Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Haqqında Ümumi Məlumat
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.
Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin (bundan sonra – mərkəzlər) vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Dövlət Agentliyinin fəaliyyət istiqamətləri:
1.mərkəzlərin vahid şəkildə idarə edilməsini, həmin mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir;
2.mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir;
3.mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanuna uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmələrin aparılmasını təmin edir;
4.mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir;
5.mərkəzlərdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları üçün etik kursların təşkilini, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin keçirilməsini təmin edir;
6.“ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirir, habelə dövlət qurumları tərəfindən xidmətlərin həyata keçirilməsində sosial innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparır.
Dövlət Agentliyi mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməsinə nəzarəti təmin edir.
Dövlət Agentliyi vətəndaşlara xidmət göstərən vahid telefon nömrəsi ilə təchiz edilmiş “Çağrı” mərkəzini yaratmış və onun fəaliyyətini təmin edir.