Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

Metaverse : Gələcəyə yeni pəncərə


İnsan oğlu yarandığı gündən bəri yaşadığı dünyadan başqa, qeyri-adi, əfsanəvi dünyaların var olduğuna inanmış, onları kəşf etmək, öyrənmək üçün axtarışlar aparmışdır. Qədim insanın dini inanclarında, həyat tərzində özünü büruzə vermişdir bu düşüncələr. Ölümdən sonrakı həyat, axirət dünyasının varlığı, cənnət və cəhənnəmin mövcudluğu məhz bu inancların doğurduğu nümunələrdir. Əbəs yerə deyildi ki, Qədim Misirdə ölən insanla birlikdə onun qulluqçuları, atı, zinət əşyaları da dəfn olunurdu. Elə ölən insan üçün “dünyasını dəyişmək” frazeologiyasının istifadəsi də məhz bununla bağlıdır. Xəyali dünyalarla bağlı həm yunan mifologiyasında, həm şərq inanclarında, həm də Roma əfsanələrində maraqlı nümunələrlə tanış olmaq olar.

3-cü sənaye inqilabına ev sahibliyi edən XX əsrdə texnologiyanın inanılmaz inkişafı ilə bir çox şey dəyişdi. Bu dövrə qədər başqa dünyaların varlığını sübuta yetirməyə çalışan insan artıq öz xəyali dünyasını yaratmaq barədə düşünməyə başladı.

Kompüter texnologiyasının həyatımıza daxil olması ilə xəyali dünyalar virtual dünyalara inteqrasiya olundu. Bəs virtual dünya nədir?

Virtual dünya “0” və “1”-lərdən ibarət kodlar vasitəsilə yaradılan elementlərin təşkil etdiyi bir texnoloji fenomendir. Virtual dünyaların inkişafı ədəbi təxəyyülün və oyun texnologiyalarının inkişafı ilə əlaqədardır. İnkişaf tarixi ötən əsrin 70-ci illərindən başlayan bu fenomen özünü oyun dünyasında daha aydın göstərirdi. Commadore 64 üçün yaradılan Habitat buna əvəzsiz misaldır. Belə ki, bu mühit texnologiya dünyasında ilk kommersiya məqsədi daşıyan yüksəkpofilli virtual dünya texnologiyası və ilk qrafik interfeysli virtual mühit idi. Eyni zamanda bu təşəbbüs 2D- dən 3D-ə keçidin ilk addımları hesab olunurdu.

Qeyd etməliyik ki, virtual dünyaların inkişafında inqilab ötən əsrin 90-cı illərində baş vermişdir. Bu dövrdə məhz rəqəmsal elementlər üzərində qurulan dünyalarla bağlı yeni bir termin ortaya atılmışdır, hansı ki bu gün dünyanın hər yerində onun haqqında danışılır: METAVERSE

NƏDİR BU METAVERSE?

İlk dəfə 1992-ci ildə Neal Stephenson adlı bir yazıçının “Qar uçqunu” (Snow crush) adlı əsərində istifadə olunan bu söz hərfi mənada “dünyadan kənar” kimi tərcümə olunur və dünyanın fövqündə dayanan yepyeni, fərqli, əsrarəngiz bir dünyanı ehtiva edir. Metaverse-ü digər xəyali dünyalardan fərqləndirən şey onun tamamilə rəqəmsal elementlər üzərində qurulmasıdır. Artırılmış və virtual reallığın birgə istifadəsinə əsaslanan bu yeni texnologiya uzun illər fərqli adlarla xatırlandı, lakin motiv dəyişmədi.

Gəlin görək bu illər ərzində rəqəmsal dünyalar ilə bağlı nələr baş verdi.

