“ASAN Viza” sistemi vasitəsilə 702 282 viza verilib
15 avqust 2018-ci il tarixində “ASAN Viza”nın hava limanlarında fəaliyyət göstərən bir neçə əməkdaşına xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə sertifikat və hədiyyələr təqdim edilib.
Tədbirdə “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Fariz Cəfərov çıxış edərək fərqlənən əməkdaşların digərləri üçün nümunə olduqlarını qeyd edib, hər kəsə işlərində uğurlar arzulayıb.
Bakı, Gəncə, Qəbələ və Lənkəran beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların rəsmiləşdirilməsi təmin edilir. Hazırda hava limanlarında 83 əməkdaş fəaliyyət göstərir. Əməkdaşlar ökəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan, ingilis, fransız, ispan, alman, türk, hind, ərəb, fars, ibri, urdu, norveç və rus dillərində xidmət göstərirlər.
“ASAN Viza” özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə 15 may 2018-ci il etibarən başlanılıb. Bu günə kimi 566 759-u “ASAN Viza” portalı vasitəsi ilə, 135 523-ü hava limanlarında olmaqla, ümumilikdə 702 282 viza verilib. Müraciətlərin çoxluğuna görə isə ilk beşlikdə olan İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan və Türkiyədir
“ASAN Viza” vasitəsilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Yaponiya vətəndaşlarına, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərində etibarlı rezident vizalarına sahib olanlar üçün birbaşa vizaların verilməsi təmin edilir.
“ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, alman, italyan, ərəb, fars və rus olmaqla - 9 dildə fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçirilir.
Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir.