“ASAN müraciət” informasiya sistemi
“ASAN müraciət” informasiya sistemi haqqında ümumi məlumat
“ASAN müraciət” informasiya sistemi (AMİS) Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli sərəncamına əsasən yaradılmışdır. Sistem ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edir.
İstifadəçi AMİS tərəfindən avtomatik qaydada formalaşdırılan elektron kabinetində şikayətini elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə göndərə, həmin şikayətə baxılması ilə bağlı icraatın gedişatını və baxılmanın nəticəsini mobil tətbiq vasitəsilə izləyə bilər.
Daxil olan müraciət 1 iş günü ərzində sistemin əməkdaşları tərəfindən aid olduğu qurum müəyyən edildikdən sonra AMİS üzərindən həmin qurumun sistemdə yaradılan elektron kabinetində yerləşdirilir. Müraciətdə qeyd edilən məsələlərin həlli bir neçə qurumun səlahiyyətinə aid olduqda müraciət həmin qurumların hamısının AMİS-də yaradılan elektron kabinetində yerləşdirilir. Bu zaman AMİS tərəfindən müraciətin avtomatik qaydada qeydiyyat nömrəsi (təkrarlanmayan) və tarixi müəyyən edilərək bu barədə istifadəçinin şəxsi kabinetinə məlumat, habelə mobil cihazına bildiriş göndərilir. İstifadəçi həmin qeydiyyat nömrəsi əsasında müraciətinə baxılması ilə bağlı icraatın gedişatını izləyə bilər.
Qurumlar AMİS vasitəsilə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə ilə müəyyən edilmiş qaydada baxırlar.
Mobil tətbiqin istifadəsi ilə bağlı təlimatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.