Rəqəmsal dünyaların ən yaxşı nümunələri ilkin olaraq kompüter oyunlarında təzahür olunurdu .Belə ki, 2003-cü ildə yaradılan “The Second life” platforması insanlara öz avatarlarını yarada biləcəkləri bir texnologiyadan istifadə imkanı verdi. İnsanlar bu texnologiya vasitəsilə platformada təmsil olunan oyunlarda öz avatarları ilə iştirak edə bilirdi. Bu, oyun texnologiyası üçün yeni qapılar açdı. Artıq sorakı mərhələdə bu texnologiya təkcə mövcud oyunları oynamaq üçün deyil, insanlara öz oyun dünyalarını yaratmaları üçün təkmilləşdirildi və sonradan yaradılan Roblox, Fortnite, Minecraft kimi oyun dünyaları artıq meta-dünyaların ilkin real nümunələrinə çevrildilər.

Bəs hamının haqqında danışdığı bu metaverse hansı üstünlüklər qazandıracaq?

Qravitasiya sinqulyarlığı

Metaverse-də zaman və məkan fərqləri tamamilə aradan qalxır. Artıq harda, hansı saat qurşağında olmağınızdan asılı olmayaq metaverse-də səyahət edə biləcəksiniz. Bu, gələcəkdə eyni vaxtda bir neçə yerdə olmağınıza da imkan yaradacaq.

Sərhədsiz xəyal gücünün imkanlarından istifadə

Bir dünya düşünün, hər şeyini sizin qurduğunuz, içində yaşayan canlıları, məkanı, xidmətləri, imkanları sizin xəyal gücünüzlə sərhədlənən bir dünya. Belə bir dünyanı yaratmaq mümkündürmü? Metaverse məhz bu imkanı bizə tanıyır. Fiziki dünyada reallaşdırılması mümkün olmayan xəyalları siz meta-dünya üzərində yarada bilərsiniz.

Əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşması

Fiziki dünyada əlilliyi olan şəxslər bir çox məhdudiyyətlərlə qarşılaşırlar. Bu məhdudiyyətlər hərəkət, danışıq, eşitmə və s. bu kimi hallarla bağlı ola bilir. Metaverse isə elə bir mühitdir ki, burada bəhs etdiyimiz məhdudiyyətlər əhəmiyyətini itirmiş olacaq. Hərəkət məhdudiyyəti olan insan bu dünyada rahatlıqla hərəkət imkanı qazana biləcək.

İnklüziv cəmiyyət

Müasir dünyamızda qlobal səviyyədə nail olunmağa çalışılan hədəflərdən biri inklüziv cəmiyyətə nail olmaqdır. Elə bil cəmiyyət ki, hər bir kəsin bərabər təhsil, azadlıq imkanlarına sahibdir. İnklüzivlik hər kəsin özünəməxsusluğuna görə hörmət edildiyini və qiymətləndirildiyini hiss etdiyi, aidiyyət hissini təşviq edən bir atmosfer yaratmaqla insan fərqlərini qiymətləndirməkdir. İnklüziv mühitdə hər bir insan tanınır və inkişaf etdirilir, onların bacarıqlarından müntəzəm olaraq istifadə olunur. İnklüziv mühitdə insanlar fərqliliklərinə rəğmən deyil, ona görə qiymətləndirilir ki, hər kəs tam şəkildə iştirak edə və inkişaf edə bilsin.

Metaverse sənayenin bir çox istiqamətləri üçün üstünlüklər vəd edir. Xüsusilə, bizneslərin inkişafında yeni dəyərin yaranmasına səbəb olan bu rəqəmsal aləm xidmət sektorunda da yeni qapılar açıb. Bir çox geyim, kostemik məhsul istehsal edən şirkətlər özlərinin metaverse-lərini yaratmağa hazırlaşır.

Metaverse-ün turizm sektorunda da inkişafa səbəb olacağı gözlənilir. Turizm əhəmiyyətli muzey, sərgi, mənzərələrin metaverse versiyasının yaradılması insanlara virtual səyahət imkanı qazandıracaq. 2D formatda mövcud olan bu texnologiyanın 3D istifadəsi insanlara real səyahət zövqü bəxş edəcək. Dünyanın məşhur oyun parkı Disneyland özünün metaverse-də tema-parkını yaradacağını açıqlayıb. Bu, insanlara meta-dünya üzərindən macəra vəd edən bir addım olacaq.

