“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb
8 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmə nəticələrinə dair hesabat tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə ADA Universiteti Dövlət Agentliyi ilə birgə əməkdaşlıq edir və bundan sonra da bu istiqamət üzrə mövcud əməkdaşlıq davam etdiriləcək.
Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli çıxış edərək “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanı barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, ADA Universitetinin mütəxəssisləri ilə birgə beynəlxalq təcrübələr araşdırılıb, qiymətləndirmənin həyata keçirilməsi üçün informasiya kommunikasiya texnologiyalarının da tətbiqini nəzərdə tutan mexanizm formalaşdırılıb.
Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri Rəvan Səmədov “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmə nəticələrinə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, pilot layihə çərçivəsində 30 mərkəzi icra hakimiyyəti orqanının 353 xidməti, Bakı şəhərində fəaliyyət göstərən 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 634 xidmət qiymətləndirilib.
Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibində yaradılmış “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə alt sistemi üzərindən elektron formada həyata keçirilib, sistemin hesabatlılıq modulu vasitəsilə dövlət qurumları üçün arayışlar formalaşdırılıb. Eyni zamanda, “ASAN xidmət indeksi”nin Elektron Reyestrə yerləşdirilməsi təmin edilib və Dövlət Xidmətləri Portalı vasitəsilə ictimaiyyətə açıqlanıb.
Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
Sonda tədbir sual - cavab hissəsi ilə davam etdirilib.