Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Kənd təsərrüfatı startaplarına dəstək veriləcək


            8 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın  təqdimat mərasimi keçirilib.

            Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, reallaşdırılan tədbirlər sırasında cari ildə ilk olaraq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı"nın həyata keçirilməsinə başlanılıb,  bu istiqamətdə  5-20 yanvar tarixləri üçün proqrama qəbul elan olunub.

            Eyni zamanda Şəbnəm Məmmədova diqqətə çatdırıb ki, aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsi nəzərdə tutulur.

            “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmlərindən bəhs edib. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı" aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.

            Görüş tərəflər arasında gələcək əməkdaşlıq prespektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr ilə davam etdirilib.

            “INNOLAND” Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. INNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.


Tarix: 08-01-2019 14:43