Son 6 ayda metaverse anlayışını daha çox eşitməyə başlamış, dünya nəhənglərinin bu anlayışla bağlı imza atdıqları işlər barədə tez-tez bizi təəccübləndirən xəbərlərlə qaşılaşmışıq. Bəli, son aylarda metaverse bir çox məşhur dünya şirkətinin diqqət mərkəzində olmuşdur.

Ötən aylarda Facebook şirkətinin qurucusu Mark Zuckerberg yeni şirkətin adını açıqladı. Beləliklə, “Meta” şirkəti yaradıldı. Şirkətin ictimaiyyətə təqdimatı da məhz mövzunun xarakterinə uyğun olaraq virtual formatda həyata keçirildi. Təqdimatda M. Zuckerbergi onun rəqəmsal əkizi təmsil edirdi. Belə ki, Metanın yaradılması ilə yeni bir dövrün başlayacağını açıqlayan rəhbər özlərinin Horizon meta-dünyasını yaradacaqlarını bildirdi. Bu dünyada fiziki dünyada mövcud olan hər şeyin əlçatan olacağı şirkət tərəfindən vəd edilir. Qeyd edək ki, əvvəlki adı ilə Facebook meta-dünyalar üzərində işə hələ 2014-cü ildə virtual reallıq eynəkləri istehsal edən Oculus firmasını satın alaraq başlamışdır.

“Meta” yeniliyin nəbzini tutan tək şirkət deyil. Oyun dünyalarının yaradılması ilə tanınan Epic Games şirkətinin qurucusu Tim Sweeney meta-dünya ilə bağlı yeni investisiya planları barədə açıqlama verdi. Bununla yanaşı 3D inkişaf platforması olan Unity Games rəqəmsal əkizlər ilə bağlı, qrafik dizayn şirkəti olan nVIDIA isə Omniverse adlandırdığı bir dünya üzərində işlədiyi ilə bağlı ictimaiyyətə açıqlama verib.

DÜNYA DÖVLƏTLƏRİ METAVERSE-DƏ

Metaverse təkcə bizneslərin marağında deyil. Dünya dövlətləri də bu yeniliyi anlamağa və ona yatırım etməyə maraqlıdır. Meta-dünyalar fikrinə inanan və bu istiqamətdə addım atan ilk dövlətlərdən biri Cənubi Koreyadır. Gəlin görək bu Asiya dövləti indiyədək meta-dünyalar ilə bağlı hansı addımlar atıb.

MetaSeoul

Cənubi Koreya ilk meta-şəhəri yaradacağını elan edib. Belə ki, “Meta Seoul” , Seul şəhərinin rəqəmsal əkizi olacaq, burada insanlar alış-veriş və dövlət xidmətləri də daxil bütün xidmətlərdən istifadə edə biləcəklər. Meta-dünyada ilk şəhərin 2026-cı ildə tam istifadəyə verilməsi gözlənilir.

Metaverse İttifaqı

Cənubi Koreya artırılmış reallıq və virtual reallığı birləşdirən platforma yaratmaq üçün beynəlxalq ittifaq qurub. Bu ittifaq meta-dünyada yarada bilinəcək texnologiyaları və insan davranışlarını öyrənməyə xidmət edir. Bu ittifaq vasitəsilə Cənubi Koreya meta-dünyada insan davranışlarının tənzimlənməsi və hüquqi sistemin qurulması üçün ilk addımları atmış oldu.

Barbados səfirliyi

Meta-dünyada ilk səfirlik Barbados dövləti tərəfindən yaradılır. Karib dənizində bir ada dövləti olan Barbados öz səfirliyini Etherium kriptovalyutasına əsaslanan Decentraland meta-dünyası üzərində yaradacaq. Bu səfirlikdə meta-dünyalar arasında səyahətlər üçün e-vizaların verilməsi nəzərdə tutulur.Eyni zamanda burada vətəndaşlar bir sıra digər sənədləri də əldə edə biləcəklər. Barbados səfirliyinin yaradılması, xüsusilə, incəsənətin, diplomatiyanın inkişafında yeni mərhələ hesab oluna bilər.

