Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti "ASAN xidmət" mərkəzi ilə tanış olmuşdur


8 aprel 2014-cü il tarixində Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının rəhbəri Gerhard Yaroş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.

Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanın məhsulu və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır. Həmçinin bildirilmişdir ki, “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəni “Azərbaycan modeli” olaraq xüsusi təqdim edilir.

Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 1 420 000-dən çox vətəndaşa xidmət göstərilmişdir. Qonaq insan hüquq və azadlıqlarının təminatı sahəsində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini təqdirəlayiq hal hesab etmiş, təcrübələrin öyrənilməsinin və mübadilə edilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışdır.


Tarix: 08-04-2014 17:43