Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Səfir “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur


20 may 2014-cü il tarixində Polşa  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Mixal Labenda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixçəsi, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirmişdir ki, Azərbaycanın məhsulu və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qonağın diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 1 700 000-dən çox vətəndaşa xidmət göstərilib.

Qonaq Azərbaycan və Polşa arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərin icrasını təmin edən Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiyini  bildirib. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Foto: Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri “ASAN xidmət” mərkəzi ilə tanış olmuşdur


Tarix: 19-05-2014 14:48