Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-release

Xorvatiya Respublikasının ədliyyə naziri “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur


20 may 2014-cü il tarixində Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının ədliyyə naziri Orsat Milyeniç Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.

Qonağı salamlayan Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirmişdir ki, Azərbaycanın məhsulu və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin insan hüquqlarının təmin olunması sahəsində mütərəqqi addımlardan biri olduğunu  qeyd  edən  qonaq mərkəzlərin təcrübəsinin tətbiqinin faydalı ola biləcəyini vurğulayıb.

Qonaq Azərbaycan və Xorvatiya  arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərin icrasını təmin edən Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini  bildirib. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Date: 19-05-2014 14:47