Fransada Azərbaycanın Dostları Assossiasiyasının prezidenti “ASAN xidmət”də
16 noyabr 2018-ci il tarixində Fransada Azərbaycanın Dostları Assossiasiyasının prezidenti Jan-Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 25 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Nümayəndə heyəti, həmçinin “ABAD” publik hüquqi şəxsin və “ASAN Radio”nun fəaliyyəti ilə tanış olub.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.