 

META-DÜNYANIN SAKİNLƏRI

Yepyeni bir virtual dünyadan bəhs ediriksə, orada yaşayacaq- başqa bir deyimlə simulyasiya ediləcək sakinlər də fərqli olmalıdır. Bəli, meta-dünyaın sakinləri də “0” və “1”-lərdən ibarət olan rəqəmsal modellər- metahumanlar olacaq.

Nədir metahuman?

Metahuman-fiziki dünyada yaşayan insanın rəqəmsal şəxsiyyəti olub onu meta-dünyada təmsil edir. Metahuman iki formada mövcud ola bilər: avatar və rəqəmsal əkiz. İlk avatarların yaradılması 2003-cü ildə Second Life şirkətinin qurulması ilə bağlıdır. Avatarlar bizim virtual aləmdə oxşarımızdır. Biz bir çox təkmil alətlərdə çox qısa zamanda öz avatarımızı yarada bilərik. Rəqəmsal əkiz - əsl metahuman isə istifadəçinin birəbir eynisi olub, onu meta-dünyada təmsil edir. Rəqəmsal əkizləri real görünüşdən fərqləndirmək çətin, hətta bəzi hallarda qeyri-mümkündür. “Unreal Engine” rəqəmsal aləti vasitəsilə hər bir kəs öz rəqəmsal əkizini yarada bilər. Belə ki, bu platforma üzərində 2 milyondan çox fərqli simanın yer aldığı deyilir. Bundan əlavə burada fərqli elementləri birləşdirərək ekvivalenti olmayan bir metahuman yaratmaq mümkündür.

Gəlin görək bugünədək meta-dünyadakı təmsilçilərimiz haqqında hansı faktlar qeydə alınıb?

Metahuman TEDx-da

Doug Roble adlı mühəndis 2019-cu ildə TEDx platformasına öz rəqəmal əkizi ilə birlikdə qatılıb. Çıxışı birlikdə edən bu cütlük arasında əlaqə xüsusi cihazlar ilə mümkün olub. Belə ki, sözü gedən mühəndis uzun sürən araşdırmalar nəticəsində insanın bütün jest və mimikalarını real vaxt ərzində olduğu kimi əks etdirən rəqəmsal əkiz texnologiyası yaratmağa nail olub. Hal-hazırda “Meta” şirkətində fəaliyyət göstərən D.Roble bu istiqamətdə araşdırmalarını davam etdirir.

Metahuman konsert verir

Decentraland meta-dünyasında son zamanlarda ən səs gətirən fəaliyyətlərdən biri konsertlər olub. Beləki 2020-ci ildə Fortnite üzərindən baş tutan Travis Scottun rep konsertindən sonra ötən ilin noyabr ayında dünyaca məşhur müğənnilər Justin Bieber və Ariana Grande Decentraland meta-dünyasında öz konsertlərini verib. Məşhurların avatarları vasitəsilə qatıldqıları konserti. 12 milyondan çox izləyicinin eyni anda izləməsi sosial fəaliyyətlərin təşkilində yenilikçi baxışın tətbiq olunması üçün bir stimul rolunu oynayıb.

Metaverse-də ilk toy

ABŞ-da Dave və Traci Gagnon adlı mühəndis cütlük nikah mərasimini hibrid formatda həyata keçirib. Belə ki, fiziki dünyada baş tutan nikah mərasimi ilə yanaşı öncədən təşkil olunmuş proqrama əsasən cütlüyün avatarları eyni zamanda metaverse-də maraqlı bir şou göstəriblər. Bununla da cütlük tarixə meta-dünyada ilk toy edən şəxslər kimi düşüb.

