Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeşdə
31 mart – 5 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığına səfər edib. Səfər Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası və Mərakeşdə “ASAN xidmət” modeli əsasında dövlət və özəl xidmətlər göstərən “one stop shop” mərkəzlərinin təşəkkül tapması prosesi çərçivəsində reallaşdırılıb.
Səfərin məqsədi Mərakeşdə dövlət xidmətlərinin göstərilməsi sahəsində cari vəziyyətin qiymətləndirməsi və ilkin ehtiyacların müəyyən edilməsi olub.
Səfərin ilk günü Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Mohammed Bin Abdelkadar tərəfindən qəbul edilib. Görüşdə Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasındakı əməkdaşlıqdan bəhs olunub və qurumlar arasında 2018-ci il iyun ayında Marakeş şəhərində imzalanmış Anlaşma Memorandumunun implementasiyasının əhəmiyyəti vurğulanıb. Nazir “ASAN xidmət” modelinin Mərakeşdə tətbiqi ilə əlaqədar Dövlət Agentliyinin nümayəndə heyətinin ölkəsinə səfərinə böyük əhəmiyyət verdiklərini qeyd edib, həmçinin müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə iştirak edən BMT İnkişaf Proqramının Mərakeşdəki Rezident Nümayəndəsi Martina Therer Azərbaycanın “ASAN xidmət” modelinin 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatının qalibi olduğunu və müvafiq təcrübənin Mərakeşdə tətbiqinin əhəmiyyətini vurğulayıb. BMT rəsmisi müvafiq təcrübənin nümunəvi cəhətlərini, o cümlədən vətəndaşlar üçün rahat və əlçatanlığını, unikal könüllülük sistemini diqqətə çatdırıb.
Səfər çərçivəsində Dövlət Agentliyinin ekspertləri tərəfindən müxtəlif mövzularda geniş təqdimatlar edilib, Mərakeş ekspertləri ilə müzakirələr aparılıb.
Səfər zamanı ISESCO təşkilatının xarici əlaqələr və əməkdaşlıq bölməsinin rəhbəri Əhməd Səid Uld Bah və Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) Afrika Yerli İdarəetmə Akademiyasnın (ALGA) rəhbəri Nəcat Zarruk ilə də görüşlər keçirilib. Görüşlərdə 2017-ci ilin noyabr və 2018-ci ilin oktyabr ayında Dövlət Agentliyi ilə ISESCO arasında imzalanmış Anlaşma Memorandumu, Birgə Əməkdaşlıq Proqramı və 2018-ci ilin iyun ayında Dövlət Agentliyi ilə UCLG Afrika təşkilatı arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb. Bakıda cari ildə keçiriləcək BMT Dövlət Xidmətləri Forumunda sözügedən təşkilatların birlikdə təşəbbüs etdikləri tədbirin keçirilməsi ilə bağlı substantiv və təşkilati məsələlər üzrə fikir mübadiləsi aparılıb. ISESCO və UCLG Afrika təşkilatlarının nümayəndələri Forum çərçivəsində belə bir fürsətin yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirib, bu tədbiri beynəlxalq səviyyədə müvafiq mövzu üzrə aparılan dialoqa töhfə kimi qiymətləndirdiklərini diqqətə çatdırıblar.