İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu!
“ASAN Könüllülük” Məktəbinin məzunu olan Elmira Rəhimli 1000-ci ASAN Kadr olub. Belə ki, o, ASAN Kadr vasitəsi ilə ölkənin aparıcı banklarından biri olan Bank Respublikada kredit mütəxəssisi vəzifəsinə işə qəbul olunub.
“ASAN Könüllülük” Məktəbi tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.
Bu məqsədlə yaradılan “ASAN Kadr” karyera mərkəzi fəaliyyət göstərdiyi 4 il ərzində 1000 ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.
Bu günə kimi www.asankadr.az portalı vasitəsi ilə 1099 müəssisə qeydiyyatdan keçib. Bundan başqa, karyera mərkəzi 25-dən çox təlim proqramı, yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Karyera sərgisi və SMM Business Breakfast kimi layihələr həyata keçirib.