METAVERSE-Ü GÖZLƏYƏN RİSKLƏR

 

Metaverse haqqında dünyanın gözləntiləri müsbət yöndə olsa da, onun yaradılması ilə birlikdə gündəmə gələn risklər də az deyil. Metaverse texnologiyasında hansı risklər gözlənilir?

Dataların qeyri-dəqiqliyi

Web 3.0 texnologiyalarından istifadə dataların dəqiqlik nisbətini artırsa da, Metaverse-də istifadəçi davranışlarının normativ əsaslarının olmaması burada dataların dəqiqliyini azaldır.

Avatarların identifikliyi

Metaverse üzərində təmsilçimiz olan metahumanların vahidliyinin təmin edilməsi irəliləyən zamanda ən vacib məsələlərdən biri olacaq. Belə ki, siz müxtəlif formatlarda avatarlar hazırlayaraq metaverse mühitində istifadə edə bilirsiniz. Bu isə şəxsiyyətin müəyyən olunması üçün bir sıra çətinliklərə səbəb ola bilər.

Kibergigiyenanın zəifliyi

Kiber hücumlar, kiber bullinq halları təkcə bizim dünyamız üçün deyil, Metaverse üçün də təhlükəlidir. İstifadəçilərin bu kimi hallardan qorunmasını təmin edən mexanizmin hələki mövcud olmaması kibergigiyenanın təmin olunmasını çətinləşdirir.

Tənzimləyici qanunvericiliyin olmaması

Hər bir sistemi nizama salmaq, onun tamlığını təmin etmək üçün müəyyən normalara əməl etmək vacib şərtdir. Metaverse üçün ən ciddi risk oradakı prosesləri tənzimləyəcək bir qanunvericiliyin olmamasıdır. Hal-hazırda bir çox dünya ölkəsi məhz meta-dünyalarda istifadəçi davranışlarını öyrənməyə, bu sistemləri nizamlı istifadə etmək üçün hüquqi tənzimləmələr aparmağa çalışır.

İstehlakçı davranışlarında qeyri-dəqiqlik

Metaverse bizneslərin inkişaf etməsi üçün də yepyeni imkanlar açdı. Artıq Samsung, Wallmart, H&M kimi məşhur markalar bu mühitdə öz nümayəndəliklərini açıblar. Metaverse bizneslərə imtiyazlar qazandırmaqla yanaşı istehlakçı davranışlarında dəyişikliklər səbəbilə onlar üçün bir sıra çətinliklər də yaratdı. Virtual mühitdə real həyatdan daha fərqli davranan istehlakçıların davranışlarını ölçməkdə çətinlik çəkən bizneslər onlara uyğun təkliflər hazırlaya bilmir.

Fiziki sağlamlığın pozulması

Metaverse üzərində fəaliyyətin genişlənməsi insanların sağlamlığı üçün problemlər yarada bilər. Virtual mühitdə uzun müddət vaxt keçirən insanın fiziki fəaliyyətsizliyi bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Digər tərəfdən isə VR alətlərdən istifadə beynin məkan və zaman qavrayışının pozulmasına gətirib çıxarır. Bu riskləri nəzərə alaraq meta-dünyalar üzərində keçirilən vaxtın tənzimlənilməsinə ehtiyac duyulur.

 

Mental risklər

İnsanların sosiallaşması üçün yeni imkanlar vəd edən Metaverse real mühitdə asosiallığa səbəb olacaq. Bu iddia ilə çıxış edən mütəxəssislər virtual dünyalarda uzun müddət zaman keçirən insanlarda depressiya, təşviş pozuntusu, reallığın qavranıla bilməməsi kimi psixoloji problemlərin yaranacağını bildirirlər.

İnternetin gələcəyi hesab edilən Metaverse inkişafda olan bir texnologiyadır. Xəyal gücünün sərhədlərini aşan meta-dünyalar haqqında hər gün yeni texnoloji alətlər tətbiq olunur. Önümüzdəki illərdə bu texnologiya haqqında hələ çox eşidəcəyik.

Tarix: 15-03-2022 17:47