Növbəti “ABAD” satış mərkəzi “Fairmont Baku”da fəaliyyətə başladı
“ABAD”ın yeni, sayca 9-cu etno-butiki Bakı şəhərində yerləşən beş ulduzlu otellərdən biri olan “Fairmont Baku, Flame Towers”da fəaliyyətə başlayıb.
Satış mərkəzi xarici qonaqların və yerli sakinlərin Azərbaycan mədəniyyəti nümunələrinə olan marağının və tələbatının təmin edilməsi, ailə təsərrüfatları və dekorativ-tətbiqi xalq sənətkarları tərəfindən istehsal edilmiş məhsulların satışına əlavə dəstək göstərilməsi üçün yaradılıb. Burada ABAD-çıların əl işləri, suvenirlər, həmçinin “ABAD”ın dəstək göstərdiyi ailə təsərrüfatlarının qida brendləri satışa çıxarılıb. Bundan başqa, etno-butikdə xüsusi dizaynlı “Azərçay” məhsulları da təqdim olunur.
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.