Türkmənistan səfiri “ASAN xidmət”də
20 avqust 2018-ci il tarixində Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.
Bu günədək 24 milyona yaxın vətəndaşın müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirib.