96 məhkəmə orqanı “ASAN ödəniş” sisteminə inteqrasiya edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Fərmanına uyğun olaraq Dövlət Agentliyinin Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində 96 məhkəmə orqanının 21 növ xidməti üzrə ödənişləri “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə “ASAN ödəniş” sisteminə inteqrasiya edilib. Artıq vətəndaşlar məhkəməyə verilən iddia ərizəsi üçün müəyyən edilmiş dövlət rüsumlarını, vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələri üçün rüsumları, iddiaların predmetinə dair 3-cü şəxslərin işə qoşulması - Hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr üzrə rüsumlar və digər bu kimi ən çox edilən ödənişləri heç yerə getmədən, vaxta qənaət edərək kompüter arxasından həyata keçirmək imkanına malikdirlər.
Bakı şəhəri və rayon məhkəmələrinə, inzibati-iqtisadi, ağır cinayətlər, apellyasiya məhkəmələrinə, həmçinin Ali Məhkəməyə müraciətlər zamanı dövlət rüsumlarının ödənilməsinin çoxfunksiyalı “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi istiqamətində işlər müvəffəqiyyətlə başa çatdırılıb.
“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.
Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 219 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 442-dən artıq xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.
Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.