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

13.əmək pensiyalarının təyin edilməsi;

14.dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi;

15.yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;

16.xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu;

17.taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi;

18.sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi.